SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yarım ilin yekunları müzakirə edilib

Yarım ilin yekunları müzakirə edilib
23-07-2021, 17:00

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2021-ci ilin I yarımili ərzində öz işini təsdiq olunmuş iş planına, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirələrdə verilmiş tapşırıqlara əsasən qurub. Bu istiqamətlər üzrə I yarımil ərzində nazirlik tərəfindən gənclərlə iş və idman sahəsində 133 tədbir keçirilib, bunlardan 67-i gənclərlə iş, 66-sı isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir müavini Məcid Seyidov bildirib. Qeyd edilib ki, ötən dövr ərzində yeniyetmə və gənclərin intellektual bilik  və bacarıqlarının yüksəldilməsi, Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması, tariximizin öyrənilməsi, təhlili və gələcək nəsillərə çatdırılması, qədim diyarımızın tanıdılmasında rollarının artırılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilib. Belə ki, gənclərin “20 Yanvar - şəhidlik zirvəsi” mövzusunda təşkil olunan onlayn  konfransda iştirakının təmin olunması, Vətən müharibəsi iştirakçıları ilə görüşlər, “Hədəf”  atış  təlimi, “Vətən naminə” hərbi-idman oyunu, “Zəfərə gedən yol və 44 günlük müharibə” devizi ilə intellektual oyun, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə keçirilən profilaktik tədbir, sosial şəbəkələrdə paylaşılan “Qəhrəmanlar unudulmur” adlı videoçarxlar gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edib. “Xəmsə”, “Axtar tap”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, “Nizami dünyası” adlı teatr və rəsm müsabiqələri, “Gənc rəssamların incəsənət döyüşü”, “Yaradıcı Gənclər Akademiyası” layihəsi çərçivəsində təşkil olunan kurslar gənclərin intellektual səviyyəsi və zehni inkişafının stimullaşdırılması, karyera istiqamətləri, yaradıcılıq imkanları və təhliletmə bacarıqlarına əhəmiyyətli təsir göstərib. Bunun nəticəsidir ki, Bakı şəhərində keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatında “Diplomat” komandası 2-ci, respublika könüllüləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununda isə Naxçıvan könüllülərinin komandası qalib adını qazanıb.

         Məcid Seyidov vurğulayıb ki, nazirlik tərəfindən 2021-ci ilin I yarımilində muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb və bir sıra tədbirlər həyata keçirilib. Ötən ilin avqust ayından inşasına başlanılmış Uzunoba Təlim-Məşq İdman Kompleksi aprelin 3-də Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilib. Dövlət proqramına uyğun olaraq muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şərait yaradılması, bu sahədə investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və pullu xidmət növlərinin inkişaf etdirilməsi baxımından bu hadisə mühim əhəmiyyət daşıyır. Həmçinin, bu istiqamətdə Kəngərli rayonunda özəl investisiya qoyuluşu hesabına fitnes zalı fəaliyyətə başlayıb, Qabıllı kəndində yeni mini futbol stadionu tikilərək istifadəyə verilib, Ordubad Rayon Mərkəzi Stadionun tikintisi istiqamətində işlər davam etdirilib.          

         Diqqətə catdırılıb ki, ilk dəfə olaraq muxtar respublikamızda kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib ki, bu da Naxçıvan şahmatına göstərilən yüksək etimad, böyük idman nailiyyətidir. Naxçıvan şahmatçılarının titullu zəka sahibləri ilə bir yarışda iştirak etməsi onlar üçün böyük təcrübə olmuş, gələcək nailiyyətlər üçün zəmin yaratmışdır. Bunun nəticəsidir ki, yeniyetmə idmançımız Nəsrin Babayeva Serbiyada keçirilən beynəlxalq turnirdə qadınlar arasında qalib olmuş, digər təmsilçimiz Sadiq Qarayev isə 18-yaşadək şahmatçılar arasında ikinci yerə layiq görülüb. Ali Məclis Sədrinin gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında 12 iyul 2020-ci il tarixli Sərəncamı ilə Nazlı Hümbətovanın adı  Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib. Nazirlik və idman federasiyaları tərəfindən qonşu ölkələrin idman qurumları ilə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib, ixtisaslı kadrların formalaşdırılması işi diqqətdə saxlanılıb. Bu baxımdan Türkiyə alpinistlərinin Haçadağa yürüşü, şahmatçıların onlayn formatda keçirilən beynəlxalq yarışlarda, məşqçilərin isə nəzəri-praktiki kurslarda iştirakının təmin olunması, hakimlər üçün təlim-məşq toplanışları  və seminarların təşkilini qeyd edə bilərik. Yeniyetmə idmançımız Sadiq Kərimov Ukraynada keçirilən universal döyüş növləri üzrə dünya kubokunun qalibi olub, Bakı şəhərində atletikanın qaçış növü üzrə Azərbaycan çempionatları və pauerliftinq üzrə qran-pri turnirində muxtar respublika idmançılarının iştirakı təmin edilib, təmsilçilərimiz bu yarışlarda 3 qızıl və 1 bürünc medal əldə ediblər.

         Nazir müavini bildirib ki, iyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında verilmiş tapşırığa əsasən, Gənclər və İdman Nazirliyi gənclərlə işə diqqəti artırmalı, idman federasiyaları ilə birgə yarışlar keçirilməli, dövlət proqramının icrası təmin edilməlidir. Həmçinin nazirlik 2021-ci ilin II yarımili ərzində də idman federasiyaları ilə birgə qarşıya qoyulmuş tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini özünün gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşdirməli, nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir. Muxtar respublikada gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıya, gənclər və idman siyasətinin hərtərəfli inkişafı üçün görülən işlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığımızı bildiririk.

         Sonra Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyevanın, Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimovun və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanovun çıxışları dinlənilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930