SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uşaqlarda sağlamlıq imkanları məhdudluğun erkən yaşlarda aşkarlanması və qarşısının alınması necə mümkündür

Uşaqlarda sağlamlıq imkanları məhdudluğun erkən yaşlarda aşkarlanması və qarşısının alınması necə mümkündür
30-06-2021, 22:45

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il mart ayının 15-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Bu proqramın həyata keçirilməsini reallaşdırmaq üçün nəzərdə tutulan Tədbirlər planında səhiyyə işçiləri qarşısında qoyulan əsas vəzifələrdən biri uşaqlarda sağlamlıq imkanları məhdudluğunun erkən yaşlarda aşkarlanması və qarşısının alınmasıdır. Bəs bu müddəanı günün tələbləri səviyyəsində həyata keçirmək məqsədilə hansı işləri görmək lazımdır?

 Məlumdur ki, uşaq yaşlarından sağlamlıq imkanlarının məhdudlaşması, əsasən, anadangəlmə inkişaf qüsurları nəticəsində baş verir. İnkişaf qüsurları isə, bətndaxili inkişaf dövründə üzv və toxumaların, müxtəlif faktorların təsirindən, qeyri-normal quruluş alması və funksiyasının pozulması nəticəsində əmələ gəlir. Təbabətdə bunlar teratogen faktorlar kimi ümumiləşdirilir. Müəyyən edilmişdir ki, yenidoğulmuşların 3-5 faizində bu və ya digər formada inkişaf qüsurları aşkar edilir.

