SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət proqramlarının uğurla həyata keçirilməsi təsərrüfatçıların meyvəçiliyə olan marağını ilbəil artırır

Dövlət proqramlarının uğurla həyata keçirilməsi təsərrüfatçıların meyvəçiliyə olan marağını ilbəil artırır
20-06-2021, 19:14

Ölkəmizin ən qədim meyvəçilik regionlarından hesab edilən və tarixi minilliklərə dayanan Naxçıvanda bütün sahələrdə olduğu kimi, dövlət proqramlarınının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatının meyvəçilik sektoru da böyük inkişaf yolu keçməklə muxtar respublikanın ərzaq təhlükəsizliyinə və əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini verməkdədir. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı, meyvəçiliyin inkişafı məqsədilə imzalanan sərəncamların, qəbul edilən proqram və layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005- 2008-ci illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018- ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012- 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində kənd təsərrüfatının meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunmuşdur. 2021-ci il martın 12-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Yeni proqramın qəbulu isə bir daha onu göstərdi ki, muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi mühüm istiqamətlərdən sayılır. Qeyd edilən proqramların icrası zamanı muxtar respublikanın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da müxtəlif meyvə sortlarının yetişdirilməsinə, ərzaq təhlükəsizliyi baxımından əhalinin keyfiyyətli, ekoloji təmiz məhsullarla təmin olunması, rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılmasında rol oynayan yeni meyvə bağlarının salınmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına nail olunmuşdur. Belə ki, rayonumuzun bir çox təsərrüfatçıları dövlət proqram və layihələrinin uğurla həyata keçirilməsindən stimul alaraq bu il də meyvə bağları salmağa və ya onların sahəsini artırmağa nail olmuşlar. Rayonumuzun Milax, Qazançı, Ləkətağ kəndləri dadlı alma, armudu, Kırna, Dizə, Bənəniyar, Camaldın kəndləri kəhrəba salxımlı üzümü, Ərəfəsə, Teyvaz, Boyəhməd kəndləri isə cəvizi ilə ad qazanmışdır. Qeyd edək ki, bir çox kəndimiz nar ağaclarının əkilməsi üçün də çox münasibdir. Məşhur səyyah Yaqub Həməvi Naxçıvanın təsərrüfat həyatından bəhs edərək yazır: “Bunun yaxınlığından Araz çayı axır. Oradakı gözəl narların təravətini mən hələ heç bir şəhərdə görməmişəm, burada həm də yaxşı əncir bitir”. Bu gün dövlətimizin diqqət və qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi, aqrar sahənin meyvəçilik sektorunda da sahibkarlar üçün münbit şərait yaradılmışdır. Gənc yaşlarından torpağa qırılmaz tellərlə bağlanan və çörəyi torpaqdan çıxan zəhmətkeşlərimizdən olan Gülüstan kənd sakini Rəmzi Musayev də bu qayğıdan lazımınca bəhrələnərək 0,2 hektar sahədə yeni ərik bağı salıb. Təbiətin insanlar üçün bəxş etdiyi ən böyük sərvət meyvələrdir. Fikrimizcə, insanların sadəcə ətrafa baxmaları kifayətdir ki, dünyamızın cürbəcür, bol nemətlərlə nə qədər zəngin olduğunu görsünlər. Floramızın bu cür nemətlərlə zəngin olması biz insanların təbiət qarşısındakı məsuliyyətimizi artırır, hər birimizi yeni bağlar salmağa, qurub-yaratmağa sövq edir. Çünki bizi əhatə edən zəngin təbiətə, bol nemətlərə görə şükür etməli, ona qayğı ilə yanaşmalı, sevməli və qorumalıyıq. Bu mənada bu gün muxtar respublikada bütün sahələrə göstərilən əsaslı və müsbət yanaşma, xüsusilə meyvəçilik və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası təsərrüfatçılara böyük imkanlar yaradır. Zəhmətkeş Qənbər Abdullayev də bu imkanlardan yararlanaraq bu il yaşadığı Gal kəndində 1 hektar sahədə cəviz bağı salmışdır. O, meyvə bağının saxlanılması üçün az vəsait və işçi qüvvəsinə ehtiyac olmasına baxmayaraq, meyvəçiliyin uzunmüddətli və bol gəlirli təsərrüfat sahələrindən biri olduğunu söyləyir. Zəhmətkeş təsərrüfatçı deyir ki, dövlətimizin sahibkarlara göstərdiyi hər cür dəstək onun bu işə başlamasına stimul vermişdir. Təbiət qoynunda böyüyən bitki, torpaqdan ucalan hər bir yaşıl fidan insana zövq verir. Güllərin şahı olan qızılgül Naxçıvanda çox qədim zamanlardan əkilib-becərilir. Diyarımızın iqlim şəraiti kənd təsərrüfatı sahəsində müxtəlif qızılgül növlərinin yetişdirilməsinə imkan verir. Muxtar respublikamızda qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi, xüsusilə diqqətdə saxlanılır. Qızılgül istisevən bitkidir. Günəş yaxşı düşən yerdə bu gül çox məhsuldar olur. Gülün ən yaxşı xüsusiyyəti yığıldıqdan bir-iki gün sonra çiçəklədiyi üçün məhsuldar olması, yenidən toplanılmasının mümkünlüyüdür. Muxtar respublikada gülçülüyün inkişaf etdirildiyi rayonlardan biri də Culfadır. Rayonun təbii iqlim şəraiti bu sahənin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Bu gəlirli sahə ilə məşğul olan torpaq mülkiyyətçilərindən biri də Yaycı kənd sakini Sona Hüseynovadır. Dövlətimizin torpaq mülkiyyətçilərinə göstərdiyi qayğıdan bəhrələnən ailə təsərrüfatçısı bu il 0,2 hektarlıq sahədə yeni qızılgül bağı salıb. Bu gün onlar üçün yaradılan şəraitdən istifadə edərək yeni bağlar salan torpaq mülkiyyətçiləri aydın başa düşürlər ki, nə qədər yaxşı işləsələr, bol məhsul əldə etsələr, bir o qədər firavan yaşayar və dövlətimiz də iqtisadi cəhətdən güclü olar.

Alcəfər NURMƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031