SON DƏQİQƏ

naxcivanxeberleri.com

Adını şəhidlik zirvəsinə yazan qəhrəman

Adını şəhidlik zirvəsinə yazan qəhrəman
27-06-2021, 20:30

Azərbaycan! Bu qədim diyar böyük şəxsiyyətlər, müdrik insanlar, yenilməz sərkərdələr, ölümün gözünə dik baxan qəhrəmanlar beşiyidir. Bu torpaq ana yurdunu 27 il işğalçılardan qoruyan Cavanşir, 21 il Vətənin keşiyində duran azadlıq aşiqi Babək, 38 illik qısa ömür yolunda pərənpərən düşmüş Azərbaycanlıların birliyinə, bütövlüyünə can atan Şah İsmayıl Xətai, sonrakı dövrlərdə Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski, Həzi Aslanov kimi sərkərdələr yetirib. Birinci Qarabağ müharibəsində İbrahim Məmmədov, Yusif Mirzəyev, Çingiz Mustafayev kimi igidlər və bu estafeti onlardan təhvil alaraq Azərbaycanın ən yeni tarixinə ölümsüz qəhrəmanlar kimi daxil olan Mübariz İbrahimov, Polad Həşimov, Nihad Seyidov, Xansu Qurbanov kimi minlərlə vətən oğlu bu torpağın bütövlüyü uğrunda canlarından keçiblər. Son 200 ildə sələflərinə nəsib olmayan bir ilkə imza atan ölkə Prezidenti, XXI əsrin böyük sərkərdəsi cənab İlham Əliyevin komandanlığı altında Vətən müharibəsində Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz adlarını qanları ilə yazıb bu qəhrəmanlar. Şəhid olmaq, el yolunda, Vətən uğrunda canını fəda etmək Allah dərgahında ən uca məqamlardan hesab olunur. Müqəddəs “Qurani-Kərim”də vətənpərvərliyin mahiyyətini açan ülvi bir kəlam var: “Vətən sevgisi imandır”. Hər kəsin qəlbindəki Vətən sevgisi bir imandır. Bu amal uğrunda şəhid olan insanın axirət dünyasında yeri cənnətdir. Vətən naminə ayağa qalxan, ömrünü Vətəninə bağışlayaraq əbədiyaşarlılıq qazanan Azərbaycan oğullarından biri də Naxçıvan torpağının yetirməsi Fuad Əlizadədir. Fuad dostları, ailəsi ilə söhbətlərində tez-tez: “Vətən torpağı erməni tapdağından azad olunmalıdır. Nəyin bahasına olurolsun...” – deyə qisas gününü səbirsizliklə gözləyirmiş. Nəhayət, o gün gəlib çatdı... Vətən sevgisi, qisas hissi ilə alışıb- yanan bu qəhrəmanımız minlərlə vətən oğlu kimi, Ali Baş Komandanın əmri ilə ayağa qalxdı və elə bu yolda da canından keçdi. Əlizadə Fuad Nazim oğlu ilk təhsilini Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə alır. Hərb sənətinə böyük marağı olan Fuad 2008-ci ildən etibarən təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirir. O, liseyi bitirdikdən sonra hərbin sirlərini daha yaxşı mənimsəmək məqsədilə 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi alan Fuad 2016-ci ilin yanvar ayından N sayılı hərbi hissədə işə başlayır. Qəhrəman eloğlumuz ilk dəfə 2016-ci ilin Aprel döyüşlərində iştirak etmək şərəfinə nail olur. Nümunəvi xidmətinə görə komandanlıq tərəfindən bir neçə dəfə mükafatlandırılan Fuad Əlizadə 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illik yubiley medalı” ilə də təltif edilir. 2016-ci ilin may ayından etibarən Murovdağ zirvəsində sinəsini Vətəninə sipər edən Fuad 2018-ci ildə baş leytenant rütbəsinə layiq görülür. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması ilə başlanan Vətən müharibəsində iştirak edən Fuad bu döyüşlərdə də böyük qəhrəmanlıqlar göstərir. Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ərəfəsində Fuad kimi qəhrəman bir övlad böyüdən ata-ananı yaxıdan tanımaq, onlarla həmsöhbət olmaq üçün igidimizin ailəsini ziyarət etdik. Ailə ilə səmimi söhbətimiz oldu. Anası Şəfa xanım, atası Nazim kişi söhbət zamanı Fuadın mehribanlığından, ailəsinə və Vətəninə bağlılığından fəxrlə danışırdılar. Övlad həsrəti ilə yaşayan, saçları vaxtsız ağaran valideynlərin bəzən qürurdan, bəzən də qəlblərindəki ağrıdan gözləri dolurdu. Söhbət zamanı öyrəndik ki, baş leytenant Fuad Əlizadə Murovdağ və Füzuli istiqamətindəki mövqelərimizin işğaldan azad edilməsində xüsusi fəallıq göstərib, Cəbrayıl, Qubadlı, Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Müharibə zamanı bir neçə dəfə yaralanan Fuad bir komandir kimi tabeliyində olan şəxsi heyəti canı bahasına qoruyub. Əsgərlərinin ondan irəlidə getməsinə əsla imkan verməyib. Vaxt olub, xəstə və ya yaralı olan əsgərinin başı üstündə gecələyib, vaxt olub, yatağını öz əsgəri ilə paylaşıb. Döyüş yoldaşlarının, həyatını qurtardığı insanların Fuad haqqında fikirlərini onun valideynlərinə göndərdikləri səs yazılarından dinləyirik. Xatirə olaraq qalsın deyə göndərilən bu səs yazıları arasında Fuadın öz səsi də var. Döyüşə yollanmazdan əvvəl şəxsi heyətlə söhbət aparan komandir onlarda ruh yüksəkliyi yaradırmış: “Qardaşlarım, mən hər zaman sizin yanınızda olacağam. Nəinki yanınızda, hər zaman sizdən öndə olacağam. Əgər, mənim bir addım geri çəkildiyimi görsəniz, siz də geri çəkilin! Ancaq hamımız yaxşı bilirik ki, Azərbaycan əsgəri üçün geriyə yol yoxdur! Yolumuz ancaq irəliyədir, ancaq irəliyə...”. Elə də olub. Baş leytenant Fuad Əlizadə döyüşlərdə daim irəli gedib. Son anına qədər döyüş yoldaşlarının qayğısına qalıb, onlarda döyüş ruhu, qələbəyə inam yaratmaq üçün əlindən gələni edib. Yaralı komandirini atəş xəttindən uzaqlaşdırmağa çalışan tibb sanitarı Pərvin Kazımovun, cəmi bir günlük tanışlıqlarının olmasına baxmayaraq, baş leytenant Fuad haqqında söylədiyi qürurverici sözləri olduğu kimi təqdim edirik: “Baş leytenant Fuad Əlizadə mənim bölük komandirim olub. O, qəhrəman idi... Əsl qəhrəman idi. Laçın uğrunda gedən həmin döyüşlərdə komandirimlə bərabər iki əsgər də yaralanmışdı. Müharibədə belə bir qayda var, yaralılar arasında əvvəlcə komandir həmin yerdən uzaqlaşdırılmalıdır. Mən də elə etməyə çalışanda icazə vermədi. Dedi, əvvəlcə əsgərləri çıxar! Mən əsgərləri atəş altından çıxardım. Komandiri oradan çıxaranda isə düşmən bizi gördü və atəşi üzərimizə yönəltdi. Mən də ayağımdan yara aldım. Buna məhəl qoymadım və komandirlə bir-birimizdən yapışıb dərəyə doğru yuvarlanmağa başladıq. Bu yolla atəş altından çıxmağa çalışdıq. Amma dövrə vurarkən komandir düşmən gülləsinə tuş gəldi. Snayper qardaşımı baş nahiyəsindən vurmuşdu. Buna baxmayaraq, o, gülümsəyirdi. And olsun yaradana, əsil şəhadət onun şəhadəti oldu. Çünki o, ölüm anında nə görürdüsə, gülümsəyir və kəlmeyi-şəhadətini deyirdi. Ona dedim ki, komandir, mənim sizə paxıllığım tutur. Ölümə gülmək hər oğlun işi deyil. Qəhrəman qardaşım elə gülümsəyərək də şəhidlik zirvəsinə ucaldı. Çox gözəl insan, mərd, igid komandir idi. Allah rəhmət eləsin!” Qubadlı rayonu işğaldan azad ediləndə Fuad böyük təvazökarlıq göstərərək üçrəngli bayrağımızı Qubadlıya özü sancmayıb, tabeliyindəki müddətdən artıq hərbi xidmətdə olan əsgərin sancmasını istəyib. Belə bir komandir olub Fuad. Özü yaralı olsa da, bir neçə yaralı əsgərini döyüş