SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Xəmsə”də Naxçıvan torpağını işarə edən rəmzi mənalı ifadələr

“Xəmsə”də Naxçıvan torpağını işarə edən rəmzi mənalı ifadələr
21-06-2021, 09:00

Böyük azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. onun yaratdığı “Xəmsə” azərbaycan ədəbiyyatının gizli xəzinəsi olmaqla yanaşı, bəşər mədəniyyətinin şah əsərləri sırasındadır. Dahi şair özündən əvvəlki dünyanın ədəbi irsi və incəliklərini, nəsillərin tarixi və fəlsəfi fikirlərini yaradıcılığında əks etdirmiş, ümumiləşdirmiş və yaratdığı sənət xəzinəsini sonrakı nəsillərə miras qoymuşdur. Nizami Gəncəvi Azərbaycan Atabəyləri dövründə fəaliyyət göstərmiş qüdrətli söz sənətkarlarından biridir. O, iki poemasını (“Xosrov və Şirin”, “İsgəndərnamə”) Azərbaycan Atabəyləri-Eldənizlər dövlətinin hökmdarlarına ithaf etmişdir. Maraq doğuran budur ki, Nizami Atabəylərin ilk paytaxtının Naxçıvan olmasına, Atabəy Şəmsəddin Eldənizlə onun həyat yoldaşı Möminə xatunun ömrünün sonuna kimi burada yaşamasına və Naxçıvan torpağının Atabəylərin dövlətçilik tarixində mühüm yer tutmasına baxmayaraq, “Xəmsə”də “Gərşəsbnamə”yə işarə edən fikirdən başqa Naxçıvanı aydınlıqla ifadə edən məlumat verməmişdir. Burada maraq doğuran digər bir fakt da var ki, “Yeddi gözəl” poemasında “Şahnamə” və “Gərşəsbnamə”dən bəhs edən şair həmin məsələni belə ifadə edir: Bu yolda cəhd elə, bu yolda səy et, Divlərin əlindən gəl onu gizlət. Süleymandan özgə olmasın görən, Məni onda ara zaman-zaman sən Buradan belə fikir yaranır ki, Nizami Gəncəvi “Xəmsə”də bəhs etdiyi hadisələrdən gizli mənalarla bəhs etmiş, əsərlərini “divlərdən qorumuş”, müəyyən bir vaxta qədər bu sirlərin açılmaması üçün poemalarını yazarkən beytlər üzərində səylə çalışmışdır. “Xəmsə”də Naxçıvan torpağı barədə aydın ifadəli məlumatın olmaması, Nizami Gəncəvinin minilliklər yaşı olan bu qədim diyar barədə rəmzi ifadələrlə, işarələrlə məlumat verməsi fikrini düşünməyə əsas verir. Onun yaradıcılığında Naxçıvan torpağını ifadə edən işarə və rəmzi məna kəsb edən ifadələri tədqiqata cəlb edərək yeni tədqiqat mövzusu açmaqla yanaşı, elm aləmində üstü örtülü qalmış bir çox məsələlərə aydınlıq gətirmək mümkündür. Belə ki, şairin yaradıcılığında maraq doğuran fikirlərdən biri Nuh peyğəmbərin gəmisi barədə olan ifadələrdir. “Xosrov və Şirin” poemasında “Atabəy əbu Cəfər Şəmsəddin Eldənizin tərifi” başlıqlı məqalədə deyilir: Ondan əta umsa göyün tağları, Səxasında batar Cudi dağları Şairin Naxçıvanda hakimiyyət qurmuş Şəmsəddin Eldənizdən “Səxasında batar Cudi dağları” kimi fikirlə bəhs etməsi maraq doğuran faktlardan biridir. Şəmsəddin Eldənizin hakimiyyətindən bəhs edən şairin həm də Nuh peyğəmbərin gəmisinin dayandığı Cudi dağından bəhs etməsi, fikrimizcə heç də təsadüfi deyil. Bu, dahi