SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hər bir xalqın zəngin mədəniyyəti onun milli-mənəvi sərvətidir

Hər bir xalqın zəngin mədəniyyəti onun milli-mənəvi sərvətidir
24-10-2021, 14:00

Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında da mədəniyyət sahəsinin, milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bunun nəticəsidir ki, muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunub. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib. Muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür, yaradıcı kollektivlərin xarici ölkələrə qastrol səfərləri təşkil edilir. Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə edib. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı yaşayış məntəqələrindən biri də Şahbuz rayonudur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti Şahbuz rayonunda tarixən mədəniyyətin inkişafına səbəb olub. Son illər rayonda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə edib və bunun nəticəsində mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar yaranıb. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyevlə söhbətimiz zamanı qeyd etdi ki, rayonda 1 Mədəniyyət Sarayı, 1 Şəhər Mədəniyyət Evi, 13 kənd Mədəniyyət Evi, 1 Qəsəbə Mədəniyyət Evi, 1 Şəhər Klubu, 8 Kənd klubu, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun tabeliyində 1 Mərkəzi Kitabxana, 1 Uşaq Kitabxanası, Ahıllar Evi Kitabxana Filialı və yerlərdə 22 kitabxana filialı, xalq şairi Məmməd Arazın Ev-Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, 2 Uşaq Musiqi məktəbi, Mədəniyyət Sarayının nəzdində 1 xalq teatrı və 1 kinoteatr fəaliyyət göstərir. 2019-cu il 30 yanvarda istifadəyə verilən Şahbuz Rayon Mədəniyyət Sarayı üçün yeni bina da mədəniyyətə göstərilən böyük qayğının bariz nümunəsidir. Mədəniyyət Sarayının birinci mərtəbəsində proyektorla təmin edilmiş 224 yer - lik zal, dekorasiya otağı, 4 qrim otağı, paltarsaxlama, texniki işçilər üçün otaqlar yerləşir. İkinci mərtəbədə Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayının və Xalq teatrı üçün iş, məşq və idarəetmə otaqları vardır. Burada dram, yallı, bədii qiraət və toxuculuq dərnəkləri, Şahbuz rayonunun mədəni-kütləvi tədbirlərində uğurlu çıxışları ilə tanınan “Batabat” instrumental ansamblı vardır. Hazırda rayonun mədəniyyət müəssisələrində 4 dram dərnəyi, 7 yallı və folklor qrupları fəaliyyət göstərir. Yaradılan şəraitdən maksimum yararlanan kollektivlər ölkəmizin mədəni inkişafına öz töhfələrini verməyə çalışırlar. Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Bu il Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilib istifadəyə verilməsi də bu tədbirlərin davamıdır. Müsahibim qeyd etdi ki, musiqi mədəniyyətinin inkişafının tələb olunan səviyyədə təmin edilməsində istedadlı kadrların yetişdirilməsi ən vacib məsələlərdəndir. Musiqi sahəsində ilkin addımlar sonradan professional sənətin bünövrəsinə çevrilir. Rayonumuzda müasir standartlara cavab verən, maddi- texniki baza ilə təmin olunaraq gənc musiqiçilərin istifadəsinə verilən uşaq musiqi məktəbləri muxtar respublikanın nümunəvi məktəbləri sırasındadır. “Uşaq musiqi məktəblərinin, məktəbdənkənar müəssisələrin istifadəyə verilməsində məqsəd ondan ibarətdir ki, gənclərimizin asudə vaxtları düzgün təşkil olunsun. Bizim milli musiqimiz öyrədilsin, yaddan çıxmasın, nəsildən-nəslə ötürülsün. Beynəlxalq aləmə inteqrasiya edən Azərbaycanda gənclər dünya musiqisinə, dünya mədəniyyətinə yiyələnsinlər...”,– deyən Ali Məclis Sədrinin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Rayonun musiqi məktəblərinin kollektivləri də öz işlərini həmin tələblər səviyyəsində qurmağa çalışırlar. Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə ustad dərslərin keçilməsi, hesabat konsertlərinin təşkili diqqətdə saxlanılır. Rayonda keçirilən bütün mədənikütləvi tədbirlərdə məktəblərdə yaradılmış musiqi kollektivlərinin çıxışları təşkil olunur. Bundan əlavə, ixtisaslı müəllimlərin hazırladıqları müxtəlif kollektivlər-sazçalanlar ansamblı, orkestrlər və ya fərdi olaraq şagirdlər muxtar respublika üzrə keçirilən konsert və müsabiqələrdə uğurla çıxış edir, müvəffəqiyyət qazanırlar. Rayonun 2 uşaq musiqi məktəbi də bölgənin mədəni həyatında mühüm rol oynayır. Həmin musiqi məktəblərində tar, kamança, qarmon, saz, fortepiano, skripka, klarnet, nağara, balaban və xanəndəlik ixtisasları üzrə şagirdlər təhsil alır. Mübariz Əliyev bildirdi ki, rayonun kəndlərindəki mədəniyyət müəssisələri yeni və müasir binalarda fəaliyyət göstərir. Həmin müəssisələrdə müxtəlif dərnəklər var ki, bu dərnəklər vasitəsilə həm uşaqların asudə vaxtları səmərəli təşkil olunur, həm də gənc istedadlar üzə çıxarılır. Onu da qeyd edim ki, rayonda istedadlı uşaqlar çoxdur. Həmin uşaqları istedadlı olduqları sahələrə cəlb etmək üçün mütəmadi olaraq orta məktəblərdə maarifləndirici söhbətlər aparır, musiqi məktəblərimiz və orada fəaliyyət göstərən siniflərimiz haqqında məlumatlar veririk. Bu gün rayon mədəniyyət müəssisələrinin qazandıqları uğurlar, şübhəsiz ki, muxtar respublikada bu sahənin inkişafına göstərilən qayğı ilə bağlıdır. Bunu dərindən dərk edən Şahbuz rayonundakı mədəniyyət müəssisələrinin kollektivləri göstərilən qayğıya qarşılıq olaraq milli-mənəvi dəyərlərimizi öyrənmək, təbliğ etmək və zənginləşdirməklə cavab verməyə çalışırlar.

Pərviz Hacılı

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031