SON DƏQİQƏ

naxcivanxeberleri.com

Politoloq Anar İbrahimov: “Qars müqaviləsi və Şuşa Bəyannaməsinin imzalanması tarixi zərurətdir”

Politoloq Anar İbrahimov: “Qars müqaviləsi və Şuşa Bəyannaməsinin imzalanması tarixi zərurətdir”
11-07-2021, 22:17

1921-ci il oktyabrın 13-də Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Bu il bu taleyüklü sənədin imzalanmasının 100 illiyi tamam olur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir”. Qədim diyarın statusu məsələsində həlledici rol oynamış Qars müqaviləsinin əhəmiyyətini politoloq Anar İbrahimovla müzakirə etmişik.

– Anar müəllim, “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixli Sərəncamı və həmin sənədə əsasən təsdiq olunan Tədbirlər Planı müqavilənin tarixi əhəmiyyətini bir daha ortaya qoyur. Bu barədə fikirləriniz maraqlıdır. – Qars müqaviləsinin 100 illiyinin qeyd olunması ilə bağlı imzalanan Sərəncam muxtar respublikada dövlətçilik ənənələrimizə, tariximizə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Tədbirlər Planında “Qars müqaviləsi və Naxçıvan” mövzusunda konfransın, Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universiteti ilə birlikdə Qars şəhərində “Qars müqaviləsinin tarixi əhəmiyyəti” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsinin hazırlanması, “Qars müqaviləsi – 100” mövzusunda interaktiv dərsin keçirilməsi, “Naxçıvan” jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi, “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmaların davam etdirilməsi, yubiley tədbirinin keçirilməsi, zərf və poçt markalarının buraxılması, elmi əsərlərdən ibarət sərginin təşkil edilməsi nəzərədə tutulub. Bütün bu tədbirlər müqavilənin daha geniş elmi ictimaiyyət tərəfindən öyrənilməsinə, tədqiq olunmasına, indiyə kimi araşdırılmayan tarixi faktların ortaya çıxarılmasına şərait yaradacaq. Ümumiyyətlə, Qars müqaviləsinin tarixi əhəmiyyətinin açılması, öyrənilməsi məhz milli maraqlarımıza, mənafelərimizə xidmət edir. Bu mənada müqavilənin 100 illiyinin qeyd olunması haqqında muxtar respublika rəhbəri tərəfindən Sərəncamın imzalanması təqdirəlayiq haldır. – Anar müəllim, XX əsrin əvvəllərində Qafqazda cərəyan edən hansı hadisələr Qars müqaviləsinin imzalanmasını zəruri edirdi? – XX əsrin əvvəllərində Qafqazda bir sıra geopolitik dəyişmələr baş vermişdi. Çar Rusiyasının süqutu və Birinci Dünya müharibəsinin yekunları bu dəyişmələrin başlanğıcı oldu. Eyni zamanda, bölgədə nüfuz sahibi olan Osmanlı imperiyasının dağılması ilə bu proseslər daha da genişləndi. Bütün bunlar birbaşa Cənubi Qafqazdakı siyasi proseslərə təsir etmişdi. Məlum olduğu kimi, bu dövrdə yerli xalqlar öz müqəddəratını təyin etmək hüququ qazanmışdılar və Azərbaycan Xalq Cümhuriyyəti də məhz bu vaxt – 1918-ci il mayın 28-də yaranmışdı. Lakin Cümhuriyyətin ömrü cəmi 23 ay oldu. Bolşevizmi əlində bayraq edən Rusiya mərkəzi hakimiyyəti itirdiyi gücü və nüfuzu bərpa etməyə başladı və 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoydu və beləliklə, Azərbaycan sovetləşdi. Daha sonra Ermənistan və Gürcüstanda da sovet hakimiyyəti bərqərar oldu. Sözügedən dövrdə Osmanlı imperiyası süqut etmiş, yeni dövlət qurulmuş, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin böyük bir hissəsindən işğalçılar qovulmuşdu. Reallıq yaranmışdı ki, Türkiyə ilə Rusiya arasında gələcək perspektivlərə dair anlaşma olsun. Anlaşmanın ilkin rüşeymi 16 mart 1921-ci ildə Rusiya və Türkiyə arasında imzalanmış “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində atılmışdı. 