SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dağların ətəyinə sığınan qədim yurd yeri -Gömür

Dağların ətəyinə sığınan qədim yurd yeri -Gömür
24-10-2021, 16:00

Sərhəd kəndlərini vətən torpağının başlandığı yer, müqəddəs məkan adlandırırlar. Bu cür bölgələrdə yaşayan qoçaq və mərd insanların doğma yurdlarına olan məhəbbətlərini, hisslərini sözlərlə ifadə etməkdə qələmin də gücü acizdir. Çünki onlar torpağı əkibbecərməklə, özlərinə gün-güzəran qurmaqla yanaşı, həm də yurd yerlərinin ayıq-sayıq keşikçiləridirlər. Və onlar yaxşı bilirlər ki, hər bir qarış torpaq ata-baba əmanətidir. Onu qorumaq da, gələcək nəsillərə ərməğan etmək də onların ən böyük və müqəddəs vəzifəsidir. Şahbuz rayonunun Gömür kənd sakinlərinin də torpaqların hər qarışı üstündə yel kimi əsmələri onların ən böyük vətən sevgisinin göstəricisidir. Bu kəndin sakinləri fədakarlıqları ilə nümunə olublar. Belə ki, 1988-ci ildən başlayaraq ermənilərin xalqımıza qarşı açıq şəkildə başladıqları işğalçılıq müharibəsinin ilk illərində bütün sərhəd kəndlərimiz kimi, Gömür kəndində də yaşamaq çox təhlükəli idi. Lakin gömürlülər məlum hadisələrdən sonra sərhədlərimizi tez-tez pozan erməni quldur dəstələrinin hər an yarada biləcəkləri təhlükələrə əsla əhəmiyyət verməyərək qorxmazlıqlarını göstərdilər. Tarixin ən çətin, ən ağır anlarında dözüm, mübarizlik və əzmkarlıq göstərən kənd sakinlərinin heç biri ata-baba yurdunu tərk etmədi. Ötən illər ərzində kənddə hər cür şəraiti olan fərdi mənzillər tikilib sakinlərin istifadəsinə verildi, evlərinə su xətləri çəkildi. Kəndin elektrik enerjisi və təbii qazla təchizatında da heç bir problem yoxdur. İndi kəndin hər bir sakini fasiləsiz nəql olunan sabit elektrik enerjisindən və təbii qazdan istifadə edir. Bu da əvvəlki illərdən fərqli olaraq onları bir çox məişət problemlərindən azad etməklə yanaşı, kənddə şəhər şəraitinin yaradılması istiqamətində görülən işlərin real nəticəsi kimi də təqdirəlayiqdir. Kəndin quruculuq ünvanları Regionların sosial-iqtisadi inkişafı məqsədilə qəbul olunmuş Dövlət Proqramlarının qarşıya qoyduğu vəzifələrin muxtar respublikamızda məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, bu gün Gömür kəndində müəyyən qədər yeniliklər yaradılıb. Hələ 2005-ci ildə Gömürdə 144 şagird yerlik müasirtipli yeni məktəb binası tikilib istifadəyə verilmiş, ucqar dağ kəndinin müəllim və şagirdlərinə böyük qayğı göstərilmişdir. 2015-ci ildə isə məktəb binasında yenidənqurma işləri aparılmışdır. Həmin il dövlət qurumlarının səmərəli fəaliyyətini təmin etmək üçün burada kənd mərkəzinin istifadəyə verilməsi gömürlülərin gündəlik qarşılaşdıqları problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən biri olmuşdur. Kənd mərkəzində icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, poçt, ATS, polis və baytarlıq məntəqəsi üçün otaqlar ayrılıb. Artıq dövlət qurumları mərkəzləşmiş qaydada fəaliyyət göstərirlər. Bundan başqa, kənd mərkəzində feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılmış, müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Bir vaxt zığı-palçığı dizə çıxan yollara qara örtük salınıb. Kənd sakinlərinin rayon mərkəzinə, eləcə də Naxçıvan şəhərinə rahat gedişgəlişinin təmin edilməsi üçün marşrut ayrılıb. Bu da əhaliyə göstərilən diqqət və qayğının təcəssümüdür. Gömürlülərin məşğuliyyət sahələri Dövlət tərəfindən həyata keçirilən aqrar islahatlar bu kənddə də şirin bəhrələrini verib. Torpaq sahibi olan kəndlilər yaradılan qayğıdan ruhlanır, əkir, biçir, istehsal edir, satır və yaxşı yaşayışı təmin edirlər. Kəndin zəhmət adamları bilirlər ki, torpaqla ülfət bağlayan ac qalmaz. Buna görə də torpağa can yandırır, onu əzirlər ki, əvəzində əzizlənsinlər. 