Teratogen faktorlar daxili və xarici olmaqla, iki qrupa bölünür. Daxili teratogen faktorlara genetik amilləri misal göstərmək olar. Bu ən çox yaxın qohumlar arasında nikahdan sonra yaranan uşaqlarda baş verir və valideynlərin qohumluq dərəcəsindən, atada və ya anada irsi xəstəliyin olmasından, həmçinin xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Belə ki, yaxın qohumlar arasında olan nikahdan doğulan uşaqlarda inkişaf qüsurları digərlərinə nisbətən 4-5 dəfə çox olur.
Xarici teratogen faktorlar çoxdur və onları aşağıdakı kimi qruplaşdırmaq olar:
İnfeksion mənşəli teratogen faktorlar. Bunlara ananın keçirdiyi xəstəlikləri, xüsusən virus xəstəliklərini, qripi, suçiçəyini, qızılcanı, məxmərəyi, virus hepatitlərini, polimieliti, toksoplazmozu, xlamidiozu və digərlərini misal göstərmək olar. Hamiləliyin 12-ci həftəsinə qədər keçirilmiş qrip 20 faizə qədər, məxmərək isə 70 faiz hallarda dölün normal inkişafının pozulması ilə nəticələnir.
Metabolik pozğunluqlar və zərərli vərdiş mənşəli teratogen faktorlar. Buraya rezus uyğunsuzluq, toksiki zob, şəkərli diabet, keyfiyyətsiz qida maddələrinin qəbulu, xroniki aclıq və hipovitaminoz, çirklənmiş içməli suyun qəbulu, bir sıra mikroelementlərin və hormonların çatışmazlığı, həddən artıq kofe və tünd çayın qəbulu, alkoqolizm, siqaret çəkmək daxildir.
Kimyəvi teratogen faktorlar. Müəyyən edilmişdir ki, hamiləlik dövründə hər bir qadın 3-4 adda hansısa dərman maddəsindən istifadə edir. Bu dövrdə dərman təyini zamanı dərman maddəsinin potensial effekti və potensial zərəri dəyərləndirilməlidir. Dərman maddələri kimi istifadə olunan və teratogen təsirə malik olan kimyəvi maddələrə psixotrop preparatları, antibiotiklərin bir çoxunu, tərkibində yod, qurğuşun, civə olan kimyəvi dərman preparatlarını, epilepsiya əleyhinə olan maddələri və sair göstərmək olar.
Məişətdə istifadə olunan və tərkibində xlor olan müxtəlif yuyucu, ağardıcı, həlledici və təmizləyici maye və tozlar da, teratogen təsirli kimyəvi maddələrə aiddir.
Sənayedə və kənd təsərrüfatında istifadə olunan turşu və qələvilər, kükürd, azot, flor və onun birləşmələri, benzin, formaldehid, benzol və skipidar kimi həlledicilər, kimyəvi boyalar, texniki rezin məmulatları, xlor, ammonyak, karbon, propan, metan və digər qazlar, müxtəlif sənaye tullantıları, pestisidlər, insektisidlər, herbisidlər və mineral gübrələr teratogen təsirli kimyəvi maddələrə aiddir. Bu maddələr çirklənmiş ətraf mühitdən toz, tüstü, qaz, duman, buxar və maye şəklində orqanizmə daxil ola bilər.
İstehsalatda baş verən ionlaşdırıcı radiasiya, radioaktiv çöküntülər, rentgenoloji müayinələr, qaynaq işləri, radioaktiv yod, uzun müddət yaxın məsafədən televizor, kompüter və mikrodalğalı sobalardan istifadə edilməsi, vibrasiya, isti və soyuq vurma kimi fiziki faktorlar da terotogen təsirə malikdirlər.
Hamiləlik dövründə qadınların aldıqları mexaniki travma, bədənin uzun müddət məcburi vəziyyətdə qalması, geyim tərzi, səs dalğalarının təsiri kimi mexaniki, həmçinin stress, sarsıntılar və yuxusuzluq kimi psixi təsirlər də teratogen təsirə malikdirlər.
İnkişaf edən orqanizmə teratogen faktorların təsirinin iki mümkün yolu vardır. Bunlardan birincisi düz yolla təsirdir ki, bu halda teratogen faktorlar dölə ana orqanizmi vasitəsilə deyil, bilavasitə təsir edir. Bunlara ionlaşdırıcı radiasiyanı, mikrodalğaları, ultrasəs və sair göstərmək olar ki, bunların təsirləri ana orqanizmindən keçərkən keyfiyyətcə dəyişilmədən, yalnız cüzi dərəcədə intensivliyi dəyişə bilər. Belə ki, bu halda ana orqanizminin genetik, biokimyəvi, fizioliyi, immunoloji və sair xüsusiyyətləri heç bir əhəmiyyət kəsb etmir və baş verən dəyişikliklər yalnız teratogen faktorun xarakterindən və dölün inkişaf mərhələsindən asılı olur.
Teratogen faktorların oqranizmə təsirinin ikinci yolu qeyri-düz, yaxud dolayısı yolla olan təsirdir. Bu, mexaniki, fiziki və kimyəvi teratogen faktorların, ana orqanizminin öz daxili mühitini daim stabil saxlama mexanizmi tərəfindən kompensasiyaedici təsirinə məruz qaldıqdan sonra dölə təsir göstərməsidir.
Müasir tibb elminin qarşısında duran mühüm vəzifələrdən biri də məhz insanlarda inkişaf qüsurlarının səbəblərini və klinik təzahürlərini aşkar etmək, bu xəstəliklərin diaqnostikası, müalicə və profilaktikası yollarını müəyyənləşdirməkdən ibarətdir. Ona görə də, anadangəlmə inkişaf qüsurlarına səbəb olan risk faktorları olduqda, qüsurlu inkişafın qarşısının alınması üçün müəyyən profilaktik tədbirlərin aparılması vacibdir.
Hazırda ölkəmizdə ailə planlaşdırılması prinsipləri əsasında sağlam təməllər üzərində qurulmuş ailələrdə hamiləlik planlaşdırılmış qaydada olmalı, valideynlər həkim-genetikin, ginekoloqun, uroloqun və lazım gəldikdə digər mütəxəssislərin qəbulunda olub onların məsləhətilə müəyyən müayinələrdən keçməlidirlər. Ailənin komplektləşdirilməsi cavan yaşlarda başa çatdırılmalıdır. Hamilə qadın müəyyən edilmiş qaydalara əsasən periodik olaraq həkim nəzarəti altında olmalıdır. Hamiləliyin birinci üç ayı ərzində dərman maddələrindən istifadə etməməyə çalışmaq lazımdır. Dərman maddələrindən yerli olaraq istifadəyə üstünlük vermək, hamilə qadınların həkim məsləhəti olmadan özünümüalicəsi yolverilməzdir. Dərman müalicəsi dövründə ananın və dölün vəziyyəti, mütləq, həkim nəzarəti altında olmalıdır. Spirtli içkilər istifadə etmək, siqaret çəkmək və siqaret çəkilən yerdə durmaq olmaz. Hamilə qadın keyfiyyətli və müxtəlif çeşidli qidalarla, xüsusən meyvə və tərəvəzlə qidalanmalıdır.
Bu şərtlərə əməl etməklə övladlarımızın, gələcək nəslin sağlamlığının qayğısına qalmış olarıq. Muxtar respublikamızda isə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına, onların müayinə və müalicəsinə hərtərəfli şərait yaradıldığı kimi, anadangəlmə inkişaf qüsurlarının və beləliklə də, sağlamlıq imkanları məhdudluğunun erkən yaşlarda aşkarlanması və qarşısının alınması üçün də kifayət qədər müasir səhiyyə xidməti, tibbi personal formalaşdırılmışdır.

İsa Abdullayev
tibb elmləri doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930