SON DƏQİQƏ

naxcivanxeberleri.com

QIŞ TƏDARÜKÜ: ƏRİŞTƏ vƏ YARMANI NECƏ HAzIRLAYAQ?

QIŞ TƏDARÜKÜ: ƏRİŞTƏ vƏ YARMANI NECƏ HAzIRLAYAQ?
19-09-2021, 20:12

Təbiətin “sarı gəlin”i payızın bərəkətli günlərinin yurdumuza qədəm qoymasına sayılı günlər qalıb. Budaqlardakı heyvanın, armudun, almanın ətri bağları bürüyüb. Hansı obaya, kəndə üz tutursan, orada hamı qış tədarükündədir. Kimisi cəviz, fındıq, badam ağaclarının barını toplayır, kimisi çilləyə qarpız seçir, kimisi yazdan bordağa bağlayıb, xüsusi bəslədiyi mal-heyvanı kəsib ətini qış azuqəsi üçün qovurmağa hazırlaşır, kimisi də qonum-qonşunu ətrafına toplayıb əriştə kəsir, yarma hazırlayır. Ta qədimdən qışa hazırlıqla bağlı qayğıların bir hissəsi qadınlarımızın öhdəsində olub. Bu adət-ənənələrimizdən analarımıza, onlardan da qızlarımıza ötürülüb. Evdar qadınlar bilirlər ki, yayda hər işi öz qaydasına qoyub əl damını doldurmaq lazımdır. Yaz fəsli yurdumuza qədəm qoyandan qadınlarımız qışa hazırlıq işləri ilə məşğul olarlar, ta ki payız sona çatana kimi. Ona görə ki, sərt, soyuq günlərdə uşağın, böyüyün ruzisi olsun. Həm də qapıya qəfil qonaq gələndə təlaşa düşüb: nə bişirəcəyəm? – deyə məəttəl qalmasınlar. Qışa tədarükün ən vacib tədbirlərindən biri əriştə kəsməkdir. Bu iş kollektiv şəkildə görülür. Çünki əriştəni hazırlayıb hasilə gətirmək tək adamın işi deyil. Bu günlərdə Sədərək rayonunda qonağı olduğumuz ailə təsərrüfatçısı Aybəniz İbrahimova da əriştə kəsmək üçün hazırlıq görürdü. Yaxın qonşuları isə ona köməyə gəlmişdilər. O deyir ki, bu işi növbə ilə görürük, bir gün birimizin, sabah digərimizin evində əriştə kəsməyə kömək edir, ya da bir nəfərin həyətində hazırlıq görür, növbə ilə əriştə kəsirik. Bu gün ailə təsərrüfatçısı kimi həm ağ, həm də qara undan əriştə istehsalı ilə də məşğul oluruq. Bunun üçün, ilk növbədə, lazım olan əşyaları – oxlovu, çörək taxtasını hazır qoymuşam. Qızların köməyi ilə iplərdən şərit düzəltmişəm. Bu iplərə kəsilmiş əriştəni asırıq ki, qurusun. İplərin altına mütləq təmiz süfrə səririk. Hazırlıq işlərini bitirdikdən sonra xəmir yoğururuq. Xəmirin yoğrulma qaydasından danışan qonşu Tərlan xala deyir: – Əriştə üçün yoğrulan xəmirin suyu soyuq olmalıdır. Bir çini qaba su, duz, yumurta əlavə edir, bərk xəmir yoğurur, kündələyirik. Bu xəmiri çox miqdarda yoğurmaq məsləhət deyil, çünki hansı un olursa-olsun, ondan yoğrulan xəmiri müəyyən müddət saxlayanda içərisinə maya vurulubvurulmamasından asılı olmayaraq, acıyır. Əriştə isə acımış xəmirdən olmaz. Buna görə də xəmiri az-az yoğurmaq məsləhətdir. Kündələri çörək taxtasının üstündə bacardığımız qədər nazik açırıq. Söhbətə qoşulan, yaşı 70-i ötmüş Sara nənə deyir ki, əriştəni köməkli kəsirik, bir nəfər kündə açır, o biri əriştəni kəsir, ikisi dəstav vurur, yəni kəsilmiş əriştəni bir əli ilə tutur, digər əli ilə unlayıb dəstələyir və uzadır, bir başqası isə daşıyıb ipdən asır. Əriştə kəsəndə onun yuxasını açmaq üçün xüsusi bacarığı olan qadınlar seçilir. Lavaş açanlar yaxşı bilər, oxlovu kündəyə elə vurmaq lazımdır ki, kündənin ortası nazikləşib kənarları qalın qalmasın. Yuxanı yaxşı yaymaq bacarığı olanlar bu işi elə ustalıqla görürlər ki, onun ortası ilə kənarları eyni ölçüdə olur. Nənə