SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordum varsa, yurdum var

Ordum varsa, yurdum var
27-06-2021, 20:25

          Güclü ordu hər bir dövlətin, xalqın təhlükəsizliyinin qarantıdır. Bu gün müasir cəmiyyətimizdə baş verən müxtəlif müharibələr və münaqişələr bir daha təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər.

 

“Keçmişi unutma, çünki o, gələcəyin müəllimidir”

          1990-cı illərin əvvəlləri gənc, müstəqil Azərbaycan üçün əsl çətin sınaq dövrü idi. 1991-ci il oktyabrın 18-də ölkəmiz ikinci dəfə dövlət müstəqilliyini elan etsə də, bu proses əslində formal xarakter daşıyırdı. Çünki müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir liderin olmaması daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, nəhayət, Azərbaycan ərazilərinin davamlı işğalı ilə nəticələnmişdir. Təbii ki, ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət digər sahələrlə bərabər, ordu quruculuğuna da təsirsiz ötüşməmişdi. Belə ki, ordunun həm struktur, həm də güc baxımından mövcud şəraitin tələblərinə cavab verə bilməməsi, Ermənistanın ərazi iddialarına və xarici müdaxilə təhlükəsinə münbit zəmin yaratmışdı.

          Həmin dövrdə cəmiyyətin bütün təbəqələri yaxşı bilirdi ki, yenicə müstəqillik əldə edən ölkəni düşdüyü çətin və ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ümummilli lider Heydər Əliyevdir. Bu bütöv Azərbaycan xalqının müqəddəs amalı və niyyəti idi.

          Xalqın israrlı tələbi və xahişilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində və dövlətçiliyində yeni bir eranın başlanğıcı oldu. Qısa zaman kəsiyində əldə edilən sosial-iqtisadi və dinamik inkişaf dövlətimizin  möhkəmləndirilməsində və xalqımızın strateji mənafelərini təmin edən müasir cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ulu öndər əmin idi ki, ölkəmizin bütövlüyünün qorunub saxlanılmasında başlıca amil nizam-intizamlı, eyni zamanda vahid mərkəzdən idarə edilən müasir ordunun yaradılmasıdır. Bu baxımdan qısa müddətdə ölkəmizdə digər sahələrlə bərabər, ordu quruculuğunda da əsaslı islahatlar aparılaraq, mövcud nöqsanlardan aradan qaldırıldı və yeni hərbi hissələrin formalaşdırılmasına başlandı. Müxtəlif hərbi hissə rəhbərliklərinə Vətəninə sədaqətli zabitlərin təyin olunması prioritet vəzifəyə çevrildi. Təbii ki, reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər ordu quruculuğu sahəsində əsaslı dönüş yaratdı. Belə ki, ilk öncə, Füzuli, sonra Ağdam-Tərtər istiqamətində aparılan uğurlu döyüşlər ordumuzun qısa müddətdə mükəmməl təşkilatlandığını hər kəsə nümayiş etdirdi və bu dəyişiklik haqlı olaraq düşmən qüvvələrini də təşvişə saldı. Yenicə yaranmağa və formalaşmağa başlayan ordumuz qarşısında böyük itkilər verən düşmən qüvvələri atəşin dayandırılmasına daha ciddi yanaşdılar və bunun nəticəsi olaraq 1994-cü ilin may ayında cəbhədə atəşkəs elan edildi. Bu sahəyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşan dahi lider Heydər Əliyev 1998-ci il mayın 28-də imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun tarixini Azərbaycan Silahlı Qüvvələri Günü elan etdi. Eyni zamanda 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci ildə isə ölkəmizdə fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması haqqında da müvafiq fərmanlar imzalandı.

         

Arzulardan reallığa - şərəfli missiya

          Türk dünyasının məşhur alimi, elmdə Aristoteldən sonra “İkinci müəllim” fəxri adını qazanmış Əbu Turxanın müdrik bir kəlamı var: "Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür". İdeya əbədi olanda, şübhəsiz ki, şəxsiyyət də əbədiyyətə qovuşur. Ən vacib məqam isə ideya sahiblərinin yarım qalan arzularının reallığa çevrilməsidir.

          Bu gün ulu öndər Heydər Əliyev siyasətini bütün parametrlər üzrə böyük siyasi iradə və qətiyyətlə davam etdirən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğunun da inkişafına böyük töhfə verib.

