SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qanunvericiliyin tələblərinə əməl olunması diqqətdə saxlanılır-FOTO

Qanunvericiliyin tələblərinə əməl olunması diqqətdə saxlanılır-FOTO
23-09-2021, 17:00

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin maarifləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi təşkil etdikləri seminarlar davam etdirilir.

Qeydiyyat və notariat sahəsində əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi və aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi məqsədilə inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Babək rayonunda keçirilmişdir.

Nazirliyin mətbuat xidmətndən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Babək Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Müşviq Məmmədsoy seminarın əhəmiyyəti barədə məlumat verərək vurğulayıb ki, qeydiyyat əməliyyatlarının həyata keçirilməsi zamanı məsul şəxslər qanunvericiliyin tələblərinə düzgün şəkildə əməl etməlidirlər.

Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar”, Reyhan Sadiqovanın “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzularında çıxışları dinlənilmişdir.

Bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən də həyata keçirilir. Qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması zamanı qeydiyyat şöbəsinin rəisi və əməliyyatları icra edən inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı apardıqdan sonra rəsmiləşdirməli və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə bu məqsədlə müraciət etmiş şəxslər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödəyirlər. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir.

Qeyd olundu ki, qeydiyyat şöbəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Qeydiyyat şöbəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.

Yeni doğulan uşaqlara ad verilməsi məsələsinə toxunularaq bildirilib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir. Yeni adların verilməsi şəxs adlarını daha da zənginləşdirir. Adların düzgün yazılışına da diqqət edilməlidir və yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır. Uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsi yolverilməzdir. Ad qoyarkən milli adlara üstünlük verilməli,  uşağın cəmiyyətdə formalaşmasına mane olmayacaq adlar seçilməli, ehtiyac olduğu təqdirdə valideynlərə bu istiqamətdə köməklik edilməlidir.

Eyni zamanda notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları bir sıra notariat hərəkətləri aparırlar. Yerli icra nümayəndəlikləri öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməlidirlər. Notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyə əməl olunmalı, qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. Əməliyyatlar  zamanı qaralama, pozuntu hallarına yol verilməməli, müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli, rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.

Sonra mövzu ətrafında müzakirələr aparılmış, verilən suallar cavablandırılmışdır.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031