SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bağa baxarsan bağ olar

Bağa baxarsan bağ olar
27-06-2021, 10:30

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da üzümçülüyün inkişafı daim diqqət mərkəzində saxlanılıb, insanlar təsərrüfatın digər sahələri kimi üzümçülüyə də xüsusi maraq göstərirlər. Qədim yurd yeri Sədərək kəndində yetişdirilən üzüm tarixən şöhrətli olub, adla deyilib. Dadı, tamı bambaşqadır Sədərək üzümünün. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünəməxsus becərmə üsulu var. Mövüc, kişmiş, qışa üzüm asması indinin özündə də böyük maraq doğurur. Bu kənddə yaşayan insanların əksəriyyətinin çox qədimdən üzümçülükdə zəngin təcrübəsi var. Elə bu sahədən də az gəlir götürmürlər. Sədərəkdə üzüm bağları da özünəməxsusdur. Arxlar dərin olur, tənəklər də bir-birindən aralıda əkilir. Bu gün də Sədərəkdə təsərrüfat adamları üzümçülüyün inkişaf etdirilməsi ilə məşğul olur, həyətyanı sahələrində becərdikləri üzümü bazara çıxararaq, əldə etdikləri gəlirlə ailələrinin ruzisini qazanırlar. Sədərəkdə üzümçülüyün özünəməxsus tarixi vardır. Bərəkətli torpağı, əlverişli iqlimi tarixən bu yerlərdə müxtəlif növ üzümlərin – “kişmişi”, “qızıl üzüm”, “ağ üzüm”, “hənəqırna”, “gülabı” və sairə sortların əkilib-becərilməsinə səbəb olmuşdur. Sədərək üzümü öz şirinliyinə görə bazarlarda yüksək alıcılıq qabiliyyətinə malikdir. Kişmişi üzümdən hazırlanmış mürəbbələr də süfrələrimizdə geniş şəkildə istifadə olunur. Qeyd edək ki, Sədərəyin kənd təsərrüfatında aparıcı sahələrdən birinə çevrilən üzümçülük iqtisadiyyatın daha da möhkəmləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayır. Üzüm istehsalı üçün rayonun əlverişli təbiiiqlim şəraiti, onun digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksəkkeyfiyyətli, ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm məhsullarına olan yüksək tələbat bu sahənin daha da inkişaf etdirilməsini zəruri edib. Bunun üçün süfrə üzümü əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, tingçilik təsərrüfatlarının formalaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Təkcə bu ilin yaz iməciliklərində minlərlə üzüm qələmi torpağa basdırılıb, onların yaxşı kök atması və gələcəkdə məhsuldarlığın təmin olunması üçün aqrotexniki tədbirlərə geniş yer verilib. Rayonumuzda üzümçülüyün inkişafına töhfə verən təsərrüfat adamları ilə görüşüb söhbətləşdik. Sədərək kənd sakini Mahir Səfərov söyləyir ki, kəndimizdə bu gün də səliqə-sahmanı ilə seçilən üzüm bağları çoxdur. Kəndimizin insanları işgüzar və zəhmətkeşdirlər. Bu yurd yerinin sakinləri alın təri ilə bağ-bağat yaratmış, təsərrüfatın müxtəlif sahələri ilə üzümçülüyü də inkişaf etdirmişlər. Mən özüm həyətyanı sahəmdə üzüm yetişdirirəm. Ailəmi dolandırmaq və bazarda bolluq yaratmaq üçün var qüvvəmlə çalışıram. Üzümü əsas dolanışıq mənbəyi saymaqla, təsərrüfatımda yeni sortların yetişdirilməsinə çalışıram. Onlara vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərir, normal inkişafı üçün qayğı ilə yanaşıram. Zəhmətkeş Zülfiqar Hüseynov deyir: – Zənnimcə Tanrı bizim yerləri