620 nəfərdən ibarət olan kənd əhalisi dolanışıqlarını, əsasən, heyvandarlıq, əkinçilik, arıçılıq, bağçılıq və başqa sahələrdən qazandıqları gəlirlər hesabına təmin edirlər. Həm dövlətin diqqət və qayğısı, həm də kənd sakinlərinin qoçaqlıqları ilə bu sahələr ilbəil inkişaf edir. Kəndin kifayət qədər otlu, sulu sahələri vardır. Ona görə də heyvandarlığın inkişafında bu yerlər çox əlverişli sayılır. Həmin ərazilərdə yaylaq dövrü heyvandarlar mal-qarasını daha gümrah bəsləyir və bol heyvandarlıq məhsulları istehsal edirlər. Kənddəki şəxsi təsərrüfatlarda 1400 xırdabuynuzlu, 2200 iribuynuzlu bəslənilir. Kənddə arıçılıq üçün əlverişli baltutarlar da var. Əkin-biçin yerləri ilə yanaşı, dağı, dərəsi, çəməni gül-çiçək oylağı olan Gömürdə istehsal olunan bal min bir dərdin dərmanıdır. Kənddə 550-dən çox arı ailəsindən götürülən bal rayon əhalisinin tələbatının ödənilməsində xüsusi çəkiyə malikdir. Arıçılıqla yanaşı, inkişaf edən quşçuluqdan da kənd sakinləri yaxşı gəlir əldə edirlər. Hazırda kənddəki şəxsi təsərrüfatlarda 12000-dən çox quş saxlanılır. Kəndin iqlim şəraiti meyvəçilik üçün də əlverişlidir. Ona görə də hər bir kənd sakininin özünəməxsus meyvə bağı var. Ərik, alma, armud, cəviz və başqa meyvə bağlarından hər il tonlarla məhsul istehsal edir, bağ sahələrini ilbəil genişləndirirlər. Bu il də kənd sakinləri bağlara aqrotexniki qaydalar əsasında qulluq göstərməklə bol məhsulun təməlini qoydular. Əkinçilik sahəsində də təcrübəlidir gömürlülər. Rayonun kartofa olan tələbatının, demək olar ki, bir qismi bu kənddə istehsal edilən məhsulla ödənilir. Torpağın dilini yaxşı bilən kənd adamları həyətlərində ən çox kartof yetişdirirlər. Kəndin iqlim şəraiti, münbit torpaqları da buna imkan verir. İstehsal etdikləri hər bir məhsulu xarab olmadan vaxtında bazara çıxaran və münasib qiymətə realizə edən istehsalçıların illik gəlirləri də çoxalır. Bu isə həm onların maddi-marağını artırır, yaşayış səviyyəsini yaxşılaşdırır, həm də bazarlarda qiymətlərin aşağı düşməsinə, bolluğa səbəb olur. Kənd sakinləri sağlam və uzunömürlü olmaları ilə seçilirlər Gömürlülər işgüzarlığı, əməksevərliyi ilə seçildikləri kimi, həm də sağlam və uzunömürlü olmaları ilə seçilirlər. Səbəbini öyrənmək istəyəndə maraqlı cavablar eşitmək olur. Kimisi bu kəndin dağlarının havasını udanın, suyunu içənin, meyvəsini dadanın uzunömürlü olmasını təbii sayır. Kimisi isə uzun ömür sürməyin təməlində zəhmətin dayandığını bildirir. Axı, əbəs yerə demirlər ki, iş insanın cövhəridir. Zəhmətə qatlaşmaq sağlamlığa sahib olmaq deməkdir. Elə bu kəndin sakinləri də zəhmət adamları olduqlarından uzunömürlüdürlər. Kənddə yaşı 75-i haqlayıb ömrün 80-ci baharına üz tutanlar çoxdur. Onlardan biri də ağsaqqal Rəşid Ağayevdir. O, uzunömürlülüyün sirlərindən danışaraq deyir: –Mən çox yaşamağımızın səbəbini çox işləməyimizdə görürəm. Kənd yerində qaldınmı, gərək, mal-heyvanın, toyuq-cücən, əkinbiçin yerin ola. Ona görə də