şairin Cudi dağından bəhs edərkən, əslində Naxçıvan torpağına işarə etdiyini göstərir. Bəhs edilən beytlərin mənasından aydın olur ki, şair burada Naxçıvan dağlarını nəinki Cudi dağlarına bənzədir, hətta bu dağları Cudi dağlarından səxalı (səxavətli, Nuh barədə olan rəvayəti daha inandırıcı, daha doğru əks etdirən dağlar) hesab edir. Naxçıvan torpağını tədqiqatçılar Nuh tufanı ilə bağlayırlar. “1996-cı ildə keçirilmiş “Tarixi qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumda A.Axundov Naxçıvanı Nuh tufanı ilə əlaqələndirmiş, akademik İ.Həbibbəyli S.Zelinski, K.Nikitin, Y.Pasxalov kimi tədqiqatçıların əsərlərindən maraqlı məqamlara toxunaraq mənbə və tədqiqatlara istinadən şəhərin Nuh tərəfindən salındığına dair tarixi faktlar göstərmişlər”. N.Gəncəvinin “Xosrov və Şirin” poemasında Naxçıvanı paytaxt elan edərək burada dövlət qurmuş Atabəy Şəmsəddin Eldənizdən “Cudi dağları” kimi işarə ilə bəhs etməsi Naxçıvan torpağını Nuh peyğəmbərlə bağlantılı təsvir etməsinin başqa bir ifadəsidir. Bu, həm də onu göstərir ki, Nizami “Xəmsə”də Naxçıvan torpağından rəmzi mənalı ifadə və işarələrlə bəhs edərək qədim tarixə malik bu torpaq barəsində müəyyən bir fikir formalaşdırmışdır. Fərqəd öz atını çapırdı yenə, Gəmisi çatmışdı Şətt sahilinə Şətt çayının İraqda olması məlumdur. Belə ki, Dəclə və Fərat çaylarının birləşməsindən yaranan Şətt çayının Nizami Gəncəvi yaradıcılığında “gəmi” sözü ilə ifadə etməsi çox da təəccüb doğurmur. Lakin bu rəmzi məna kəsb edən ifadəni Oğuz dilləri əsasında araşdırarkən “Şətt” adının həm də başqa bir mənada ifadə edildiyini görürük. Belə ki, “Şətt”i ifadə edən “iki çayın birləşdiyi” yerin qədim türk dilində “erinc” adlanması və “Erinc, Arınc” adının Əlincəqalanın qədim adı olan “Erincak”ı ifadə etməsi belə bir fikir yaradır ki, Nizami “Şətt” adı ilə Əlincəqalaya işarə etmiş, Əlincəqalanın olduğu Naxçıvan torpağına “gəmi” (Nuhun gəmisi) sözü ilə işarə edərək maraqlı məna çaları yaratmışdır. Digər maraq doğuran faktlardan biri də İmadəddin Nəsiminin özünə “Şətt” adı ilə işarə etməsidir. Belə ki, şair bir qəzəlində yazır: Həm mənəm Bağdad ilə Şətt, həm xəlifə, həm zaman, Həm ənəlhəq söylərəm, həm dar, həm Mənsuruyam. Fikrimizcə, Nəsimi burada “Bağdad” adı ilə “paytaxt”a, “Şətt” adı ilə də Əlincəqalaya işarə edərək özünü bu məkanla ifadə etmiş, müəllimi Nəiminin Əlincəqala ətrafında faciəvi edamına diqqəti çəkmişdir. Burada Əlincənin “paytaxt” mənasında ifadə edilməsi “Nəsimi dili”ndə Nizami Gəncəvinin yaradıcılığına edilən bir işarədir ki, fikrimizcə, bu da Atabəylər dönəmində və Əmir Teymurun hücumları zamanı Əlincəqalanın böyük əhəmiyyətə malik olduğunu bildirir. “Əlincə” adının mənşəyinə aydınlıq gətirərək, akademik İsmayıl Hacıyev məlumat verir ki, “Əslən Ubart türklərindən