SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113 illiyi ilə bağlı tədbir keçirilib

“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113 illiyi ilə bağlı tədbir keçirilib
21-04-2019, 13:00

Aprelin 19-da Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki Ev Muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113 illiyi ilə bağlı tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən muzeyin direktoru Aytən Ələkbərova bildirib ki, mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” jurnalının Azərbaycan mətbuatı tarixində şərəfli yeri vardır. Jurnalın “Molla Nəsrəddin” adı ilə fəaliyyətə başlaması naşirin və əməkdaşların zəngin xalq ədəbiyyatımıza bağlılığından irəli gəlirdi. Böyük yazıçımız C.Məmmədquluzadə haqlı olaraq yazırdı ki, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu il 17 yanvar tarixdə “Cəlil Məmmədquluzadənin 150 ilik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Cəlil Məmmədquluzadənin 150 ilik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər Planında böyük yazıçıya həsr olunmuş elmi konfransın keçirilməsi, təhsil və mədəniyyət mütəxəssislərinin kitabxanalarında sərgilərin təşkil olunması və oxucu konfranslarının keçirilməsi, böyük ədibin əsərlərindən ibarət tamaşanın hazırlanması, ədəbiyyat profilli muzeylərdə interaktiv dərslərin təşkil olunması, kütləvi informasiya vasitələrində materialların, verilişlərin hazırlanması nəzərdə tutulmuşdur.

Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Molla Nəsrəddin” jurnalında dil məsələsi”, həmin institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli mətbuatımızın sərkərdəsi - “Molla Nəsrəddin”, həmin institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “Molla Nəsrəddin” jurnalında çap edilmiş məşhur bir satiranın müəllifi barədə, həmin institutun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova “Molla Nəsrəddin jurnalı və folklor” mövzularında çıxış etmişlər.Çıxışlarda vurğulanıb ki, 113 il bundan əvvəl böyük yazıçının redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən biridir. Jurnalın ana dilimizin saflığı uğrunda mübarizəsi dövrün bütün mətbuat dünyası üçün nümunə göstərilə bilər. Jurnalın nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, bütün İslam aləmində də mühüm hadisə idi. Nəşr olunan hər yeni nömrə, o zaman bütün Şərq dünyasında ictimai dairələrdə böyük maraqla qarşılanırdı. Bütövlükdə Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin” jurnalı xalqı təhsilə, elm və tərəqqiyə çağıran ideyaların carçısı kimi mütərəqqi insanlar tərəfindən rəğbətlə qarşılanırdı.

Bildirilib ki, bu gün böyük yazıçının ölməz əsərləri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Yeni gələn nəsillər onu təzədən kəşf edir, onu müasirləri kimi tanıyırlar. Cəlil Məmmədquluzadə şəxsiyyətinin və irsinin böyüklüyü də bundadır. “Molla Nəsrəddin” jurnalı isə Azərbaycan ədəbiyyatının inkişafında haqlı olaraq dönüş nöqtəsi adlandırılır. Bu jurnal həm də mətbuat və ədəbiyyat tariximizdə yeni bir məktəb yaratmışdır.

Tədbirin sonunda isə tədbir iştirakçıları sərgi ilə tanış olublar.


“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113 illiyi ilə bağlı tədbir keçirilib
“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113 illiyi ilə bağlı tədbir keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031