SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dərs dediyi tələbələri “Gözünün işığı” adlandıran dəyərli müəllim-İsmayıl Zeynalov

Dərs dediyi tələbələri “Gözünün işığı” adlandıran dəyərli müəllim-İsmayıl Zeynalov
4-08-2021, 18:52

Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır. Ümummilli liderin sözləri ilə desək “Mən müəllim adından yüksək bir ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır.  Bugünkü müsahibimiz də əsl şərəfli müəllim ömrü yaşayan, dərs dediyi tələbələrin bilikli, savadlı olmağı üçün əlindən gələni əsirgəməyən Naxçıvan Dövlət Universitetinin dəyərli ziyalılarından olan İsmayıl Zeynalovdur.

İsmayıl müəllim, sizi oxucularımıza yaxından tanıdaq.

Mən 1941-ci  ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində anadan olmuşam. 1964-cü ildə Mordoviya Dövlət Universitetinə daxil olduqdan sonra 1968-ci ildə həmin universitetin Tarix-filologiya fakültəsinin əyani şöbəsinin “Tarix” ixtisası üzrə tam kursunu bitirmişəm. 1976-cı ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun “Etnoqrafiya” ixtisası üzrə istehsalatdan ayrılmamaqla aspirantura şöbəsində qiyabi təhsil aldıqdan sonra 1961-1964-cü illərdə hərbi xidmət keçmişəm. 1984-cü ildə Tbilisi şəhərində Djavaxişvili adına Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Naxçıvan Muxtar Respublikası əhalisinin müasir mənəvi mədəniyyəti” mövzusunda dissertasiya müdafiə etmişəm. Əmək fəaliyyətimə 1959-cu ildə kolxozdan başlamışam. 1968-1969-cu illərdə “Tarix” fənnindən müəllim işləməklə Babək rayonunun Sirab kəndində pedaqoji staja başlamışam. 1969-1970-ci tədris ilindən etibarən Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialında, 1990-cı ildən Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlamışam. 1969-cu ildən Naxçıvan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasında müəllim işləyirəm və 1986-cı ildən isə kafedranın dosenti vəzifəsində çalışıram. 70-ə yaxın elmi məqalənin və 3 kitabın müəllifiyəm. Həmçinin, ümumittifaq və respublika konfranslarında dəfələrlə iştirak etmişəm.

İsmayıl müəllimlə danışdıqca onun bu sənətə vurğunluğunun şahidi oluram. Dərs dediyi şagirdləri, tələbələri “gözünün işığı” adlandıran, məhz müəllimlik peşəsini özünə həyat amalı seçən, bütün vəzifələrdən üstün hesab edən bir müəllimdir İsmayıl müəllim. Sualımı da məhz bu cür ünvanlayıram. İsmayıl müəllim, müəllim olmasaydınız hansı peşəni seçərdiniz?

Hər kəs bir amal ilə doğulur, dünyaya göz açır. İsmayıl Zeynalovun həyat amalı ədalət, vicdan və şərəfli ad olub həmişə. İllər ərzində çalışmışam ki, hər kəsə xoş münasibət göstərim, dərs dediyim tələbələrə təhsil verməklə bərabər onların sevincinə, dərdinə də şərik olum. Bu illər ərzində inanıram ki, arzuladıqlarıma nail olmuşam. Bugün şagird və tələbələrimi yüksək vəzifədə, xüsusi mənsəb sahibi görəndə çox qürurlanıram, onların xoş sorağını eşidəndə sevinirəm. Dərs dediyim tələbələrin əksəriyyəti yüksək nüfuz və peşə sahibi olublar. Bir müəllimin cəmiyyətə verdiyi ən qiymətli və dəyərli mükafatı əlbəttə ki, yaxşı tələbələri ola bilər. Müəllim-pedaqoq, unudulmaz musiqiçi Üzeyir Hacıbəyli müəllimi "millət xeyri üçün iş görən şəxs” kimi dəyərləndirir. "Hər adam bu işin öhdəsindən gələ bilməz və hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır”, "Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar” deyirdi. Dahi bəstəkar müəllimlik sənətini özü üçün əzablı iş hesab edənlərə məsləhət görürdü ki, bu peşədən uzaqlaşsınlar və gənc nəslin tərbiyəsi üçün cavabdehlikdən kənar olsunlar. Bu sənətə o qədər vurğunam ki, heç bir sənət sahəsində özümü bu qədər xoşbəxt hesab edə bilmərəm. Gənclərlə işləmək məni o qədər sevindirir ki, sanki  ruhumun cavanlaşdığının fərqinə varıram.

Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir- deyiblər. Sizcə yaxşı müəllim olmağın sirləri nədir?

İlk növbədə deyim ki, əsl müəllim olmaq birinci növbədə sənətini sevmək deməkdir. Bu peşəni seçən insan  özünün bütün həyatını tələbələrə bağlayır. Dərs dediyi tələbələri sevən, onlarla ünsiyyətdən zövq alan müəllim əsl müəllimdir. Müəllim tələbənin iç dünyasını da tanımalı, onunla dost olmalıdır. Müəllim əməyi şərəfli əmək olmaqla yanaşı, həm də gələcəyə yönəlmiş əməkdir. Müəllim bu gün yaşayır, işləyir, gələcəyi qurur. Bizim hazırladığımız gənc kadrlar da istər peşə-ixtisas baxımından, istərsə də ziyalılıq, mənəviyyat baxımından gələcək üçün hazırlanır. Universitet təhsilinə başlayan gənclərin ən yaxını 4-5 ildən sonra pedaqoji fəaliyyətlə məşğul ola biləcəklərini nəzərə almaqla onların peşə-ixtisas hazırlığını elə planlaşdırmaq və aparmaq tələb olunur ki, onlar məhz gələcəyin müəllimi-tərbiyəçisi kimi həmin zamanın qarşıya qoyacağı tələblərə müvafiq hazırlanmış olsunlar. Dərs dediyim auditoriyada hər zaman çalışmışam ki, tələbələr yaxşı oxusunlar, dərsdən kənar başqa məşğuliyyətlərə yönəlməsinlər. Düzdür, hər kəs öz qabiliyyəti əsasında oxuyur, amma yenə də biz müəllimlərin borcu zəif oxuyan tələbəni də auditoriyaya qazandırmaq, cəmiyyətdə mövqe tutmağına köməklik etməkdir. Nə qədər iş təklifi alsam da, bu sənətə vurğunluğum məni düz 52 ildir ki, ali təhsil ocağına- Naxçıvan Dövlət Universitetinə bağlayıb. Hətta dərs dediyim tələbələrlə birgə bugün çiyin-çiyinə çalışmağın fəxrini yaşayıram.

İsmayıl müəllim, Naxçıvan Dövlət Universitetinin filial olduğu dövrdən etibarən ali təhsil ocağında çalışırsınız. Necə deyərlər, universitetimizin yüksəliş tarixinə şahidlik etmisiniz. Dərs dediyiniz o dövrlə müasir universitetimizi necə müqayisə edərdiniz?

Mən hələ Naxçıvan Dövlət Universiteti Azərbaycan Pedaqoji İnstitutunun filialı olduğu vaxtlardan burada işləyirəm. Səadət nəvəm, (mənə məhz belə müraciət edir İsmayıl müəllim) onda belə gözəl binalar, səliqə-sahman yox idi. Onda 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə cəmi 3 nəfər ştatda olan müəllim çalışırdı. Cəmi bir binada dərs keçirdik. Şəraitsizlik ucbatından təbiət hadisələri qabağında aciz qalırdıq sanki. Yağış yağanda palçığa batmayaq deyə- müəllimlər özləri bu şəraitə uyğun nəsə etməyə çalışırdı. İndi isə şükürlər olsun ki, hər fakültə ayrıca binada fəaliyyət göstərir, binalarımız təmiz, işıqlı və rahatdır. Bugün tələbələrə auditoriyada deyirəm ki, indi oxumamaq özü günahdır. Axı, bu qədər gözəl şərait, rahat sinif otaqları, çoxsaylı dərs vəsaitlərinin qabağında nə bəhanə edib oxumamaq olar? Şükürlər olsun ki, gənclərimizin əksəriyyəti də qurub-yaradılan imkanlardan yaxşı faydalanırlar, dərslərini yaxşı hazırlamaqla bərabər  universitetin ictimai işlərində də canla-başla çalışırlar.

İsmayıl müəllim, illər boyu çəkdiyiniz zəhmət hədər getməyib. Dövlətimizin qayğısını hər zaman üzərinizdə hiss etmisiniz.

