SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətənə olan sevgisini döyüşlərdə sübut edən qəhrəman

Vətənə olan sevgisini döyüşlərdə sübut edən qəhrəman
11-07-2021, 23:00

İllər keçəcək, zaman adlayacaq. Amma Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindən, bu müharibədə əldə edilmiş möhtəşəm Zəfərdən həmişə danışılacaq, o günlər iftixar hissi ilə xatırlanacaq. Bu qürurlu anları bizlərə yaşadan qəhrəman eloğlularımızdan hər birinin həyatı dönədönə öyrəniləcək, gələcək nəsillərin hərbi-vətənpərvərlik tərbiyəsində mənbə olaraq istifadə ediləcək. İllər ötsə belə, 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki ərazi bütövlüyümüz uğrunda aparılan mübarizədə dastan yazan qəhrəmanlarımızı tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur. Belə qəhrəman oğullarımızdan biri də baş leytenant Əliyev Xızır Kamil oğludur. Onunla bu yaxınlarda, döyüş yoldaşları ilə birgə 26 iyun Silahlı Qüvvələr günü qrup yoldaşları, şəhid baş leytenant Elnur Zeynalovun ailəsini ziyarət etdikləri zaman görüşdük. Bildirək ki, Culfa rayonunun Göydərə kəndində anadan olan igidimiz 2008-2011-ci illərdə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. İxtisaslı zabit kimi yetişmək arzusu ilə o, 2011-2015-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib və peşəkar kəşfiyyatçı kimi hərbi xidmətə başlayıb. Vətən müharibəsi başlayan zaman Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları sıralarında xidmətini davam etdirən baş leytenant Xızır Əliyev də 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində bir kəşfiyyatçı kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılıb. Ürəyi Vətən, torpaq eşqi ilə alışıb-yanan cəsur həmyerlimiz döyüş yoldaşları ilə birgə irəliyə doğru hərəkət edərək düşmənin ön istehkamlarını yara-yara, haqq-hesab çəkməyə başlayır. Ən çətin və ağır əməliyyatlarda iştirak edən baş leytenant Xızır Əliyev həmin anları belə ifadə etdi: Döyüşlər başlayan vaxt biz artıq ön xətdə idik. Komandanlıq bizi ermənilərin təmas xəttində atəşkəsi tez-tez pozmaları barədə məlumatlandırmışdı və hər an müharibəyə hazır olmağımızı bildirmişdi. Həmin gün biz sabaha qədər səngərdə mövqelərimizi möhkəmləndirdik. Səhər açılana yaxın ermənilər iriçaplı pulemyotlarla və ağır texnikalarla bizim mövqelərimizi atəşə tutdular. Hücum əmri verilən kimi özümlə apardığım bayrağı qoruyucu jiletin altından çıxarıb öpdüm və yenidən ürəyimin üstünə qoydum, “Vətənə və Bayrağa and olsun!” – deyib, silaha sarıldım. Avtomat, pulemyot səsləri, mərmi partlayışları adi hal almışdı. Artıq Vətən müharibəsində tarix yazmağın zamanı çatmışdı. Bu şərəfli yolda bir məqsəd var idi – düşmənə sarsıdıcı zərbələr endirmək, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək, gələcək nəsillərə bütöv bir Vətən miras qoymaq. Bu yolda hamımız canımızdan, qanımızdan keçməyə hazır idik… Elə ilk gündən döyüş yoldaşlarımla birlikdə mənfur düşmənə sarsıdıcı zərbələr endirdik. Kəşfiyyatçı olduğumuz üçün ilk olaraq əks-hücuma biz keçdik. Qisas vaxtı yetişdiyinə görə sevinir, vətəndaşlarımıza qələbə xəbəri vermək üçün tələsirdik. Döyüşlərin ilk 2 günü gecə-gündüz döyüşdük. Həmin vaxt biz onların bir tankını da ələ keçirdik. Düşmən çox hiyləgər idi. Bizim yaxınlaşdığımızı görən kimi, ancaq qaçırdı. Onların postuna daxil olan kimi özlərini itirirdilər. Adətən, düşmən postlarına gizlin sızırdıq. Gəldiyimizi gözləmədikləri üçün bizi görən kimi vahiməyə düşürdülər. Yolumuz çox çətin bir yol idi. Deyim ki, tərkibində olduğum bölük əsasən kəşfiyyatçılardan ibarət idi. Burada əməliyyat