onu da deyir ki, əvvəllər əriştəni qəməlti (mətbəx bıçağı) ilə əldə kəsirdilər. İndi əriştəkəsən alətlər olsa da, mən qızlarıma məsləhət görürəm ki, bu işi öz əlləri ilə görsünlər. İtilənmiş bıçaq və qadının əlindən çıxan əriştə yaxşı olmaya bilməz. Bir işi ki zəhmətlə, dədə-baba qaydası ilə görmədin, onda hazırladığın yeməyin dadı da olmaz. Bu zaman qonşu Tərlan xalanın səsini eşidirik: “Artıq kündələr hazırdır, əriştə kəsməyə başlaya bilərik”. O, öncə yuxanı unlayıb ucları əlinin içində olmaqla, ortadan birləşdirir, sonra əlinin içində saxladığı ucları da eyni formada unladığı yuxanın üstünə örtür. Sol əlini uzunsov formada unlayıb düzəltdiyi yuxanın üstünə qoyaraq bıçaqla kəsir. Sözlərinə görə, əriştəni kəsərkən əlimizi elə saxlamalıyıq ki, həm yuxa əzilməsin, həm də bıçağın əlimizlə yuxa arasındakı məsafəsi az olsun. Belə əriştə daha nazik olar. Tərlan xala kəsib qurtardıqdan sonra yuxanın arasını açıb, əriştəni dəstələmək üçün digər yoldaşına verdi. Əriştələr hazır olandan sonra onları qurutmaq üçün ipdən asan Nailə xanım deyir ki, birinci növ unun əriştəsi daha qüvvəli olur, həm dəstava yaxşı gəlir, yəni asan dəstələnir, həm də ipdə asan quruyur, qırılıb yerə tökülmür. Qara undan əriştə kəsəndə isə xəmiri təzə pendir suyu ilə yoğururuq ki, xəmir qüvvəli olsun. Quruduqdan sonrakı mərhələ haqqında söhbət açan Aybəniz xala deyir ki, tam qurumuş əriştələr süfrənin içərisinə yığılır. Sonra ondan bir qismini sulu əriştə bişirməyə saxlayır, qalanını isə plov üçün qovururuq. Bunun üçün öncədən əriştəni kiçik hissələrə bölür, qovurulan zaman yanıb qaralmasın deyə, ununu əfsəyirik. Daha sonra ocaq qalayır, mis sacı ocağın üstünə qoyur, sac qızdıqdan sonra içərisini yağlı bir dəsmalla silir, əriştəni az-az töküb qovururuq. Qovrulan əriştə yenidən əfsənir və əvvəlcədən tikib hazırladığımız pambıq torbalara, ya da şüşə bankalara yığırıq. Söhbətimizə qoşulan Sara nənə bildirir ki, bəziləri əriştəni polietilen torba və ya plastik qablara yığıb nəmliyi olan yerdə saxlayırlar. Bu qaydada saxlanan un məmulatları dad-tamını tez bir zamanda itirir. Qış fəslində bişirilən xörəklər içərisində əriştə istisi (Şərur, Sədərək və Kəngərli rayonlarının bir çox kəndində bu yeməyə “umac aşı” da deyirlər) və əriştə aşının xüsusi yeri vardır. Əriştə aşı ilə bərabər, doyuruculuğuna görə qış aylarında yarma aşı da tez-tez bişirilir. Nənə ev yarmasının hazırlanmasından da söhbət açır. “Yarma qış ayları üçün tədarük olunarkən bir çox proseslərdən keçər”, – deyən nənə bildirir ki, əvvəlcə buğda yaxşıca yuyulandan sonra tər-təmiz arıtlanaraq suda qaynadılar. Suyu süzüldükdən sonra gün düşməyən yerdə sərər və qurudarlar. Keyfiyyətini itirməsin deyə, onun günəvər olmayan yerdə qurudulması daha yaxşıdır. Qurudulmuş buğda dənələri kirkirədə narın formaya düşənə kimi üyüdülür. Biz Sədərəkdən ayrılanda artıq Günəş dağların arxasında idi. Səhər açılandan indiyə kimi əriştəkəsən qadınlar da qədim nalbəndin altında sərilən süfrənin ətrafında əyləşib təzə əriştədən hazırlanmış əriştə aşının dadına baxırdılar. Biz isə qədim yurd yerimizdə keçirdiyimiz bir günün təəssüratlarını yazıya köçürməyə tələsirik.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930