dan yeri ağarandan çöldə-bayırda oluruq, ta ki, günəş dağların ardında batana kimi. Yediyimiz də, əsasən, şor-kərə, qatıq, qaymaq, pendir, bal, təndir çörəyi, bir də əkib-becərdiyimiz yerli bostan məhsullarıdır. Biz kənd adamları ət yeməklərinə deyil, göy-göyərti məhsullarına daha çox meyil göstərərik. Kəndimizdə bitən qazayağı, əvəlik, şıppır, ələyəz, cacıq, baldırğan, çaşır və daha saymaqla bitməyən bitkilər süfrələrimizin ən dadlı yeməkləridir. Ağartı məhsulları da həmişə süfrəmizin şahıdır. Təmiz bulaq sularımız, min bir dərdin məlhəmi olan dərman bitkilərimiz var. Buna görə də biz xəstəlik nədir bilmərik. Bəlkə ona görə çox yaşayırıq. Uzun ömür yaşamaq üçün zəhmət çəkmək, təbii qidalar, xüsusilə ağartı məhsulları qəbul etmək gərəkdir. Biz belə bilirik... Kənd sakinləri razılıq edirlər Deyirlər ki, kənd yerlərinin qonağı olasan və o sakinlərin ürək sözlərini eşitmədən geri dönəsən, deməli, o yurd yeri haqqında doğru- düzgün məlumat almamısan. Axı, bir kənd haqqında məlumatı elə onun sakinlərinin dilindən, söylədiklərindən almaq olar. Kənd sakini Məmmədalı Ağamalıyevin dediklərindən: –Kəndimizin əvvəlki mənzərəsini yada salanda ancaq uçuqsökük məktəb binası, daşlı-kəsəkli məhəllə yolları, yaşayış evlərinin köhnə dam örtüyü nəzərimdə canlanır. Yağış yağan zaman evin su damlayan hissələrinə qab-qacaq qoyardıq. Yollarda da ki, soyuq qış aylarında çox əziyyət çəkirdik. Elektrik nəqli, məlum olduğu kimi, iki saatdan bir verilir, hətta elə olurdu işıq saatlarla yanmırdı. Mavi qazın adını çəkmək isə o vaxt gülünc doğururdu. O soyuqlu, şaxtalı qış aylarını əziyyətlə böyütdüyümüz ağacları kəsib yandıraraq yola verirdik. Sadalamaqla bitməyən çətinliklərdən keçib bu günə çıxmışıq. İndi isə bu ucqar dağ kəndinə həmişə arzusunda olduğumuz yeniliklər gətirilib. Bu, biz gömürlüləri ürəkdən sevindirir. Dövlət qayğısı ilə tikilənlər, qurulanlar, yeniliyin tətbiq olunması kəndimizin xoş günlərinin əsasını qoymaqla yanaşı, kənd sakinlərini də torpağa daha sıx tellərlə bağlayıb. Görülən işlər gənclərin öz yurd yerlərinə olan sevgisini artırır. Əvvəlki illərdən fərqli olaraq gənc - lərimiz elə buradaca yurd-yuva salır, ev-eşik qururlar. İndi kənd - linin iş yeri var. Bu, onun sahib olduğu torpaqdır. Dövlət dəstəyi ilə əkilən, becərilən torpaqlardan, salınan bağlardan istehsal olunan məhsullar vaxtında bazarlara çıxarılır, satışı təşkil olunur. Nəticədə, maddi durumu yüksələn kəndlinin daha çox məhsul istehsal etməyə marağı da artır. Məmmədalı babanın ömür-gün yoldaşı Ölkə Ağamalıyeva isə bildirdi ki, bu kənddə ailə qanunları, ədəb-ərkan qaydaları indi də qorunur. Milli dəyərlər, el sənətkarlığı böyük həvəslə təbliğ olunur. Gömürdə hər bir mərasim milli dəyərlərə söykənir. Mənəvi gözəlliklər ön planda olur. Bunun şahidi olmaq üçün bircə dəfə kəndin ya toy, ya hüzr mərasimində olmaq kifayətdir. Belə bir yurd yerinə dövlət qayğısının göstərilməsi, yeniliklərin göz oxşaması insanlarda yurd sevgisini, torpağa məhəbbəti artırır... Xoş təəssüratla daha bir yurd yerindən ayrılmağın məqamı gəlib yetişdi. Bu kənd və onun sakinləri haqqında saatlarla danışmaq olar. Amma düşünürəm ki, kənd sakinlərinin dedikləri və şahidi olduqlarım Gömür və gömürlülər haqqında kifayət qədər təəssürat yaratdı.

Turanə

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031