olan xristianlaşmış Stepan Orbeliani yazır: Sünik 12 əyalətdən ibarətdir. Onlardan biri Erincakdır. Burada “Erincak” müasir Əlincəqalanın adıdır. “Fərqəd” isə məlum olduğu kimi Şimal qütbünə yaxın olan iki kiçik və parlaq ulduzdan biridir. Burada maraq doğuran başqa bir fakt da var ki, Əlincəqalanın şimalında ona olduqca yaxın olan bir dağı yerli əhali Gəncəhan (Gəncə xanı) adlandırır. Fikrimizcə,“Fərqədin öz atını çapması və gəmisinin şimaldan Şəttə yaxınlaşması” dahi Nizaminin Əlincəqalaya şimaldan – “Şah taxtı” tərəfindən gəlməsini simvolizə edən olduqca gizli, rəmzi mənalı ifadədir. Bu, Nizaminin atla Əlincəqalaya gəlməsini, burada Atabəylər hökmdarı ilə görüşməsini bildirən, Nizaminin özü barədə bəhs etdiyi olduqca gizli işarələrindən biridir. Əlincəqalanın ətrafında olan yüzlərlə dağdan yalnız şimalda, yəni Əlincəqalanın “Şah taxtı” tərəfində olan dağa təsadüfən “Gəncəhan” (Gəncə xanı) adı verilməmişdir. Bu, onu göstərir ki, Əlincəçay xanəgahında yaşayan və Nizami Gəncəvi yaradıcılığının bütün sirlərini bilən dərvişlər “Xəmsə”də olan gizli mənaları diqqətə çatdırmaq və işarələri qoruyub saxlamaq üçün bu dağa “Gəncəhan” adını vermiş, yerli əhali isə bu adı uzun illər nəsildən-nəslə ötürərək saxlamış, beləliklə “Xəmsə”də olan işarələrin izləri itməmişdir. Araşdırmalar zamanı məlum olur ki, Əlincəqalanın “Ərincək” adının kök və şəkilçiyə ayrılması xüsusiyyətlərindən Nizami Gəncəvi ustalıqla elə bir “söz caduları” yaratmışdır ki, bu “cadu”lar təsəvvüf əhli şair - lərin dilindən düşməmiş, gizli ifadə və işarələr kimi uzun illər Azərbaycan ədəbiyyatında sirri açılmayan “sehirli söz” kimi istifadə olunmuşdur. Nizami “Sirlər xəzinəsi”ndə belə deyir: Tazə söz caduları, oyunlar göstərən mən, Yeni heykəl yaratdım yeni qəlibli sözdən. Şairin yaratdığı “yeni heykəl”lərdən biri də Əlincəqalanı ifadə edən “Ərni dağı” adıdır ki, bu dağ adını ifadə edən mənalar uzun illər şairlər tərəfindən birmənalı qarşılanmamış, “Ərni” adı ilə Nizami yaradıcılığına maraq doğuran işarələr edilmişdir. Dahi şairin “Sirlər xəzinəsi”ndəki şeiri maraq doğurur: Musa çatdımı kama, camdakı şadlığına, Əlindəki şüşəni çırpdı Ərni dağına. Məsiha bu qidaya tamah salmadı bəli, Çünki xalqın önündə ləkəliydi, ləkəli. Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi orta əsrlərin saray dili olan fars dilində yazmağa məcbur olsa da, doğma xalqının danışdığı türk dilinə daim hörmət edən, bu mənada öz soy-kökünə bağlı bir şəxsiyyət olmuşdur. Linqvistik araşdırmadan məlum olur ki, o, Oğuz dillərinə məxsus metateza hadisəsindən istifadə edərək “Qurani Kərim”də Musa peyğəmbərlə bağlı “Əraf” surəsində qeyd olunan bir rəvayəti Ərincək (Əlincə) qalasının adına uyğunlaşdırmaq və “ərni” sözünü Əlincəqalanı və Əlincəçay xanəgahını vəhdətdə