SON DƏQİQƏ

naxcivanxeberleri.com

BƏŞƏRİ İDEALLAR ŞAİRİ

BƏŞƏRİ İDEALLAR ŞAİRİ
16-09-2021, 13:00

Ustad Məhəmmədhüseyn Şəhriyar (1906-1988) Azərbaycan şeirinin sarsılmaz sütunu və Heydərbaba ünvanlı və ağırlıqlı nəhəng simasıdır. O, hansı dildə yazmasından asılı olmayaraq  yazdığı əsərlərilə “Azərbaycan və İran ədəbiyyatlarının fəxridir” (Akad.B.Nəbiyev).

Azərbaycan poeziyasında sadə ana dilində, xalq şivəsində yazıb-yaratmaq ənənəsi olsa da, Məhəmmədhüseyn Şəhriyar öz şirin ana dilində, xalq dili şivəsində yazdığı “Heydərbabaya salam” əsərilə xalqın sadə həyat və yaşayış təzini, mənəvi dəyərlərini, milli yaddaşını özündə bütün canlılığı ilə ehtiva edən bir ədəbi hadisə ortaya qoymuşdur. Bu görkəmli söz ustadı əsərlərinin bir hissəsini fars dilində yazmaqla daha çox bəşəri dəyərləri əks etdirmişsə, türkcə yazdığı əsərlərilə daha çox millilik, xalqa, ana vətənə bağlılıq nümayiş etdirmşdir. Akademik İsa Həbibbəyli də bu görkəmli ustadın yaradıcılıq fəaliyyətini qiymətləndirərkən haqlı olaraq yazırdı ki, “Təbrizdə Azərbaycan şeirinin Şəhriyar məktəbi yaranmışdır”. Görkəmli alim ustad şairin yaradıcılığındakı bəşəri məsələlərə toxunaraq çox doğru ifadə edirdi ki: “Şair “Haqqın səsi” poemasında “İnsanın vətəni Yer kürəsidir” ideyasını irəli sürmüş, bütün insanları qardaşlığa, bərabərliyə, şər işlərdən əl çəkməyə çağırmışdır”.  Şair “Stalinqrad qəhrəmanları” poeması ilə dünyanı ağuşuna alan faşizm bəlasına qarşı mərdliklə döyüşən qəhrəman insanlardan, el və xalqlar birliyindən bəhs açmışdır. Şair bütün bəşəriyyəti Stalinqradın müdafiəsi timsalında şərə, şər qüvvələrə, imperializmə qarşı birləşməyə, insanları birlikdə xeyiri, səadəti müdafiə etməyə səsləmişdir. Bu mənada onun yaradıcılığında xalqlar dostluğu, qardaşlıq, birlik kimi məsələlər ideyalaşaraq onun bəşəri duyğularını ümumiləşdirirdi. Şair “Haqqın səsi” adlı əsərində yazırdı:

 

Bu nurani dünya, pirani dünya,

Əzəldən meyvəli bir bağa bənzər.

Bəşərin qocaman sərt ağacında

Hər insan bir gülə, yarpağa bənzər.

 

Yarpaqlar, budaqlar ayrı olsa da,

Bu dünya bağının bəhəri birdir.

Udduğu hava bir, içdiyi su bir,

Yerdən şirə çəkən kökləri birdir.

 

Budaq heç yaşarmı budaqdan ayrı?

Ömür edə bilərmi insan insansız?

O doğma gülşəndən, o bağdan ayrı

İnsan xəzəl kimi ölüdür yalnız!

 

Mənə elə gəlir hardasa, kimsə,

Bir insan ömrünə qələm çəkirsə,

Özü də bilmədən yüz qan salır o,

Bəşər ağacına balta çalır o.

 

Ustad sənətkar bəşərin indisi və gələcəyi haqqında qayğılanaraq “Bəşər dedikləri vahid bir bədən, Bəs nədən düşübdür ürəklər ayrı?” kimi suallar ətrafında insanları düşünməyə vadar edir, eyni zamanda onlara mənalı, müdrik cavablar da verirdi. Humanist şair bütün insanlara, bütün bəşəriyyətə heç bir fərqlilik, ayrı-seçkilik qoymadan “Atabir, anabir doğma qardaşıq” və yaxud, “Birləşsə cahanda milyard ürəklər, Bütün arzulara yetişər bəşər!” - deyə cavablar verirdi. Bəşəriyyətin taleyi haqqında qayğılanan şair eləcə də “Dunay çayının bəşəriyyətə müraciəti” əsərində də bütün insanlara, bütün xalqlara bərabərlik və xoşbəxtlik arzularını ifadə etmişdir:

Gəl, bu gün dünyanın ərazisini

Əhalinin nisbətinə görə bölüşdür.

Millətlərin hər nəfərinin üzünü güldür,

Hər kəsin səhmini öz əlinə tapşır.

Böyük şairin yaradıcılıq amalı, həyat idealı “Gərək bütün millətlər bərabər olsun” fikri idi və humanist sənətkar vicdanının səsilə ulu Tanrıya “Ayrıseçkiliyi kökündən qopar”, “Qoyma xalqlar çərçəng olsunlar” və s. kimi dualarla səslənirdi. Şair bütün bəşəriyyətin əvəzindən ulu qüdrət və qüvvət sahibi Tanrıya və əlbəttə, taleyi öz əlində olan ulu bəşəriyyətin özünə “Qayıt və dünyanın cəhənnəmini cənnətə döndər”, - kimi çağırışlar edirdi.

  

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031