üzümçülükdən ötrü yaradıb. Hər bir yerin özünəməxsus təsərrüfat uyğunluğu var, bu yer üzümçülüyə uyğun ərazi olduğu üçün daha çox gəlir verir. Təkcə öz ailəmi nümunə göstərmək istəyirəm. Göstərilən qayğı nəticəsində bu il üzüm təsərrüfatımı əlavə olaraq 0,5 hektar da artırmışam. Onu da qeyd edim ki, üzüm təkcə məhsulu ilə gəlir gətirmir. Onun həm yarpağından, həm də quru budama zamanı çıxan çöplərindən istifadə edirik. Hazırda yarpaqları yığırıq. Onun gəliri ilə öz təsərrüfatımızı genişləndirir və dolanışığımızı yaxşılaşdırırıq. İndi həm də bağlarda yaşıl budama dövrüdür. Yaşıl yarpaqların altından çıxan aldadıcı budaqlar təmizlənir. El arasında bu budaqlara qoltuqaltı da deyilir. Onlar təmizlənməsə üzümün məhsuldarlığı azalar. Çünki o budaqlar məhsul vermir. Nəticədə, məhsuldarlıq aşağı düşür. Onlar vaxtında təmizlənməsə gələcəkdə üzüm kolları yabanılaşar və məhsul gətirməz. Söhbətimizə qoşulan Sədərək kənd sakini İsmayıl əmi bildirir ki, Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı bu sahənin inkişaf etdirilməsinə münbit şərait yaratmışdır. Mən ömrüm boyu üzümçülük və meyvəçiliklə məşğul olmuşam. Təkcə ötən il həyətyanı sahəmdən 2 tondan artıq üzüm və meyvə satmış, beş min manatdan çox gəlir əldə etmişəm. Ötən əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq kolxozda suçu işləmişəm. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər iqtisadi vəziyyətimiz o qədər də yaxşı deyildi. Elə ki ümummilli lider Azərbaycanda hakimiyyətə gəldi, bölgəmizin əsas əkin növü olan üzüm bağlarına diqqət artırıldı. Və bundan sonra gün-güzəranımız yaxşılaşmağa başladı. Bunu bizim nəslin istənilən üzvündən soruşub öyrənə bilərsən. Elə indi oturduğumuz bu evi də o zamanlar üzümdən qazandığım pulla tikmişəm. Üzümçülüklə məşğul olan torpaq mülkiyyətçilərindən Əli İsmayılov, Ramiz İbrahimov və başqaları ilə söhbət zamanı bildirdilər ki, rayonda bu sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər hər kəsin ürəyincədir. Çünki bu sahə inkişafın ən yüksək zirvəsinə çatarsa, bunu hər bir rayon sakini öz sosial durumunda hiss edəcək, əhalinin məşğulluğu təmin olunacaq, bu sahə ilə əlaqəli olan istehsal müəssisələri həyata vəsiqə alacaq. Kənd ağsaqqallarından, üzümçü Abdulla Sadiqov Sovetlər dövründə, üzümçülüyün inkişaf etdiyi illərdə əhalinin çox hissəsinin işlə təmin olunduğunu deyərək bildirdi ki, yeni üzüm bağlarının salınması ona dəlalət edir ki, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin imkanları daha da artacaq, bu da öz növbəsində işçi qüvvəsinə olan tələbatı artıracaq. Bütün bunlar, ümumilikdə, rayonun muxtar respublikanın bölgələri arasında ilk sıralara çıxmasına şərait yaradacaq. Hər bir rayon sakininin də ən böyük arzusu Sədərəyi bütün sahələrdə ən irəlidə görməkdir. Əminliklə demək olar ki, yeni texnologiyalardan istifadəyə üstünlük veriləcəyi və aqrotexniki qaydalara riayət ediləcəyi təqdirdə torpaq mülkiyyətçiləri gələcəkdə üzüm istehsalında məhsuldarlığı istənilən səviyyəyə çatdıra biləcəklər.

Nadir MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031