SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zəhmətkeş əllərin sorağı ilə

Zəhmətkeş əllərin sorağı ilə
10-07-2021, 20:10

   Son illər muxtar respublikamızda davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini regionlarda kənd təsərrüfatında yüksək inkişafa nail olmaq, o cümlədən respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Bu mənada, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Ailə təsərüfatlarının yaradılması,  damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılmasına yardım məqsədilə heyvandarlıqla məşğul olan fermerlərə banklar və digər kredit təşkilatları tərəfindən müxtəlif kreditlərin verilməsi təmin edilir. Digər tərəfdən, baytarlıq xidmətlərini müasir tələblər səviyyəsində təşkil etmək məqsədilə bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, kənd təsərrüfatında həyata keçirilən məqsədyönlü siyasət adıçəkilən sahənin inkişafına öz müsbət təsirini göstərir və artıq ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir.

   Təsərüfat həyatının özəyini təşkil edən maldarlıq xalqımızın ən qədim məşğuliyyətlərindən biri kimi bu gündə ən gəlirli sahələrdən biri sayılır. Bu sahə sözsüz ki, gəlirli olması ilə bərabər həm də özündə bol zəhməti, əziyyəti birləşdirir. Bu mənada, biz də zəhmətkeş əllərin sorağı ilə yolumuzu bu dəfə Kəngərli rayonunun Qarabağlar kəndinə saldıq. Zəngin təbiəti ilə fərqlənən Qarabağlar kəndi Kiçik Qafqaz silsiləsinin ətəyində əlverişli və səfalı bir ərazidə yerləşir. Iki min nəfərə yaxın əhalisi olan bu kəndin böyük bir qismi bizim də qonağı olduğumuz Cabbarovlar  ailəsi kimi öz dolanışığını bağçılıq, bostançılıq, arıçılıq və maldarlıqla təmin edir. Ailənin böyüyü, yaşı 55-i ötmüş Eldar kişi 10 ildən çoxdur ki, ata-babasından görüb-götürdüyü maldarlıq təsərrüfatı ilə məşğul olur. Gününün böyük bir qismini elə təsərüfatında min bir əziyyətlə saxladığı mal-heyvanına, toyuq-cücəsinə, qoyun-quzusuna baxmaqla keçirir. Belə çətin və ağır zəhmət tələb edən işdə onun ən yaxın köməkçiləri isə ailə üzvləridir. Bu qonaqpərvər ailə ilə həmsöhbət olarkən öyrəndik ki, onlar maldarlıq təsərrüfatı ilə yanaşı bağçılıq-bostançılıqla da məşğul olurlar. Bir sözlə Eldar kişinin süfrəsinə qoyduğu bütün nemətlər öz əziyyətinin bəhrəsidir.

   Müsahibimiz deyir ki, kəndimizdə hansı qapını döysən orda təsərrüfatla məşğul olan zəhmət adamlarını görəcəksən. Kimisi bağçılıq, bostançılıq, kimisi arıçılıq, quşçuluq, kimisi də bizim kimi maldarlıqla məşğul olur. Yəni, hər kəs öz halal ruzisini təsərrüfatdan çıxarır. Mən də bu işə 2 inəklə başlamışam. Ötən ilin fevral ayında əldə etdiyim kreditlə aldığım 3 baş Simental cinsi inəklə birlikdə təsərrüfatımda ümumilikdə 10 baş iribuynuzlu südlük inək var. Hər gün 30-40 litrə yaxın süd istehsal edirik. Keyfiyyətli və təmiz məhsullarımız Naxçıvanla yanaşı digər şəhərlərdə də özünə xeyli alıcı kütləsi qazanıb.

  Təsərrüfatçı illərin qazandırdığı təcrübə ilə heyvandarlığın qayğılarından danışaraq qeyd edir ki, bu sahə həm də özündə ağır məsuliyət daşıyır. Çünki, bir heyvanın tələf olması təsərrüfatçı üçün ağır itgidir. Bu səbəbdən heyvandarlıqla məşğul olan təsərrüfatçılar yetişdirmə işlərində iki əsas qaydaya ciddi riayət etməlidir. Onlardan birincisi saxlanılan heyvanın sağlamlığıdır. Erkən yaz dövründə heyvanlar qışdan yenicə çıxdıqları üçün xəstəliyə yoluxma riski yüksək olur. Bu səbəbdən təsərüfatçılar yaz aylarının gətirdiyi müxtəlif xəstəliklərin əleyhinə peyvəndlərdən istifadə etməlidir.

             İkinci məsələ isə heyvanların yaxşı və sağlam qidalanmasıdır. Mal-qaranın məhsuldar olması düzgün bəslənmədən asılıdır. Qidalanmanın düzgün aparılması da birbaşa heyvanın sağlamlığı ilə əlaqəlidir.

            Eldar əmiylə başladığımız səmimi söhbətə oğlu Kirman Cabbarovla davam edirik. Müsahibim deyir ki, arzularına çatmaq üçün hər zəhmətə qatlaşmalısan, insan zəhmət çəkib öz işi ilə məşğul olursa, mütləq bəhrəsini görür. Biz də bu işdə atamıza sevərək kömək edirik. Həyətimizdə 20-ə yaxın xırda buynuzlu heyvanımız, 20-30 toyuq-cücəmiz var. Şükür haramdan uzaq öz halal qazancımızı qazanırıq. Heyvanlarımızın yem tədarükünü də 3 hektar yoncalıq sahəmizdən əldə edirik. İstehsal etdiyimiz pendir, süd, qatıq, şor, yağ kimi keyfiyyətli məhsullarımız da özünə xeyli alıcı qüvvəsi toplayıb. Bir əsas məsələni də qeyd etmək lazımdır ki, iş üçün vətəndaşa daim dövlət qayğısı gərəkdir. Bunu da muxtar respublikamızın hər yerində görmək mümkündür. Biz də bu qayğıdan istifadə edərək yaxın vaxtlar ərzində təsərüfatı genişləndirmək, heyvanların sayını artırmağı düşünürük.

            Sevgi, torpaq və zəhmət...Bunların birgə vəhdətindən ortaya halal qazanc, xoşbəxtlik, ruzi-bərəkət çıxır. Qonağı olduğumuz Cabbarovlar ailəsinin timsalında bunun bir daha şahid olduq. Şahid olduq ki, insan nə olursa olsun çöhrəsindən təbəssümü, süfrəsindən halal qazancı əksik etməməlidir. Biz də bu zəhmət adamlarına sağlam həyat, bol qazanc, uzun ömür arzu edirik...

Məcid RƏŞADƏTOĞLU

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031