göstərmək üçün “Ərni dağı” kimi ifadə etmişdir. Belə ki, Oğuz dilinə məxsus fonetik yerdəyişmə zamanı şəkilçidən əvvəl gələn iki hərfin güclü tələffüz üçün yerdəyişməsi, şəkilçinin isə sabit qalması nəticəsində bəzi sözlərdə tarixən dəyişilmələr baş vermişdir ki, bu da Oğuz dillərinə aid qanunauyğunluqlardan biridir. Nizami Gəncəvi hakimiyyət məkanı olan Ərincək (Əlincə) dağını “Ərni dağı” adı ilə ifadə edərkən “söz cadu”larından məharətlə istifadə etmiş, bununla da fikir yayındıran şair Əlincəqalanın əsas əlamətlərini müxtəlif işarələrlə “başa salmışdır”. Belə ki, şairin “Musanın fironla mübarizəsi” hekayəsində “Ərni” sözündən istifadə etməsi, fikrimizcə, Əlincəqalaya və ustadının uyuduğu Əlincəçay xanəgahına (Şeyx Xorasan) bir işarədir. Bu mənada Nizami Gəncəvi “Xəmsə”də “Fərincə” adı ilə bəhs etdiyi sərkərdənin adı da maraq doğuran işarələrdən biridir. Sarı kafdan geymiş pəhləvan, Qılıncda, qədəhdə şöhrətli, şanlı. Fərincə adında özü alanlı. “İsgəndərnamə” poemasında alan tayfaları tərəfindən döyüşən bu sərkərdənin adını Oğuz dilləri qaydalarına uyğun təhlil etdikdə burada “sarı kafdan geymiş” sözü Əlincəqalanın təbii sarı rənginə, “pəhləvan” sözü Əlincəqalanın tarixi əhəmiyyətinə, “Fərincə” adı “Ərincə” adına, “alanlı” isə Əlincənin “Alancik” adına işarə edildiyini görürük. Əlincə qalanın adı tarixi mənbələrdə həm də “Ərincə” kimi qeyd olunur. Akademik İsmayıl Hacıyev “Ərincə” adına aydınlıq gətirərək qeyd edir ki, “ümumiyyətlə, Azərbaycan dilçiliyində Əlincəqalanın adı sadəcə yer adı kimi çəkilir. Əslində o, türk boylarından biri olub. Həmdullah Qəzvini onun adını Alancık kimi ifadə etmişdir. 1225-ci il hadisələrindən bəhs edən Mirxond Əlincə qalanın adını Əlincək kimi qeyd etmişdir. Əlincəqalanı ifadə edən adlardan da göründüyü kimi, dahi Nizami Gəncəvi bu adların mənalarından ustalıqla istifadə edərək Əlincəqalanı işarə edən ad, əlamət və işarələrlə böyük fikirlər ifadə etmişdir. Bundan başqa, Nizami Gəncəvinin Atabəylərə ithaf etdiyi “Xosrov və Şirin” poema - sında adı çəkilən “daş üstürlab”lar barədə verdiyi məlumat da, fikrimizcə, Naxçıvan torpağına, Əlincəqalaya edilən işarələrdən biridir. Poemada deyilir: Biri on arpanı eyləyib mehrab, Biri iki daşa deyir üstürlab. Bu iti fırlanan çərx də müxtəsər, Arpa və daş kimi nəticələnər. Sən demə rükndən yaranmış insan, Ulduzdan yaranmış çünki bu ərkan Əlincəqala bərpa olunarkən burada aşkarlanmış üzərində səma cisimlərini bildirən rəmzi işarəli dairəvi daşlar Nizami Gəncəvinin poemada verdiyi bu məlumat ilə uyğun məna kəsb edir və “Xəmsə”də bu üstürlablardan bəhs edilməsi fikrindən yayınmaq olmur. Üstürlablar orta əsrlərdə planet və bürclərin yerini təyin etmək, gündüz və gecə saatlarını hesablamaq, müxtəlif şəhərlərin istiqamət və qiblənin yerini