          Azərbaycan Ordusu 103 illik tarixində mürəkkəb, ziddiyyətli, eyni zamanda şərəfli bir yol keçib. Lakin etiraf etmək lazımdır ki, müasir Azərbaycan ordusu tarixinin heç bir mərhələsində son 25 ildə olduğu kimi inkişaf etməyib. Ötən dövrlər ərzində ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılaraq maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, eyni zamanda şəxsi heyətin müxtəlif ölkələrdə döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi  nəticəsində böyük uğurlara nail olunub.

           Əminliklə demək olar ki, müasir ordu quruculuğunu xarakterizə edən başlıca amillərdən biri, bəlkə də, birincisi şəxsi heyətin döyüş əhval-ruhiyyəsini hər zaman yüksək tutmaqdadır. Bu illər ərzində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etmiş, hərbçilərimizə qələbə əzmi aşılamaqla bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdimişdir.

          Bu gün Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından dünyanın mükəmməl hərb sənətinə malik müxtəlif ölkələrilə eyni cərgədə qərarlaşır və aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi zamanı ölkə Prezidenti cənab İlham Əliyevin "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir" - fikri də deyilənləri bir daha əyani olaraq təsdiq edir.

 

Böyük Qələbəyə doğru atılan ilk addımlar - Aprel zəfəri

          Tarixdə bəzi hadisələr vardır ki, qısa zamanda ərzində unudulub yaddan çıxır. Lakin elə hadisələr də olur ki, onlar yaddaşlarda dərin iz salaraq yeni tarixin başlanğıcına çevrilir. 2016-cı ilin aprelinin ilk günləri də belə tarixi hadisələrdən biridir.

          Həmin tarix Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu dosta da, düşmənə də açıq şəkildə bəyan etdi. Bu tarix eyni zamanda ordumuzun davamlı təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi yaddaşlara yazıldı. Aprel zəfəri həm də sübut etdi ki, Azərbaycan Ordusu haqqın tərəfindədir, ədalət uğrunda mübarizə aparır və istənilən Böyük Qələbəni də qazanmağa qadirdir.

          Heç təsadüfi deyil ki, Aprel zəfərindən sonra Ermənistan KİV və sosial şəbəkələri Azərbaycanın güclü ordusu haqqında etiraflarını açıq şəkildə dilə gətirməyə məcbur oldular, beləliklə, "məğlub edilməz" ordu xülyalarından da əl çəkməyə başladılar.

 

Qızılqaya zirvəsində Azərbaycan bayrağı - Günnüt zəfəri

          Deyirlər "Qalib xatirələrlə, məğlub isə intiqam hissi ilə yaşayır". Bu baxımdan özlərini daim əbədi və əzəli Azərbaycan torpaqlarında aborigen xalq kimi göstərməyə çalışan Ermənistanın Aprel qələbəsindən sonra növbəti təxribatlara əl atması, yeni müharibə və intiqam hissi ilə yaşaması bu mənada başa düşüləndir.

          Bu gün müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində ciddi işlər görülür, mühüm əhəmiyyətə malik layihələr yüksək dəqiqlik və peşəkarlıqla icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun ali diqqət və davamlı qayğısı nəticəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşan Əlahiddə Ümumqoşun Ordunun müdafiə potensialı və gücü durmadan artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mütəmadi olaraq müxtəlif hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması hərbi qulluqçulara mənəvi-psixoloji dəstək verməklə yanaşı, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olub.

          Bu baxımdan şanlı Aprel qələbəsinin məntiqi davamı kimi, 2018-ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli mövqelər ələ keçirilib.

          Reallıqdır ki, Günnüt döyüşləri məhz həcminə görə aprel döyüşlərindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Azərbaycan tərəfindən Naxçıvan Muxtar Respublikasının işğalına qarşı hücum planının qarşısının alınması məqsədilə Şərur rayonu istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və ermənilərə çirkin niyyətlərini həyata keçirməyə imkan verilməmişdi. "Günnüt əməliyyatı” zamanı Şərur rayonunun Günnüt kəndi, ətrafındakı yüksəkliklər, ardınca da Xunut dağı və Ağbulaq yüksəkliyi, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verən Qızılqaya dağı və Mehridağ azad edildi, Azərbaycan Silahlı Qüvvələri mövqelərini xeyli irəli çəkərək Dərələyəz mahalının Arpa kəndini tam nəzarət altına keçirdi.

          Günnüt əməliyyatında əldə edilən tarixi qələbə və zəfərin nə qədər mühüm əhəmiyyətə malik olduğunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha vurğulamışdır. “Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyəti yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.

