SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABBAS ZAMANOV – 110

ABBAS ZAMANOV – 110
24-10-2021, 16:16

Abbas Zamanov həm də böyük türkçü idi

 

Onun bir sıra türk xalqıları ilə əlaqə saxlaması Azərbaycan xalqının türk dünyası ilə birliyinə xidmət edirdi

 

Görkəmli alim Abbas Zamanov (1911-1993) Azərbaycan elmi-ictimai fikrində həm də böyük azərbaycançı kimi tanınır. Azərbaycançılıq ideologiyası onun bütün yaradıcılıq və fəaliyyətinin qayəsində idi. Bundan başqa Azərbaycan ictimai-mədəni mühitində böyük ad qoyan görkəmli alim Abbas Zamanov bütün həyatı və fəaliyyəti dövründə Azərbaycan xalqının türk dünyasl ilə əlaqəsi sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Hətta tam qətiyyətlə bu görkəmli alimi o dövr üçün Azərbaycan –türk dünyası əlaqələndirici kimi də adlandırmaq olar. Sovetlər Birliyi kimi qəddar bir rejimdə yaşamasına baxmayaraq böyük alim böyük cəsarətlə Azərbaycan xalqının başqa türk-müsəlman ölkələri ilə əlaqəsinə xidmət göstərirdi.

Abbas müəllim olduqca fəal, yaradıcı bir şəxsiyyət idi. Onun həm ictimai işlərdə, dövlətçilik sahələrində olan xidmətləri, həm də elmi-publisist fəaliyyəti bu barədə konkret söz deməyə imkan verir. Onun “Gənc işçi” qəzetində redaktor müavini işləməsi, “ədəbiyyat” qəzetində məsul katib vəzifələrini icra etməsi və sair Abbas Zamanovun vətəndaş qeyrətinin təzahür olunması meydanı olur.

Abbas Zamanov, sözün əsl mənasında, cəsarətli və qeyrətli alim idi. O, mətanətli bir alim kimi fəaliyyət və yaradıcılığını həm də türk qardaşlığı istiqamətinə yönləndirmişdi. Onun göstərdiyi xidmətlərin nəticəsi idi ki, Sovetlər Birliyinin qoyduğu aşılmaz sərhədlər aşılaraq Türkiyə, Cənubi Azərbaycan və digər türk xalqları ilə əsaslı mənəvi əlaqə yaradılmışdı. Heç bir qorxu sərhədi tanımayan bu görkəmli alim türkçülük istiqamətində mühüm xidmətlər ortaya qoymuşdu. Hətta bu faydalı yolda şəxsi maliyyəsindən sərf etməkdən çəkinməyən alim öz hesabına bir çox zəruri mənbələri türk ölkələrinə göndərirdi. Təkbaşına göstərdiyi fəaliyyət onun dövründə xaricdə yaşayan azərbaycanlı və türklərlə ciddi mənəvi əlaqənin yaranmasına nail olmuş, hətta xüsusi azərbaycan-türk mədəni ocaqlarının fəaliyyətinə də zəmin yaratmışdı. Məhz onun şəxsi təşəbbüskarlığı və maddi təminatı sayəsində xaricdəki bir sıra universitetlərdə yaradılan kitabxanalar elə bu əlaqələrin baş qərargahına çevrilmişdi.

Bu böyük alim Azərbaycan ədəbi fikrinin nümayəndələrini təkcə Azərbaycanda yox, bütün dünya miqyasında tanıdılması və təbliğ edilməsi məqsədinə xidmət göstərirdi. Onun qənaətincə, zəngin və olduqca dəyərli mənəvi sərvətlərə malik olan Azərbaycan xalqının bu nümunələrini xarici ölkələrdə də oxutmaq lazım idi. Dünya xalqları Azərbaycan xalqını təkcə Nizami Gəncəvi irsi ilə deyil, “Kitabi-Dədə Qorqud dastanı”, Xaqani, Füzuli, Nəsimi, Xətayi, Vaqif, Bakıxanov, Mirzə   Cəlil Məmədquluzadə, Hüseyn Cavid və başqa sənətkarları ilə tanınmağa layiqdir. Buna görə də Abbas Zamanov var-qüvvəsilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini müxtəlif dillərə tərcümə etdirir, yayılması və təbliği qayğısına qalırdı. Abbas Zamanov Azərbaycan klassik ədəbiyyatı irsini ərəb əlifbası ilə də çap etdirməyə xüsusi üstünlük verirdi. Özü də bunu belə əsaslandırıdı ki, bu əsərləri “cənubda da oxuya bilsinlər”. Yəni Azərbaycan ədəbiyyatının görkəmli nümunələri başqa dillərə tərcümə olumaq və başqa əlifbalarda nəşr ediməlidir ki, digər ölkələrdə Azərbaycan xalqının mənvi abidələri təbliğ oluna bilsin. Təbrizdəki Tərbiyə kitabxanasına Abbas Zamanovun göndərdiyi kitablar hələ də istifadə olunmaqdadır. Türkiyənin Ərzurum Universitetinin otaqlarından birinin qabağında sərlövhədə “Abbas Zamanov bağış kitablığı” yazılıb. Bu həmin kitablardır ki, Abbas Zamanov sovet ideologiyasının möhkəm qərar tutduğu, tüğyan etdiyi bir zamanda qardaş Türkiyə Respublikasına öz vəsaiti və səyi hesabına kitablar alıb göndərmişdir. Abbas Zamanov həm də elə bir qeyrət sahibi idi ki, xaricdə olan Azərbaycana aid gizli, hətta qadağan olunmuş ədəbi-mədəni nümunələri də tapıb hər necə olursa-olsun, Azərbaycana gətirirdi. Abbas Zamanov sovet dövlətinin qatı düşmən elan etdiyi, adını çəkməyə belə icazə vermədiyi böyük fikir adamı Əli bəy Hüseynzadənin oğlu, Parisdə yaşayan gözəl rəssam Səlim Turanı tapmış, onunla münasibət saxlamış və hətta əsərlərinin bir neçəsini Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə də etmişdi.

Beləliklə, özünəməxsus yaradıcılığı, Azərbaycan, vətən, milli qeyrət məzmunlu mündəricəsi ilə Azərbaycan ədəbiyyatşünaslığında Abbas Zamanov ünvanlı bir qeyrət qalası, cəsarət yolu yaşayır. Ümumiyyətlə, nə qədər zaman, dövr keçsə də, Abbas Zamanovun adı da yaddaşlardan silinməyəcəkdir. Abbas Zamanov kimi qeyrətli adamlarımızın sayəsində milli maraqlarımız qorunmuş, milli yaddaşımız hifz olunmuşdur. Bütün bunlara görə, fikrimizcə, Abbas Zamanov şəxsiyyəti  ədəbiyyatşünaslığımızın qeyrəti kimi dəyərləndirilə bilər. 

 

Ramiz QASIMOV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin əməkdaşı  

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031