SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib
19-10-2021, 17:00

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin əməkdaşlarının  iştirakı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, “Oxunması zəruri olan kitabların siyahısı” na daxil olan Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd etmişdir ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 05 yanvar 2021-ci il tarixdə Sərəncam imzalamışdır.

        Qeyd olunmuşdur ki,  Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır. Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami Gəncəvi özünün böyük və əbədiyaşar sənəti ilə bütün bəşəriyyətə məxsus qüdrətli ədəbi şəxsiyyətdir. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Sirlər xəzinəsi” poeması haqqında danışan elmi katib qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamında  yer tutan “Sirlər xəzinəsi” poeması sənətkarın “Xəmsə” poemalar silsiləsinə daxil olan ilk əsəridir.

     Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı, şair, dramaturq, publisist Asim Yadigar çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatının ölməz korifeyləri içərisində Nizami Gəncəvinin özünəməxsus yeri var. Ustad şairimiz dünya poeziyasında heç kəslə müqayisə olunmur. Çünki Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardan olan Nizami Gəncəvi “Poeziya günəşi” adlandırılıb, öz sağlığında geniş şöhrət qazanıb, Yaxın və Orta Şərqdə şeirin əbədi taxtında əyləşən qüdrətli söz ustası kimi tanınıb.
    Adıçəkilən Sərəncamda qeyd olunduğu kimi Nizami Gəncəvi irsinə Azərbaycanda həmişə xüsusi diqqət göstərilmişdir. Şairin 800 illik yubileyi İkinci Dünya müharibəsi illərində – 1941-ci ildə blokadada yaşayan Leninqradın məşhur Ermitaj muzeyində, müharibə qurtardıqdan iki il sonra – 1947-ci ildə böyük təntənə ilə Moskvada və Bakıda qeyd olunmuşdur. Görkəmli sənətkarın 840 illik yubileyinin keçirilməsi isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sərəncamda deyildiyi kimi, ölməz sənətkarın 1981-ci ildə Ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi də məhz ölməz sənətkarın irsinə sevgi və məhəbbətin növbəti bariz ifadəsidir.

    Vurğulanıb ki, qüdrətli sənətkarın “Xəmsə” poemalar silsiləsinə daxil olan ilk əsəri olan, Ərzincan hakimi Fəxrəddin Bəhram şaha həsr etdiyi poeması şairin bütün ömrü boyu yaradıcılığında başlıca ideyanı təşkil edən kamil insan - Ədalətli hökmdar ideyasına həsr olunubdur. 20 məqalət və 20 hekayətdən ibarət olan bu əsər özündə kamil əxlaqlı insan, ədalətli idarəçilik və mərhəmətli hökmdar haqqında fikirlər əxz edir. Ümumiyyətlə, ustad sənətkarın “Sirlər xəzinəsi” əsəri müdriklik xəzinəsidir. Bu əsər müdrik, hikmətamiz fikirlərlə zəngindir. Beləliklə, Nizami Gəncəvi yaradıcılığı Azərbaycan xalqı və ümumən, bəşər müdrikliyinin təntənəsi olaraq mücəssimə tapır. Onun hikmət və nəsihət dolu “Sirlər xəzinəsi” poeması bütün insanlıq üçün əsl tərbiyə, mənəviyyat mənbəyidir.

     Tədbirdə AMEA-Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov (Yurdoğlu) və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Muxtar Qasımzadə çıxış etmişlər.

    Sonda Mərkəzdə yaradılan “Ümummilli lider Heydər Əliyev”, “Şərq qapısı”-100,  “İsmayıl Hacıyev”-70, “Qars müqaviləsi”-100, “Yeni nəşrlər”, “Oxunması zəruri olan kitablar” adlı başlıqlardan ibarət sərgiyə baxış olmuşdur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031