 

Təlimdə tər, meydanda zəfər

          Məşhur rus sərkərdəsi Suvorov hələ öz zamanında təlimlərin keçirilməsini yüksək dəyərləndirərək deyib: "Təlim əsgərin akademiyasıdır". Həqiqətən də, təlimlər ən mühüm hərbi əməliyyatlar zamanı şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, həmçinin qələbəyə olan inamın formalaşmasında başlıca rol oynayır.

          Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif genişmiqyaslı hərbi təlimlərin mütəmadi olaraq keçirilməsidir. Təlimlərin keçirilməsində məqsəd öyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsindən ibarətdir. Həmçinin təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılır, döyüş texnikalarının, müasir silahların tətbiqi imkanları öyrənilir.

          Ötən dövlər ərzində Azərbyacan Respublikasının dünyanın bir sıra qabaqcıl ölkələri ilə imzaladığı hərbi əməkdaşlıq haqqında sazişlərə uyğun olaraq müxtəlif genişmiqyaslı hərbi təlimlər keçirilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında düşməni lərzəyə salan “Sarsılmaz qardaşlıq- 2019”, 2020-ci ildə isə  Azərbaycan-Türkiyə birgə növbəti hərbi təlimləri mübaliğəsiz demək olar ki, böyük zəfərimizin müjdəçiləri hesab edilir.

 

Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır

          Tariximizin ən parlaq, vüqarlı, o cümlədən şərəfli günlərini yaşayırıq – desək, hesab edirəm ki, yanılmarıq. Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 26 İyun Silahlı Qüvvələr Gününü ikiqat qürur və fəxarət hissi ilə qeyd edir. Azərbaycanın siyasi tarixində parlaq iz qoyan ümummilli lider Heydər Əliyev ideyalarını və siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 günlük müharibədə ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, eyni zamanda 6 aylıq, 1 yaşlı körpələrimizə 1 tonluq balistik raket atan işğalçı ölkə üzərində parlaq qələbə qazanmışdır. Böyük zəfər və tarixi qələbə eyni zamanda, 30 ilə yaxındır ölkədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən, vaxtilə öz dədə-baba yurdlarından zorla didərgin salınan məcburi köçkünlərimizin doğma yurdlarına yenidən qayıtmasına da zəmin yaratdı.

          Xüsusilə qeyd etmək lazımdır ki, müzəffər Ordumuzun tarixi Qələbəsi ilə nəticələnən 44 günlük müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirərək işğal altında olan rayonlarımızın, o cümlədən bu gün Azərbaycanın mədəniyyət paytaxtı - Şuşanın azad olunmasında əhəmiyyətli rol oynayıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: "Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".

 

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var

Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,

Biz Vətən naminə ölsək, dirilərdən diriyik!

 

          Təbii ki, müharibə şəhidsiz, şəhidsiz isə Vətən olmur. Əzəli və əbədi torpaqlarımızın işğaldan azad olunması, şanlı bayrağımızın bütöv Azərbaycanda dalğalanması naminə minlərlə can qurban oldu, şəhidlik zirvəsinə ucaldı.

          Bu gün postmüharibə dövründə qarşıda dayanan əsas vəzifələr azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri, şübhəsiz ki, xalqımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş  ərazilərdə artıq böyük inkişafın təməlləri atılır.

          Bu il xalqımızın və eləcə də Böyük Türk dünyasının həyatında baş verən çox əlamətdar hadisələrdən biri də – Şuşa Bəyannaməsinin imzalanmasıdır. 15 İyun – Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Respublikası Prezidentlərinin işğaldan azad olunmuş rayonlarımza birgə səfəri və mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınması baxımından müstəsna əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti həm də onun Azərbaycana qarşı bütün ərazi iddialarının üzərindən xətt çəkən Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində rəsmiləşdirilməsidir. Həmçinin bəyannamədə Qars müqaviləsinin bütün şərtlərinə əməl edilməsinin vacibliyi önə çəkilməklə yanaşı, Türkiyə və Azərbaycanın tarixi ədaləti bərpa olunanadək mübarizələrindən vaz keçməyəcəkləridə bəyan edilib.

          Artıq Qarabağ öz həqiqi, doğma sahiblərini böyük sevinc və coşqu ilə qarşılayır. Bu qovuşma və bütövləşmənin təməlini isə ulu öndər Heydər Əliyev siyasəti – ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl diplomatiyası, dəmir yumruq – Milli Ordumuzun əzmkar mübarizəsi – Xalq-Dövlət-Ordu birliyi qoyub.

 

Arif BAYRAMOV

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031