Əlbəttə, şükürlər olsun ki, heç zaman bu sənəti seçdiyim üçün peşman olmamışam. Ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymət biz-ziyalıları qane edir. Muxtar respublikada da bu sahədə görülən işlər müəllimlərin fəaliyyəti üçün yeni üfüqlər açır. Mən də çoxillik elmi-pedaqoji fəaliyyətimə görə 2007-ci ildə Azərbaycan Respublikası təhsil nazirliyinin 5 oktyabr tarixli əmri əsasında “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2011-2016-cı illərdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi tərəfindən fəxri fərmanlarla, 2017-ci il 31 oktyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Şəxsən mən bir ziyalı olaraq qeyd edə bilərəm ki, muxtar respublikada müəllimlər dövlət qayğısını hər zaman öz üzərlərində hiss edirlər.

Qocaman ziyalı, həyatın bütün çətinliklərindən üzüağ çıxan İsmayıl müəllim həm də gözəl ailə başçısıdır. Ailəsini sevən ata, baba əlbəttə ki, dərs dediyi tələbələri da öz övladı kimi sevəcəkdir. Biz - gənclərin  sizin kimi ağsaqqalın öyüdünə, məsləhətinə ehtiyacımız vardır.

Qızım, ailə çox gözəl nemətdir ki, hər kəsə gözəl ailəsinin olmağını arzulayıram. Mən qazandığım uğurların təməlində hər zaman ailəmin dəstəyini hiss etmişəm. Yaxşı ailə isə insanın həyatının yarısıdır- deyərdim. Əgər seçimin səhfdirsə, demək həyatın puç olub. İnsan gərək özünə və qarşısındakına hörmət edə, onda ailə da möhkəm təməlli və sağlam olar. Mən hər kəsə dünyanın ən gözəl neməti olan cansağlığının dəyərini anlamağı arzu edirəm. Çünki, insanlıq, bəşəriyyət pandemiyanın tüğyan etdiyi dövrdə daha açıq-aydın gördü ki, sağlıq hər şeydən önəmlidir. Hər bir gəncə doğru danışmağı, halal nemətlərlə ruzi qazanmağı tövsiyyə edirəm. Çünki, ruzini Allah verir, gərək onun verdiyi nemətlərə şükür etməyi bacarasan.

İsmayıl müəllimlə danışdıqca onun mənəviyyatının dərinliklərinə enib daxili aləmini kəşf edirəm. İnsanın ruzusunu Allah verir - deyib hər halına şükür edən insan bu həyatda hər zaman ad-san, şöhrət qazanacaq - deyir ziyalımız. Cansağlığını dünyanın bütün nazü-nemətlərindən üstün tutan müəllim dərs dediyi tələbələrə halallığı, dürüstlüyü, özünəinamı təlqin edir. Hər zaman düşünmüşəm ki, ziyalı olmaq, əsl pedaqoq kimi ad-san qazanmaq üçün təkcə savad, bilik kifayət etmir. Çünki, dərs dediyin auditoriyada tələbələrin təhsili ilə bərabər təlim-tərbiyəsinə də təsir edə bilirsənsə, onda sən əsl ziyalı kimi bütünləşirsən. Bax, İsmayıl Zeynalov bunu bacara bilib. O, təkcə savadı ilə yox, mənəviyyatı, xarakteri ilə əsl ziyalı imicini qazanıb. İsmayıl Zeynalovla salamlaşanda hər zaman əlini ürəyinin üstünə qoyur. Çünki, onun hər kəsi sevməyi bacaran qəlbi var. Hər kəsi sevməyi bacaran insan isə əsl xoşbəxtliyi dadmış insandır. Dərs dediyi tələbələrin xoş sorağıyla İsmayıl Zeynalovun üzü nurlanır, gözləri sevincdən parlayır, işıltılı gözləriylə “Tanrıdan daha nə istəyim ki” deyir. Elə bu sevinclə də İsmayıl müəllimlə sağollaşıram. Yubileyiniz mübarəkdir, əziz müəllimimiz! Qoy elminizin ziyasıyla daha neçə gənc qəlblər ruhlansın. Sizə möhkəm cansağlığı, elmi və pedaqoji fəaliyyətinizdə uğurlar arzusu ilə deyirəm....

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930