SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünənindən bu gününə inkişaf edib abadlaşan doğma kəndim       

Dünənindən bu gününə inkişaf edib abadlaşan doğma kəndim       
21-08-2021, 17:13

 Məktəbli vaxtlarımda müəllimimiz uşaqlıq illərinə yadımızda qalan xatirələriniz  haqqında inşa yazmağı tapşırdıqda həmişə kəndimizi xatırlayırdım- qayğısız illərimin keçdiyi Vayxır kəndini. Muxtar respublikamızın xəritəsində kiçik bir nöqtə qədər olsa da mənim üçün çox böyük bir dünya idi kəndimiz!

 Vayxır kəndinin tarixi çox qədimdir. Yaxınlığında Govurqala adlı qədim bir müdafiə istehkamı da var. Kəndin ərazisində çıxan eyniadlı  mineral bulaq da ölkə səviyyəsində çox məşhurdur. “Badamlı”, “Sirab”la yanaşı “Vayxır” suyunun da adı tez-tez çəkilir.  

     Vayxır Babək rayonunda, Naxçıvançayın kənarında alçaq təpəliyin üzərində yerləşir. Eyni zamanda Naxçıvan-Batabat yolunun sol tərəfində yerləşən təpələr üzərindəki kəndin mənzərəsi ilin bütün fəslində yoldan keçənləri özünə cəlb edir.  Uşaqlığımın ən xoş günləri həmin təpələrdə üzərlik yığmaqla, qoyun–quzu otarmaqla, qaçdı-tutdu oynamaqla keçib. Çünki babamla nənəm burada yaşayırdı. Həyətin aşağısında  hər bir kənd evində olduğu kimi təndirəsərimiz var idi. Dan yeri söküləndə nənəm təndirəsərə gedər, təndiri alışdırar, yerə palaz salar, palazın üzərinə sərdiyi süfrədə axşamdan yoğurduğu xəmirdən kiçik tikələr kəsib kündələr edərdi.

  Təndirəsərin çiy palçıqdan-möhrədən hörülmüş divarında kiçik bir pəncərə var idi. Elə ki bu pəncərədən tüstü çölə yayıldı, qohum – qonşu təndir başında cəm olardı. Hamı oturandan sonra süfrənin kənarları diz üzərinə çəkilər, duvaqlar düzülər, kündələri hamarlayan oxlovlar iməçilərin- yardıma gələn qadınların əllərində sürətlə duvağın üzərində şaqqıltı salaraq hərəkət edər, getdikcə böyüyən lavaşlar duvağa yayılardı.

  Bar-bərəkət rəmzidir təndirəsərlər. Oynamaqdan qarnı acan uşaq üçün isti təndirdən çıxan lavaşın, bir də inək pendirinin yerini heç bir yemək verə bilməzdi.  Anaların,  nənələrin, qonşu qadınların zəhməti, əziyyəti ilə başa gələn bu işlər bizə oyun kimi gəlirdi. Təndirəsərin yaxınlığında hey qaçır, oynayır, hərdən də  yaxınlaşıb: “Ay nənə, bizə də xəmir ver”,- deyib əlimizi uzadardıq. Həmin istəyimizin cavabı barmaqlarımıza vurulan oxlov,  bir də “Ay bala, az şitənin, aman günüdür gəlib təndirə düşərsiz”,- olurdu.

Ən maraqlısı isə təndirəsərə toplanan qadınların söhbətləri olurdu. Kənddə, şəhərdə, rayonda, hətta bəzən ölkədə baş verən hadisələrdən danışardılar. Kim nə təzə xəbər bilirdi, hamısını buradakılarla bölüşərdi. (Sonradan başa düşdüm ki, camaatın zarafatla ““Təndirəsər” qəzeti nə yazır?” ifadəsi də elə buradakı çox vaxt mənbəyi və əsası olmayan, necə deyərlər, feyk xəbərlərə işarə idi) Çörək bişiriləndən sonra təndir başında işləyənlər üçün mütləq nahar süfrəsi açılardı. Süfrəyə təndir külündə bişən kartof, soğan və nehrə yağı düzülərdi. Bu məqam biz uşaqların ən çox xoşladığı an idi. Oyuna tez ara verib  süfrədə biz də yerimizi tutar, nənəmizin içərisini süfrədəki nemətlərlə doldurduğu “Çoban dürməyi”ndən yeyər, təndir közündən salınmış samovardan kəmşirin çayımızı içib təzədən həyətə qaçardıq.

  Bu çoxdan olub... Həmin zamanlarda Vayxır kəndinin vəziyyəti çox çətin idi. İçməli su olmadığından xeyli uzaqdan- artezian quyularından, kanallardan su gətirir, su daşlarına töküb təmizləyir, sonra istifadə edirdik. Qışda palçıqlı yollar isə kənd camaatını lap təngə gətirirdi. Bəzən yollar buz bağladığı üçün insanlar üçün evdən çölə çıxmaq müşkülə çevrilirdi. Bir sözlə, kəndin sosial-iqtisadi vəziyyəti heç də ürəkaçan deyildi.  

