SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Tarix Muzeyinə yeni eksponatlar təqdim edilib

Naxçıvan Dövlət Tarix Muzeyinə yeni eksponatlar təqdim edilib
2-05-2019, 16:30

Naxçıvan Dövlət Tarix Muzeyinə Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Aşağı Buzqov kənd sakini Elman Bayramov, Naxçıvan şəhər sakinləri Hüseyn Kazımov və Rəcəb Rəcəbov tərəfindən qədim tariximizə, zəngin mədəniyyətimizə aid saxsı və mis məişət əşyaları, toxuculuq və əkinçiliklə bağlı alətlər və İkinci Dünya müharibəsi iştirakçılarına aid şəxsi əşyalardan ibarət 241 ədəd yeni eksponat təqdim edilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu münasibətlə mayın 2-də Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylər zamanın müxtəlif məqamlarını özündə yaşadan, ötən əsrlərin müxtəlif tarixi hadisələrindən xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də tarixi keçmişə şahidlik edən, keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Muxtar respublikada muzey işinin inkişaf tarixindən danışan nazir diqqətə çatdırıb ki, XIX əsrin sonlarında böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaradıb.

"Qədim diyarımızda da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır", - deyən Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət alıb, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib.

Qeyd edilib ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Ötən il Naxçıvan Duz Muzeyi, Qarabağlar Türbə Kompleksi, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi öz qapılarını ziyarətçilərinin üzünə açmışdır.



Diqqətə çatdırılıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564 ədəd, bu ilin ilk 4 ayı ərzində isə 571 ədəd eksponat daxil olub.

Bildirilib ki, bu günədək muxtar respublikada fəaliyyət göstərən müxtəlif profilli muzeylərdə bir sıra təqdimat mərasimləri keçirilmişdir. Bunlar arasında maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimlərini xüsusilə qeyd etmək olar. Bu gün keçirilən təqdimat mərasimi öz spesifikasına görə fərqlənir. Böyük Vətən Müharibəsinin 74 illiyi ərəfəsində vətənini qorumaq uğrunda bu müharibəyə qoşulmuş həmvətənlərimizin ailələri tərəfindən onlara məxsus şəxsi əşyaların muzeyə hədiyyə edilməsi bu sahədə görülən işlərə böyük töhfədir. Bu həm də muzeylərimizə olan etimaddan irəli gəlir. Böyük Vətən Müharibəsi veteranları Kazım Kazımovun və Qadir Rəcəbovun övladları Hüseyn Kazımov və Rəcəb Rəcəbov tərəfindən muzeyə təqdim olunan yeni eksponatlar muzeyimizin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verəcəkdir

"Tariximizi, keçmişimizi və mədəniyyətimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur", - deyən nazir mədəniyyətimizin və tariximizin təbliğinə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıq edib.

Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov, eksponat tədqim edənlərdən Hüzeyn Kazımov və Rəcəb Rəcəbov çıxış edərək muxtar respublikadakı muzey ekspozisiyalarının zənginləşməsində bu cür təqdimatların keçirilməsinin əhəmiyyətindən danışmış, muxtar diyarımızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq etmişlər.Naxçıvan Dövlət Tarix Muzeyinə yeni eksponatlar təqdim edilibNaxçıvan Dövlət Tarix Muzeyinə yeni eksponatlar təqdim edilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031