SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bostan məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır

Bostan məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır
13-07-2021, 23:06

Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də bazara qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə, hətta zəhərlənmələrə belə, səbəb ola bilər. Qarpızda nitratların norması 60 milliqram/­kiloqram, qovunda isə 90 milliqram/kiloqram olmalıdır.

Zəhərlənməmək üçün qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır. İstehlakçıların nəzərinə çatdırmaq istərdik ki, qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir.
Kəsiləndən sonra qarpızın düzgün qaydada saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra qarpızı 1 sutkadan artıq saxlamaq düzgün deyil. Kəsilmiş qarpız bir neçə gün qalarsa, onda çoxlu patogen mikroflora əmələ gəlir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. Bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır.
Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd-yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin solğunluğu isə məhsulun köhnə olduğunu göstərir. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Yerdən 20 santimetr hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış yerində kəsdirmək məsləhət deyil. Qarpızı əvvəl yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.
Qeyd edək ki, daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bostan bitkilərinin keyfiyyətinə nəzarət mütəmadi olaraq nəzarət edilir. 2021-ci ilin ötən dövrü ərzində cəmiyyət tərəfindən bostan məhsullarından 24 halda səyyar olmaqla, ümumilikdə, 33 halda orta nümunələr götürülərək laboratoriyada ekspertizadan keçirilmişdir. Aparılan laboratoriya müayinələri zamanı məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ-texniki sənədlərin tələblərinə uyğun olmuşdur.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031