SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA-nın Naxçıvan Bölməsində elmi konfrans keçirilib-FOTO

AMEA-nın Naxçıvan Bölməsində elmi konfrans keçirilib-FOTO
22-10-2021, 16:29

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və  Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Kamil Əliyev - 100” mövzulu konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2021-ci il tarixli “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 oktyabr 2021-ci il tarixli “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Sərəncamlarının önəmini vurğulayıb, qeyd olunan dövlət sənədlərinin elm və mədəniyyət xadimlərinə göstərilən qayğının təzahürü olduğunu bildirib.

Qeyd olunub ki, Kamil Əliyev tarixi qədim köklərə dayanan xalçaçılıq sənətinin yaşadılmasında, onun milli elementlərlə zənginləşdirilməsində müstəsna rol oynamış, nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda Azərbaycan xalçalarını təbliğ etmişdir. Başlanğıcını XIX əsrdən götürən portret xalça sənəti Kamil Əliyevin bənzərsiz ustalığı, kompozisiya özünəməxsusluğu, rənglərin harmoniyası ilə daha da zənginləşmişdir. Dekorativ-tətbiqi sənət növlərində xüsusi dəst-xətti ilə seçilən rəssamın müəllifi olduğu şah əsərlər bu gün rəssamlıq sənətinə yiyələnmək istəyən gənc mütəxəssislər üçün zəngin yaradıcılıq məktəbidir.

Kamil Əliyev yaradıcılığında rəssamlıq sənətinə məhəbbət xüsusilə diqqət çəkir, onun müəllifi olduğu portret xalçalarda H.Əliyev, M.K.Atatürk, Nizami, Füzuli kimi dahi şəxsiyyətlərin əks olunması rəssamın tariximizə, mənəvi dəyərlərimizə bağlılığının təzahürüdür.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev konfransda “Xalq rəssamı Kamil Əliyevin təşkilati fəaliyyəti” mövzusunda məruzə edib. Kamil Əliyevin çoxşaxəli fəaliyyətinə diqqət çəkən məruzəçi bildirilib ki, rəssamın yaradıcılığı Azərbaycan xalçaçılıq sənətinin inkişaf etdirilməsi ilə əlamətdardır. Bununla yanaşı, o, bir sıra məsul vəzifələrin öhdəsindən uğurla gəlmiş, bənzərsiz zərgərlik nümunələrinin ərsəyə gəlməsində müvəffəq fəaliyyət göstərmişdir. Onun müəllifi olduğu eskizlər göz oxşayan yaradıcılıq nümunələrində əksini tapmışdır. Rektor rəssamın fəaliyyəti, rəngarəng yaradıcılıq üslubu haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin uğurlu inkişafı da məhz Kamil Əliyevin yorulmaz və səmərəli fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət isə təkcə onun rəhbərlik qabiliyyəti ilə məhdudlaşmır, həm də onun vətəninə, xalqına, tarixi-mədəni köklərinə verdiyi dəyərdən qaynaqlanırdı. Bu şərəfli fəaliyyətin nəticəsidir ki, “Azərxalça” məmulatları bu gün dünyanın bir çox ölkəsində keyfiyyətli brend kimi tanınır.

Elbrus İsayev məruzə əsnasında Naxçıvan Dövlət Universitetində xalçaçılıq sənətinin öyrənilməsi və gənclərə təbliği istiqamətində görülən işlər haqqında konfrans iştirakçılarını məlumatlandırıb, yaradılan dərnəklərin fəaliyyətindən,  əldə olunan uğurlu nəticələrdən söz açıb.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “Xalq rəssamı Kamil Əliyevin portret xalça yaradıcılığında tarixi şəxsiyyətlər” başlıqlı məruzə edib. Məruzədə tarixi keçmişimizin, milli dəyərlərimizin əsas daşıyıcılarından olan xalçaçılıq sənətinin mahiyyəti təhlil olunmuş, ölkədə, eləcə də muxtar respublikada bu sahədə atılan ardıcıl addımlar dinləyicilərin diqqətinə çatdırılmışdır.

Rektor rəssamın yaradıcılığında xüsusi yer tutan portret xalçaların spesifik keyfiyyətlərinə nəzər salıb, Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafına qatdığı dəyər və yeniliklərdən söz açıb. Vurğulanıb ki, rəssam bir çox dünyaca məşhur dövlət xadimlərinin portretini uğurla yaratmış və həmin əsərlər böyük marağa səbəb olmuşdur. Onun yaratdığı portret xalçalarda H.Əliyev, M.K.Atatürk, M.Ə.Rəsulzadə, S.Dəmirəl, B.Yeltsin, Bill və Hilari Klintonlar, İ.Qandi və başqa tarixi şəxsiyyətlər ustalıqla təsvir olunmuş, N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, M.F.Axundov, A.S.Puşkin, Ş.Rustaveli, R.Taqor kimi dühaların bədii əksi verilmişdir. Qeyd olunan əsərlərin ən ümdə xüsusiyyəti isə onların hər birində qəhrəmanın hiss və düşüncələrinin izləyiciyə çatdırılmasıdır, çünki xalça üzərində belə uğurlu işlər ərsəyə gətirmək və öz sənətinin bütün incəliklərini əsk etdirmək bacarığı böyük ustalıq və öz peşəsinə olan sevgidən qaynaqlanırdı.

Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Xalq rəssamı Kamil Əliyevin həyatı və yaradıcılığı”, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Allahverdiyevanın “Xalq rəssamı Kamil Əliyevin yaradıcılığında obrazlılıq və kalorit məsələləri” və Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərovanın “Azərbaycanın süjetli və portret xalçalarının yaradılmasında Kamil Əliyevin rolu” mövzulu məruzələri maraqla dinlənib.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031