meydanından çıxarmağa nail olub. Bir neçə gün sonra Laçına yollanan qəhrəmanımızın son döyüşü də elə orada olub. Noyabrın ilk günlərində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fuad Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Ailə ilə söhbət zamanı Fuadın qardaşı Fərid qeyd etdi ki, yuxarıda səs yazısını, kövrək xatirələrini dinlədiyimiz əsgərlə, elə 2 noyabrda şəhid olmuş tibb sanitarının yerinə göndərilən Pərvin Kazımovla indi tez-tez zəngləşirik. Pərvin deyir: “Bölüyə təhkim olunduğum ilk gün orada heç kimi tanımırdım. Gecə yatmaq istəyəndə yalnız bir yerin boş olduğunu gördüm. Orada yatmaq istəyəndə yoldaşlar bu yerin komandirə aid olduğunu dedilər. Mən kənara çəkiləndə komandir gəldi və mənə: “Mənim yerim elə sənin də yerindir”, – dedi. Həmin gün komandirimlə, Fuadla iki qardaş kimi bir yataqda yatdıq”. Bəli, bu gün fəxr edirəm ki, qardaşım Fuad əsgərlərinə həm komandir, həm də qardaş olub... “Bəs, sənə necə qardaş olub?” – deyə sual vermək istədim. Fərid özü də bilmədən, mən bu sualı hələ dilə gətirməmiş belə cavablandırdı: “Fuad yaşca məndən iki yaş kiçik olsa da, mən onu həmişə böyük qardaş bilmişəm. O, elə uşaqlıqdan hər zaman yanımda olmuşdu. Hər çətinə düşəndə, ona ehtiyacım olanda arxa, dayaq olmuşdu mənə. Valideynlərimə demədiyim sözü ona deyərdim. Fuad aydın düşüncəli, ağıllı söhbətlər edən, mənə məsləhət və tövsiyələr verən yaxşı dost, həm də yaxşı qardaş idi. İndi onsuz, elə bil, sol yanım yoxdur. Onsuz natamam qalmışam indi... Onu da qeyd edim ki, uşaqlıqdan bəri çəkdirdiyimz bütün fotolarda o, hər zaman mənim sol tərəfimdə durub, ürəyimə yaxın yerdə... Bunu, sonradan, şəkillərə baxanda müşahidə etmişəm. Fuad 2019-cu ilin noyabr ayında mənim toy mərasimimdə iştirak etmək üçün bir neçə günlüyə Naxçıvana gəlmişdi. Onu gec-gec görürdük. Telefonla əlaqə saxladığımızda mənim yeni anadan olan övladımı da mütləq soruşardı. Oğlumu görməyi çox istəyirdi. Amma qismət olmadı. Toyumdan bir il sonra, noyabr ayında şəhidlik zirvəsinə ucaldı”. Qəhrəman şəhidimizin qardaşı Fərid çox kövrək, kövrək olduğu qədər də utancaq oğlandır. Bəzən fikirlərini, duyğularını dilə gətirməkdə, söyləməkdə çətinlik çəkir. Ancaq gizlində, özü ilə, ağ varaqla baş-başa qaldıqda bu fikirləri, bu duyğuları yaxşı ifadə edir, yaxşı şeirlər yazır. Onun qardaşı Fuada həsr etdiyi kiçik bir şeiri də oxucularımıza təqdim edirik. Onu da qeyd edək ki, bu şeir adi bir şeir deyil, Fəridin ürəyinin qanı ilə qardaşına yazdığı bir qəhrəmanlıq nəğməsidir: Qanadı qırılmış qartal kimiyəm, Neyləsəm, göylərə uça bilmirəm. Onunla əl-ələ keçdiyim yolu Mən indi qardaşsız keçə bilmirəm. Bu qardaş həsrəti öldürür məni, Bəlkə də, əzrail belə öldürməz. Yuxuma gələndə güldürür məni, El-oba yığışa, elə güldürməz. Qardaşdır həmişə qardaşa dayaq, Hardadır, bəs, mənim arxa-dayağım?! Qardaşsız diz əsir, belim bükülür, Düz yolda büdrəyir bəzən ayağım. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Azərbaycan xalqının Fuad kimi minlərlə qəhrəman oğlu şəhid oldu. Bu qəhrəmanların hər birinin həyatı və döyüş yolu bir roman, bir qəhrəmanlıq hekayəsidir. Fuad Əlizadə də öz cəsarəti, igidliyi ilə qəhrəmanlıq tariximizə adını yazdıran Vətən fədailərindəndir.

Bəxtiyar ƏLİYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031