qrupu demək olar ki yox idi. Xüsusi bacarığı olan döyüşçüləri seçib əməliyyat qrupu yaradılmışdı. Biz keçilməz dağlarla, aşırımlarla kilometrlərlə məsəfəni qət edərək düşmənin arxasına keçib həmlələr etməli, düşmənin təchizat, təminat bazasını ələ keçirməli və düşmənin arxa ilə rabitəsini kəsməli idik. Dayanmadan saatlarla hərəkət edirdik. Düşmən yerimizi bilməsin deyə daim hərəkətdəydik. Bu zaman düşmənin mövqe tutduğu bir sıra vacib postları aldıq. Bizim vəzifəmiz düşmənə sarsıdıcı zərbə vurub, ərazini təmizləmək idi. Sonra həmin ərazilər Quru qoşun qüvvələrinə təhvil verilir, biz isə başqa ərazilərə gedirdik. Təcili yerimizi dəyişmək barədə bizə rabitə ilə tez-tez əmr gəlirdi. Döyüşdə komandirimizlə daim rabitə əlaqəsində idik. Komandirimizdən düşmənin bir sıra döyüş eşalonlarını məhv etmək və bir sıra istehkamları ələ keçirmək əmri verildi. Deməli, düşmən Cəbrayıl rayonunda zəncirvari səngər sisitemi yaratmışdı. Çox keçilməz bir mövqe yarada bilmişdilər. Oranı keçmədən başqa rayonlara yol açmaq mümkün deyildi. Bizim orada çox ağır döyüşlərimiz oldu. Burada 3 gün ağır döyüşlərdən sonra bizə verilən bu çətin tapşırığı da yerinə yetirib düşmənin içərisinə doğru irəlilədik. Adətən, gecələr hərəkət edirdik. Gündüzlər hərəkət edən zaman düşmənə görüntü verə biləcəyimizdən ehtiyatlanırdıq. Hətta bəzən düşmənlə o qədər yaxın məsafədə olurduq ki, döyüş yoldaşlarımızla səsli danışıq belə etmirdik. Yalnız əl işarələri, bədən dili ilə bir birimizlə danışırdıq. Bizə öyrədilən hərbi işarələrlə birbirimizi başa salırdıq. Qeyd edək ki, qəhrəmanımız döyüşlərin elə ilk gün lərin - də – Milli qəhrəmanımız Mübariz İbrahimovun adının verildiyi “Mübariz postu”nun düşməndən geri alınması zamanı qəlpə yarası alır. İlk tibbi yardım göstərildikdən sonra, o, döyüş yoldaşlarının yanına qayıdaraq çətin döyüş tapşırıqlarında onları tək qoymamış, mübarizə əzmi göstərmiş, yenidən silahını əlinə alaraq mənfur düşmən üzərinə yerimişdir. Növbəti ağır döyüşlərin birində ikinci dəfə ağır yaralanmışdır. Yaralı olmağını qəbul edə bilməmişdir. Aldığı qəlpə yarasına baxmayaraq təkidlə döyüşlərə geri dönmək istədiyini bildirsə də həkimlər buna icazə verməmişdir. Bildirək ki, baş leytenant Xızır Əliyevə elə döyüşlər gedə-gedə mükafat verilib. O, göstərdiyi peşəkar döyüş məharətinə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib. Bundan başqa, igidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib. Söhbətimiz zamanı öyrəndik ki, igidimiz baş leytenant Xızır Əliyevin özündən iki yaş balaca qardaşı, baş leytenant Fəzli Əliyev də müzəffər ordumuzun sıralarında vuruşmuş qəhərmanlarımızdan biridir. Aparılan döyüş əməliyyatlarında qardaşı kimi əsl peşəkarlıq və vətənpərvərlik nümunələri göstərən baş leytenant Fəzli Əliyev düşmənə həlledici raket zərbələri vurmaqla onu sarsıdıb. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun raket-artilleriya və tank əleyhinə bölmələri tərəfindən düşmənin döyüş texnikası və canlı qüvvəsinin dəqiq atəş zərbələri ilə məhv edilməsində peşəkarlığı ilə seçilib. Bildirək ki, baş leytenant Fəzli Əliyev də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bu gün fəxrlə söyləyirik ki, ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma torpaqlarımızı yağı düşməndən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi və bu yolda bir yumruqtək birləşdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi, Ordumuzun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaddaşlara yazıldı.

Ədalət CƏFƏROĞLU

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031