müəyyənləşdirmək üçün istifadə edilən astronomik cihaz olmuşdur. Əsasən, dəmir, yaxud ağac materialından hazırlanmışdır. “Xosrov və Şirin” poemasında adı çəkilən üstürlabların daşdan hazırlanması Əlincə qalada bu üstürlablardan hələ daha öncəki yüzilliklərdən istifadə edilməsi fikrini yaradır. Nizami Gəncəvi əsərlərində “Nuhun gəmisi” kimi rəmzi məna kəsb edən sözlərdən də istifadə etməsi hələ XII əsrdən Naxçıvan torpağının “Nuh yurdu, Nuhun gəmisinin dayandığı yer” kimi xatırlandığına işarədir. Dahi Nizamidən başqa Naxçıvan torpağından “Nuh yurdu” kimi bəhs edən rəmzi ifadə və işarələrə İmadəddin Nəsiminin də yaradıcılığında qarşılaşırıq. Belə ki, Nəsimi ustadı Nəiminin Əlincəqala ətrafında edam edilməsinə dair yazdığı “Uyumaz fəraqından gözüm yaş tökər, qan axıdar” qəzəlində yazır: Nuhun gəmisi üstə kim, yetişdi tufan qopmağa, Seylabi-şövqü şöylə kim, bu çeşmi-giryan axıdar. Nəsimi qəzəldə müəlliminin Naxçıvana gətirilməsinə “Nuhun gəmisi üstə kim yetişdi” sözləri ilə işarə etmişdir ki, biz bu işarəni Əliyül Əlanın “Kürsinamə”sində də görürük. Belə ki, Əliyül Əla əsərdə Bakı, Şirvan və Naxçıvan torpağından bəhs edərkən Fəzlullahın “son dayanacağının” Naxçıvan torpağı olmasına “Nuhun gəmisi” sözləri ilə işarə etmişdir. Nizami Gəncəvinin fenomen biliyinin məhsulu olan “Xəmsə” dahi şairin gələcək nəsillərə miras qoyduğu fikir xəzinəsidir. Tədqiqatlardan aydın olur ki, onun fikir xəzinəsinin ən qiymətli gövhərlərindən biri isə Naxçıvan torpağının, Azərbaycan xalqının əyilməzlik rəmzi Əlincəqaladır. Naxçıvan diyarı və Əlincəqala haqqında “Xəmsə”də yazılanlardan və işarələrdən görünür ki, Nizami Gəncəvi yaşadığı dövrdə Gəncədən Naxçıvan şəhərinə səfər etmişdir. İndiyədək Nizaminin Naxçıvan səfərini təxminən Batabat yaylağında Qızıl Arslanla görüşü ilə əlaqəli şəkildə təqdim etmişlər. Lakin ola bilməz ki, böyük şair Gəncədən Naxçıvana qədərki uzun yolu gəlib, burada dərin ehtiram bəslədiyi hökmdar Qızıl Arslanın sarayını ziyarət etməmiş olsun. Bu, o dövrün saray qaydalarına da uyğun deyildi və yəqin ki, hörmətsizlik əlaməti hesab edilərdi. Nizami Gəncəvi kimi geniş dünyagörüşə və zəngin həyat təcrübəsinə malik olan, şahlar və saraylardan epik dastanlar yaratmış böyük sənətkar belə bir yanlışlığa heç vaxt yol verməzdi. Akademik İsa Həbibbəyli Nizami Gəncəvinin Qızıl Arslanla Batabat ətrafındakı görüşü zamanı Naxçıvan şəhərinə gəlməsi və böyük memar Əcəmi ilə görüşməsi haqqında ehtimal irəli sürmüşdür. Nizami Gəncəvinin Əlincə qalasında olmasına dair fikirlər görkəmli sənətkarın Naxçıvan şəhərində olmasına dair ehtimalları daha da qüvvətləndirir. Bütün bunlar isə Nizami Gəncəvinin tərcümeyi-halını daha dəqiq yazmaq üçün əhəmiyyətlidir.

Kamal GÜLMALIYEV

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031