     Amma Vayxırın baharı başqa bir aləm olurdu. Yenicə açılan çiçəklərdən, otlardan yayılan ətir sanki insanın ruhunu oxşayır, sürünü otarmağa aparan çobanın hərdən çaldığı tütəkdən yayılan xoş melodiyalı hava qoyun – quzuların səsin batırırdı. Yazın gəlişi ilə təbiətlə birlikdə bütün kənd sanki qapandığı qış yuxusundan oyanırdı. Çiyində  dırmıq, bel, toxa olan insanlar əkin sahələrinə çıxır, göy ota acgözlüklə cuman və hər təpədə mələşən qoyun-quzunun səsi bir-birinə qarışırdı.

  Xalqımızın illərdir qoruyub saxladığı, yaz qabağı xüsusi qeyd edilən Xıdır Nəbi bayramı, Novruz adət-ənənələri  hər evdə xüsusi təntənə ilə keçirilirdi. Bu mərasimlərdə gün batan kimi əlimizə papaq alıb bütün kəndi dolanıb “xıdırpayı”, “bayrampayı” yığar, yumurta toqquşdurar, xoruz döyüşdürər, tonqal qalayırdıq. Bayramı beləcə yola verib əylənərdik.

      Payız vaxtı hər səhər işığının həniri  bir qədər azalan günəşlə bərabər yuxudan durub bağçamızın seyrinə çıxırdım. Küləyin həzim musiqisi altında sanki  rəqs edə-edə yerə düşən saralmış yarpaqları izləyəndə bir səs kəndin sükutunu pozurdu. Sanki bir topa xəzan üzərinə dolu yağırdı. “Sağ tərəfdəki budağı elə vur ki, hamısı tökülsün. Ehtiyatlı ol, tingi qırarsan!”- bu söhbətin arxasında artıq bağlarda cəviz-badam mövsümünün başladığı xəbərin dayanırdı. Payız fəslinin gəlişi ilə kənd camaatı yenidən hərəkətə gəlir, qış üçün tədarük işlərinə başlayırdı.

     Ailəmizin ağbirçəyi, Vayxırın uzunömürlü sakinlərindən olan, 95 yaşlı Sonabəyim nənə burada doğulub böyümüş, bu yaşına qədər də kənddən kənara çıxmamışdır. Nənəmiz deyir ki, Vayxır kəndi əvvələr indiki yerdən bir qədər uzaqda, Şiş dağının ətəklərində idi. Sonralar kənd camaatı köçərək Naxçıvançayın kənarında məskunlaşıblar.  Sonabəyim nənə həm də kəndin, o cümlədən Naxçıvanın mahir xalçaçılarından sayılır. İndiyə qədər yüzdən çox xalça, kilim, cecim, palaz toxuyub.  Onlardan isə indiyə qədər yalnız bir neçəsi qalıb. Xalçalarını minbir əziyyətlə ərsiyyə gətirən nənəmiz deyir ki, istifadə etdiyimiz rəngləri almaq çox çətin idi. Bəzən bir rəngi almaq üçün həftələr lazım olurdu. Rəngləri soğan, cəviz qabıqlarından, çaytikanı bitkisinin kökündən, cəviz ağacının yarpaqlarından alırdılar.  

     Son 25 ildə muxtar respublikada  sürətli iqtisadi inkişaf digər kəndlər kimi Vayxırın da simasını əsaslı sürətdə dəyişdirib. Kəndlərin hər birində açılan  xidmət mərkəzləri  kəndin ərzaq və sairə olan tələbatını tam şəkildə ödəyir. Uşaqlıq illərimin yaddaşında palçıqlı küçələri, buzlu yolları ilə yadda qalan kəndimiz indi  müasirliyə qovuşub. Bir zamanlar iki avtomobilin yanaşı gedə bilmədiyi köhnə asfalt körpü artıq bir neçə ildir ki yenisi ilə əvəz edilib. Hər il yaz, payız aylarında əkin sahələrinə, evlərə, yollara ziyan vuran dağıdıcı sellərin qarşısını almaq üçün böyük kanallar çəkilib, bəndlər yaradılıb.

  Kəndimizdə açılan çörək sexi təqribən iki min nəfərə yaxın olan kənd camaatının çörəyə olan tələbatını tam şəkildə ödəyir.  Analarımızın yuxusuna haram qataraq gecədən xəmir yoğurub, gözlərinə acı tüstü dola-dola təndir qalamaq qayğısı artıq kiminə görə şirin, kiminə görə acı xatirə kimi keçmişdə qalıb. Qışın soyuğunda, yayın istisində gözlədiyimiz marşrut növbələri artıq hər saatbaşı hərəkət edən intensiv avtobuslarla əvəz olunub. 10 il bundan əvvəl kənddə yalnız bir-iki evdə telefon var idisə, indi bütün evlərə telefon çəkilib və kənddə internet resruslarından istifadə olunur. Zirzəmidə nənəmin neftlə işləyən “maşınkasında” yemək bişirməsi artıq uzaq keçmişdə qalıb. Kəndimiz neçə illərdir ki, qaz və işıq xətləri ilə təhciz olunub. Məni sevindirən isə odur ki, bu quruculuq və abadlaşma işləri yalnız kəndimiz Vayxırda deyil, muxtar respublikanın bütün yerlərində özünü göstərir.

Məcid Əkbərov

NDU jurnalistika,II kurs tələbəsi

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930