SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətən həmişə şəhidləri ilə var olur

Vətən həmişə şəhidləri ilə var olur
25-09-2021, 09:00

O, Şərur rayonunun Çomaxtur kəndinin ilk Vətən müharibəsi şəhididir. Həyatının 24-cü baharını yaşayırdı. Ömrünün ən gözəl ilində yüzlərlə qəhrəman kimi həyatı bahasına xalqımızın bir payız gününü yaza çevirdi. Onun üçün Vətənə xidmət həyat amalı idi.


Aqil İsmayılov 1996-cı il 18 iyulda Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseyi fərqlənmə ilə bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2018-ci ildə leytenant hərbi rütbəsini alıb. XTQ-nin zabiti olmaq üçün bir neçə kursa gedib. XTQ kəşfiyyatçısı olan Aqilin ən böyük arzusu Kəlbəcərin azad olunması idi. Onun arzusu yerinə yetdi... Canı, qanı bahasına. Elə Kəlbəcər üçün başlanan döyüşlərdə qrup komandiri olaraq əməliyyatları yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. Bir oktyabrda Şərur şəhər Şəhidlər xiyabanında əbədiyyətə yola salındı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Vətən torpağının bir qarışının belə, düşmənin əlinə keçməsinə göz yuma bilməyən Aqil kimi oğullarımız ölümü şərəfli yol kimi seçdi və onlar Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin də vurğuladığı kimi, qələbə bayrağımızın Xankəndidə, Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında, Azərbaycanın işğal altındakı digər ərazilərində dalğalanması naminə canlarından keçdilər. Azad edilmiş torpaqlarımızda zəfər bayrağı dalğalananda, himnimiz səslənəndə Aqil və onun kimi igid Vətən oğullarının ruhu şad olur.
Cəmi 44 günlük zəfər yürüşündə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə birdəfəlik həll olundu. Birinci Qarabağ müharibəsində şəhid olan oğullarımızın nigaran ruhları ağ göyərçinə dönüb azad Qarabağımızın səmasında qanad çaldı, “Gözün aydın, Vətən!” – dedi. Bu ruhu, bu Vətən məhəbbətini, Vətən üçün ölməyə hazır olmaq şövqünü yaradan Aqil kimi qəhrəman övladlarımız xalqımızın şərəfli tarixinin səhifələrinə əbədi olaraq həkk olundular.

Ramiyyə ƏKBƏROVA

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031