16 maddə 2 əlavədən ibarət olan müqavilənin 3-cü maddəsinə əsasən belə bir qərar qəbul edilmişdi ki, Naxçıvan vilayəti bu müqavilənin əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında qalır, heç bir zaman üçüncü bir dövlətə güzəştə gedilmir. Qəbul edilən müqavilənin daha geniş tətbiqi üçün 13 oktyabr 1921- ci ildə Qars konfransı təşkil olundu. Konfransda Rusiyanın iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları və Türkiyə Böyük Millət Məclisinin höküməti Türkiyə ilə Cənubi Qafqaz dövlətləri arasında sərhədlərin müəyyənləşdirilməsi və gələcək perspektivlərə dair saziş imzaladı. – Bu dövrdə cərəyan edən hansı hadisələr Naxçıvanın muxtariyyət məsələsini gündəmə gətirdi? –1920-ci il oktyabr ayının 28-də sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bir müqavilə imzalanmışdı və müqavilə imzalanarkən Azərbaycanın rəyi nəzərə alınmamışdı. Razılığa görə, Zəngəzur və Naxçıvan Ermənistana güzəştə gedilmişdi. Ermənistanda bolşevik hakimiyyəti qurulduqdan sonra Azərbaycan Hərbi İnqilab Komitəsi sovet Rusiyasının təzyiqi və diktəsi ilə yazılmış bir Bəyanatla çıxış etdi. Bəyanatda qeyd olunurdu:“Bundan sonra heç bir ərazi məsələsi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Zəngəzur ərazisində bütün hərbi əməliyyatlar dayandırılır. Sovet Azərbaycanının bütün qoşunları oradan çıxarılır”. Bu Bəyanat yerli xalqla yanaşı, Türkiyə nümayəndələrinin də güclü narazılığına səbəb oldu. Vəziyyətin çıxılmaz olduğunu görən Azərbaycan rəhbərliyi mahir diplomat Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Behbud ağa Şahtaxtinskinin güclü iradəsi və səyi ilə mövcud problemlərin həllinə başlanıldı. Naxçıvan əhalisi ilə görüşlər zamanı Behbud ağa Şahtaxtinski açıqca demişdi:“ Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edə biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər”. Naxçıvan əhalisinin güclü iradəsi və qətiyyəti qarşısında tab gətirə bilməyən Rusiya tərəfi Türkiyənin təklifləri ilə razılığa gəlməyə vadar oldu. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi. Ermənistan SSR hökümətinin yeni ilhaq cəhdləri isə 1921-ci ilin yanvar ayında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxunun mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalması istəyi ilə puç oldu. – Qars müqaviləsində Naxçıvanın statusu necə müəyyən olunmuşdu? – Məlum olduğu kimi, XX əsrin əvvəllərində Qafqazda bir çox işğal ocaqları var idi. Xüsusilə, erməni qüvvələrinin hər zaman olduğu kimi, bu dövrdə də Naxçıvan torpağına qarşı ərazi iddiaları var idi. Müəyyən vaxtlarda Naxçıvana edilən basqınlar, törədilən qətliamlar yerli əhali ilə yanaşı, hakim qüvvələrin də narahatlığına səbəb olmuşdu. Həmin dövrdə erməni işğalçılarına qarşı mübarizə aparan Türkiyə ordusu müvəqqəti olaraq Naxçıvanda da yerləşərək yerli özünümüdafiə qüvvələrinə kömək edirdi. Böyük hissəsi müsəlman azərbaycanlılardan ibarət olan Naxçıvan əhalisi isə bu müddət ərzində qəhrəmanlıqla müdafiə olunmuş və heç bir halda üçüncü dövlətin hakimiyyətini qəbul etməmişlər. Qeyd etmək yerinə düşər ki, hələ Moskva müqaviləsində Naxçıvanın statusu ilə bağlı siyasi razılığa gəlinmişdi. Qeyd olunmuşdu ki, Naxçıvan bölgəsi heç bir halda Ermənistanın tərkibində ola bilməz. Daha sonra bunun Qars müqaviləsində əks olunması prosesi başladı. Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər də müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Müqavilənin bu maddəsində göstərilirdi ki, Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər. Qeyd edək ki, Qars müqaviləsində sərhədlərin müəyyənləşdirilməsi də öz əksini tapdı. Bu, siyasi baxımdan çox böyük bir uğur idi. Çünki Qars müqaviləsinin imzalanması ilə ermənilərin Naxçıvan iddialarının və burada möhkəmlənmələrinin qarşısı alındı. – Ümummilli liderimiz Heydər Əliyev də Qars müqaviləsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirirdi. – Qars müqaviləsinin mövcud müddəaları Naxçıvanın sovetləşmə dövründən sonra siyasi statusunun dəyişməsinə bir sipər rolunu oynadı. Naxçıvan sovet rejiminə daxil olduğu müddətdə belə, onun statusunun dəyişdirilməsinin qarşısı məhz bu sənədlə alındı. Hətta geniş yanaşsaq, ötən əsrin 90-cı illərində məlum hadisələr baş verən zaman Naxçıvanın qorunub saxlanılmasında və müdafiəsində müqavilə müstəsna rol oynadı. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev Qars müqaviləsini gündəmə gətirmiş, dəfələrlə bu tarixi sazişin əhəmiyyəti barədə danışmışdı. Çünki müqavilədə qeyd olunan müddəalar Naxçıvanın statusunun qorunması, statusun dəyişməzliyi baxımından və Azərbaycana məxsusluğuna görə böyük əhəmiyyət daşıyır. Ulu öndər bu barədə demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. – Bu ilin iyun ayında Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa Bəyannaməsi” ilə Qars müqaviləsi arasında tarixi oxşarlıq da var. – XX əsrin əvvəllərindən etibarən cərəyan edən hadisələrə nəzər salsaq görərik ki, iki qardaş ölkə – Türkiyə və Azərbaycan daim yan-yana olublar. Çanaqqalada Türk qardaşlarımız işğalçı qüvvələrə qarşı mübarizə aparan zaman azərbaycanlılar onlarla çiyin-çiyinə döyüşdülər. Erməni cəlladı Andranik Ozanyanın qoşunları Naxçıvana basqınlar edən zaman şanlı Türk Ordusu köməyə gəldi. Ötən əsrin 90-cı illərində istifadəyə verilən və Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü o dövrdə blokadanın ağır günlərini yaşayan muxtar respublika sakinləri üçün sözün həqiqi mənasında, ümid işığı oldu. Müstəqillik illərində Azərbaycan- Türkiyə əlaqələri yeni müstəvidə inkişaf edir. Qeyd etmək yerinə düşər ki, Naxçıvanın statusu məsələsində həlledici rol oynamış Qars müqaviləsinin yubiley ilində işğaldan azad olunan Şuşa şəhərində Türkiyə və Azərbaycan liderləri tərəfindən imzalanmış “Şuşa Bəyannaməsi” həm də dünyaya bir ismarıc idi. Bu, Türkün gücünü, birliyini, bərabərliyini ifadə edən, sülhü və təhlükəsizliyi, bölgədə davamlı inkişafı tərənnüm edən çox mühüm sənəddir. Başqa sözlə, 100 il bundan əvvəl Qars müqaviləsinin imzalanması ilə ədalətli mövqe nümayiş etdirən qardaş Türkiyə dövləti “Şuşa Bəyannaməsi” ilə Azərbaycan-Türkiyə əlaqələrinin yeni formatda, yeni tarixi reallıqda inkişaf etdiyini bəyan etdi. Fikrimcə, Qars müqaviləsinin, eləcə də “Şuşa Bəyannaməsi”nin imzalanması tarixi zərurətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəyannamə imzalanan zaman bir daha Qars müqaviləsini yada salaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. – Anar müəllim, Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Bu bir daha sübut edir ki, Naxçıvan çox əhəmiyyətli coğrafiyada yerləşir. – 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr tarixli birgə Bəyannaməyə dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Naxçıvanla bağlı müddəa da əlavə olunub. Bu, Azərbaycan dövlətinin böyük siyasi qələbəsidir. Beləliklə, üçtərəfli razılaşmaya görə Zəngəzur dəhlizi yaradılır və Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında nəqliyyat- kommunikasiya əlaqələri bərpa olunur. Sizin də qeyd etdiyiniz kimi, muxtar respublika çox əhəmiyyətli bir coğrafiyada yerləşir. Yeni dəhlizin istifadəyə verilməsi ilə Naxçıvan Türk dünyasını birbirinə birləşdirəcək logistik mərkəz rolunu oynayacaq, bölgədə iqtisadi, ticari, turizm əlaqələri yeni formatda inkişaf edəcək. Zəngəzur dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı anti- Türk təbliğatına, bir əsrdir ki, Naxçıvan xülyası ilə yaşayan düşmənə Qars müqaviləsindən daha bir mühüm zərbədir. – Maraqlı müsahibə üçün sağ olun!

Lalə ALLAHVERDİYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031