SON DƏQİQƏ

naxcivanxeberleri.com

146 illik mətbu yolun 100 yaşlı yolçusu

146 illik mətbu yolun 100 yaşlı yolçusu
25-07-2021, 11:00

Adətən, orta məktəbdə ibtidai sinif müəlliminin uşaqlarla tanışlıq zamanı verdiyi ilk sual belə olur: böyüyəndə hansı peşənin sahibi olacaqsan? Uşaqlar isə bunu müxtəlif formada cavablandırırlar: həkim, müəllim, polis, sürücü, mühəndis, dərzi və sair. Yaxşı xatırlayıram, mənim cavabım jurnalist olmuşdu. Gələcəkdə həyatın nə göstərəcəyini, nələri yaşayacağımı təbii ki, bilə bilməzdim. Amma mənim könlüm jurnalistikada idi, özümü bu sahədə görürdüm. Uşaqlığımın keçdiyi evdə kitaba, mütaliəyə böyük həvəs var idi. Atamın qəzetsiz, jurnalsız bir günü belə olmazdı. Yəqin ki, məni jurnalistikaya gətirən sevgi də elə ailəmizdən qaynaqlanırdı. Zaman keçdi, illər ötdü və bir də gördüm ki, artıq xəyallarını qurduğum peşənin tələbəsiyəm. 1999-2003-cü illərdə ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetinin “Jurnalistika” ixtisasında təhsil aldığım vaxtlarda “Azərbaycan”, “525-ci qəzet”, “İki sahil” və digər mətbu orqanların iş prinsipi ilə yaxından tanış oldum, onlarla əməkdaşlıq etdim. Tələbəlik illərində muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində arasıra yazılarla çıxış etməyə başladım. O vaxt informasiya, məlumat insanlar üçün bu qədər əlçatan deyildi, qəzetlərin elektron variantları yox idi. Ona görə də hərdən yazılarımın dərc olunduğu qəzetlərdən paytaxt Bakıya aparar, tələbə yoldaşlarımı “Şərq qapısı” qəzeti ilə tanış edərdim. Bir faktı da deyim ki, o vaxt qəzet indiki kimi yüksək poliqrafik keyfiyyətlə, özü də rəngli formatda çap olunmurdu. Redaksiya isə Təbriz küçəsindəki yaşayış binasının aşağı mərtəbəsində yerləşir, əməkdaşlar darısqal otaqlarda fəaliyyət göstərirdilər. Yaxşı xatirimdədir, ilk yazımın dərc olunması üçün redaksiyaya üz tutanda qəzetin baş redaktoru mərhum Məmməd Məmmədov məni çox yaxşı qarşılamışdı. Əl yazı şəklində redaksiyaya təqdim etdiyim yazı bir neçə gün sonra işıq üzü gördü. Sevincim yerə, göyə sığmırdı. Artıq jurnalist kimi mənim də imzam qəzet səhifəsində yer almışdı. Universiteti başa vurub Naxçıvan Televiziyasında fəaliyyət göstərdiyim illərdə isə qəzetlə daha yaxından əməkdaşlıq etmək imkanım oldu. Hələ o vaxt fikirləşmişdim ki, qəzet jurnalistikası çox çətin və məsuliyyətli bir sahədir. Bu, insandan sözün həqiqi mənasında, fədakarlıq tələb edir. Bəzən işdən evə gecə saatlarında gələ bilərsən, bəzən bir səhifəni bir yox, beş, on dəfə redaktə edə bilərsən, hansısa kənar əməkdaşla qəzetə təqdim edəcəyi yazının mövzusunu dəfələrlə müzakirə edə bilərsən, əsas odur ki, sən bu işdən yorulmayasan, bu işi sevəsən, ömrünü qəzetçiliyə həsr edə biləsən... Qocaman media orqanı olan “Şərq qapısı” qəzeti Naxçıvanda yaşayıb-yaradan hər bir ziyalı, kənar əməkdaş, elm adamı, şair və yazıçı üçün doğmadır, əzizdir. Kiminin ilk məqaləsi, kiminin ilk şeiri, kiminin ilk hekayəsi məhz bu qəzetdə işıq üzü görüb, dərc olunub. Bu gün muxtar diyarımızın salnaməsini yazıb-yaradan “Şərq qapısı” qəzeti 100 illik yubileyini qeyd edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bütün mətbuat işçiləri və qəzetin çoxsaylı oxucuları tərəfindən sevinclə qarşılanıb. Bu Sərəncam təkcə “Şərq qapısı” qəzetinə və onun əməkdaşlarına deyil, muxtar respublikamızda fəaliyyət göstərən rayon qəzetlərinə, mətbuat sahəsində çalışan işçilərə, Naxçıvanda medianın inkişafına, azad sözə, fikrə verilən yüksək dəyərin ifadəsidir. Sərəncamda da qeyd olunduğu kimi, “Şərq qapısı” qəzeti Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990- 1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur. Müstəqillik illərində “Şərq qapısı” qəzeti hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Redaksiya üçün ayrıca bina inşa olunub, əməkdaşların iş şəraiti yaxşılaşdırılıb, müasir çap avadanlıqları alınıb, qəzetin internet saytı yaradılıb və bu da imkan verir ki, informasiya-məlumatlandırma işi daha operativ təşkil olunsun, Naxçıvan həqiqətləri qısa zaman ərzində dünyaya çatdırılsın. Əməkdaşların əməkhaqlarının bir neçə dəfə artırılması, işində fərqlənənlərin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi, onlara mənzillərin verilməsi muxtar diyarımızda Ali Məclis Sədrinin jurnalistikaya, jurnalist əməyinə göstərdiyi qayğının daha bir ifadəsidir. Bir məqamı da qeyd edək ki, redaksiya əməkdaşlarının böyük əksəriyyətini gənclər təşkil edir. Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisasını bitirib “Şərq qapısı” məktəbində yetişib bu media qurumunda şöbə müdiri vəzifəsinədək yüksələn kadrlar vardır. “Şərq qapısı” qəzetinin keçdiyi zəngin və şərəfli yola dünənin və bu günün prizmasından baxsaq, açıq-aydın görərik ki, qəzet dövrün tələblərinə uyğun olaraq yenilənir, müasir texnologiyalardan istifadəyə xüsusi önəm verir. Bu mənada “Şərq qapısı” qəzeti hər zaman jurnalistikanın təməl prinsiplərinə sadiq qalır, cəmiyyətin informasiya tələbatını ödəməklə, insanlara doğru, dəqiq və operativ xəbər çatdırmaqla özünün tarixi missiyasını uğurla yerinə yetirir. Ötən əsrin 90-cı illərində “Şərq qapısı” qəzeti Naxçıvanın yaşadığı ağır blokada günlərindən, işıqsız, qazsız, uzun çörək növbələrindən, gələcəyi olmayan gənclikdən, sosial problemlərin baş alıb getdiyi şəhər, qəsəbə və kəndlərdən yazırdı. Bir sözlə, “Şərq qapısı” qəzeti ulu Naxçıvanımızın dünənini tarixə yazan, çətin günlərin şahidinə çevrilən media orqanıdır. Bu gün isə fəxr edirik ki, biz qələm sahibləri qəzetin səhifələrində müasir və inkişaf etmiş Naxçıvanı tarixə çeviririk. Müstəqillik illərində əldə etdiyi inkişaf templərinə görə rekordsmen bölgə olan muxtar diyarın bütün sahələri barədə yazmaq qürurvericidir. İndi biz abadlaşan şəhər və kəndlərdən, döyüş meydanında tarixi ədaləti bərpa etmiş güclü ordudan, ölkəmizin və muxtar respublikamızın gələcəyi olan gənclikdən, yaşadılan, qorunan tarixdən, mədəniyyətdən, incəsənətdən, folklordan, dinamik inkişaf edən aqrar sahədən, elmdən, təhsildən, ən son yeniliklərin tətbiq olunduğu səhiyyədən yazırıq. Çoxları elə düşünür ki, müasir dövrdə qəzet öz əhəmiyyətini itirib və informasiyaların daha tez ötürülməsi baxımından televiziya və saytlara “uduzur”. Amma mən düşünürəm ki, qəzet bir tarixdir, salnamədir, qəzet ənənəvi çap məhsulu kimi hər zaman öz aktuallığını qoruyub saxlayacaq. Bu gün biz ötən əsrin 90-cı illərinin qəzetlərində yaşayan Naxçıvanı gündəmə gətirib muxtar diyarın dünənini və bugününü müqayisə ediriksə, zaman gələcək bizim yazdıqlarımız da bizdən sonrakı nəsillər üçün əsl tədqiqat obyektinə çevriləcək. Allahın yazdığı taleyi bilmək olmur. Ailə vəziyyətimlə əlaqədar 13 il qəzet və televiziyadan uzaq düşdüm. Babək şəhərindəki yeni yaşayış binasına köçdükdən sonra rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səhəri” qəzetində əmək fəaliyyətinə başlamışam. Yəni peşəkar qəzetçiliklə, jurnalistika ilə məşğulam. Az-çox bu işin sirlərinə bələd olan biri kimi deyə bilərəm ki, həftədə 5 dəfə qəzet nəşr etmək çox çətin və məsuliyyətli bir işdir. Kimsə düşünməsin ki, mən bu fikrimlə digər peşə sahiblərinin əməyini yerə vururam. Bu fikirdən birmənalı olaraq uzağam. Amma etiraf edək ki, qəzetçilik bir məktəbdir, jurnalistikanın ən çətin qollarındandır. “Şərq qapısı” qəzetinin kollektivi bu gün bu missiyanı uğurla yerinə yetirir. Mövzumuz isə bitən, tükənən deyil. Zəngin Naxçıvan təbiəti, tarixi, mədəniyyəti, incəsənəti, turizmi, əldə olunan uğurlar, nailiyyətlər, inkişaf edən, əsl tərəqqiyə qovuşan qədim diyar biz qələm sahibləri üçün əsl mövzu mənbəyidir. Bir neçə gün sonra Azərbaycan Milli Mətbuatı 146 yaşını qeyd edəcək. “Əkinçi”dən başlanan şərəfli mətbu yolun 100 yaşlı yolçusu olan “Şərq qapısı” qəzetinin kollektivinin timsalında bütün jurnalistləri təbrik edirəm. Bu, bayramdır, söz, fikir, maarifçilik, ideya, əsl mətbuat bayramı...

Nərminə SEYİDZADƏ

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930