SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zəhmətə bağlı ömür

Zəhmətə bağlı ömür
20-06-2021, 19:00

Xoşbəxtliyi bir sözlə ifadə edin? – Zəhmətkeşlik. Xoşbəxtlik Allahın sevimli bəndəsi olmaqdır. Amma insan zəhmətkeş olmasa, o, heç zaman xoşbəxt ola bilməz! ...1959-cu ilin isti bir yay günündə, iyul ayının 1-də Hənifə kişinin oğlan uşağı dünyaya gəldi. Adını Mehman qoydular. Hənifə kişi onda Gal kəndindəki kolxozda briqadir işləyirdi. Özü də qabaqcıl idi. Kənd təsərrüfatı maşın və mexanizmlərinin sayca o qədər də çox olmadığı həmin dövrdə qabaqcıl təsərrüfatçı olmaq asan iş deyildi. Quş qanadlı illər sürətlə uçub keçdi. Başqa yaşıdları kimi Mehman da tez boy atıb böyüdü, məktəbə getdi. Ancaq əvvəldən onun yazıb oxumaqdan daha çox əməyə, zəhmətə meyli vardı, atasının peşəsinə çox maraq göstərirdi. Atası da peşəsini ona həvəslə öyrədir, övladını kiçik yaşlarından əməyə, zəhmətə alışdırırdı. Böyük şairimiz Nizami Gəncəvi boş yerə deməyib ki, çalış öz xalqı nı n işinə yara, dünya əməlinlə geysin zərxara... Hənifə yanılmamışdı. Övladı Mehman peşəsi və çalışqanlığı ilə özünə həyatda yol açdı, hörmət qazandı. 1980-ci illərin əvvəllərində hərbi xidmətdən qayıtdıqdan sonra o da kəndlərindəki təsərrüfatda mexanizator kimi işə başladı, atası kimi qabaqcıl təsərrüfat adamlarından biri oldu. Gah yer şumlayır, gah taxıl əkib-becərir, gah da müxtəlif işlərdə mexanizator yoldaşlarına köməklik göstərirdi. Bu xasiyyətinə görə traktorçu yoldaşları da, təsərrüfat sahibləri də onun xətrini çox istəyir, həmişə hörmətini saxlayırdılar. Ancaq, o illərdə çox işləyən kəndlinin sonda bütün məhsulunun dövlət tərəfindən əlindən alınması bir çox gəncimiz kimi Mehmanı da narahat edirdi. Ulu öndərimiz Heydər Əliyev torpağı kəndliyə verməklə tarixi ədaləti bərpa etməsi bir çox gəncimiz kimi Mehmanın da ürəyindən xəbər vermişdi. Qeyd edək ki, torpaq islahatı haqqında qanunun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə rayonumuzun Şurut və Gal kəndlərində qoyulmuşdu. Torpağın əsl sahibinə çevrilən kəndli artıq onu istədiyi kimi əkib-becərməyə başladı. Əkin sahələri təsərrüfat sahibləri arasında bərabər səviyyədə bölünərək paylanılan zaman Gal kənd sakini Mehman Əliyevə də 20 hektar pay torpağı verildi. O illəri həmsöhbətim belə xatırlayır: – İllər sürətlə keçib getdi. Bu illərlə birlikdə həyatımız, zaman, dövran da dəyişdi. 90-cı illərin ortalarından hər yerdə olduğu kimi, Gal kəndində də sovxoz dağılmağa başladı. Aparılan torpaq bölgüsündə bizim ailəyə də müəyyən pay düşdü. İlk vaxtlar biz torpağın üzünə baxdıq, o da bizim. Nə edəcəyimizi bilmədik. Müstəqil olmaq, sərbəst fəaliyyət göstərmək əlbəttə ki, rahatdı, sərfəlidi. Amma bu, müəyyən çətinlik və problemlər ortaya çıxarır. Xüsusilə də, texnika cəhətdən. Sovet dövründən qalma köhnə və yararsız bir-iki texnika ilə başladıq fəaliyyətə. Min bir əziyyətlə yetişdirdiyimiz məhsul suvarma suyu çatışmazlığı ucbatından gözümüz qarşısında tələf olurdu. Bir çox hallarda isə yetişdirilən məhsulu tarlada dəyər-dəyməzinə satırdıq. Əkinçi bilmirdi ki, yaxşı məhsuldarlığa nail olmaq üçün toxum növlərini, mineral gübrələri haradan və kimdən alsın. Bu halda ona güzəştli şərtlərlə maliyyə dəstəyi göstərən təşkilatlar, qurumlar da yox idi. Üstəlik, əkinçinin sağ əli hesab olunan texnika sarıdan təminat aşağı səviyyədə idi. İstismar müddətini başa vurmuş texnikalarla məhsulun vaxtında və itkisiz yığılmasını təşkil etmək isə mümkün deyildi. Təbii ki, bu çətinliklərin müqabilində əlimiz qabarlı, qazancımız isə az idi. Amma nə yaxşı ki, bu çətinliklərin ömrü uzun olmadı. Ölkənin maddi imkanı yaxşılaşdıqca dövlətin aqrar sahəyə qayğı və diqqəti artdı. Ötən illər ərzində təsərrüfat sahiblərinə göstərilən dövlət dəstəyi bu sahədə əməlli-başlı canlanma yaratdı. Güzəştli şərtlərlə kreditlərin verilməsi, yüksəkkeyfiyyətli toxum, gübrə və texnika ilə təminat, suvarma sistemlərinin təkmilləşdirilməsi və yenidən qurulması kəndlini torpağa qaytardı. İndi özümün ailə təsərrüfatım var. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərə güzəştli şərtlərlə texnika və avadanlıqlar, kredit, subsidiya və gübrə verilməsindən mən də lazımınca istifadə edərək pay torpağımın hamısını əkirəm. 20 baş iribuynuzlu heyvanımın qış yem ehtiyatını yaratmaq üçün 5 hektar sahədə çoxillik ot, ailəmin illik ruzisini təmin etmək üçün isə 7 hektar sahədə taxıl əkmişəm. Həyətyanı sahədə isə kartof əkininə üstünlük vermişəm. Təsərrüfatımda 10-a yaxın xırdabuynuzlu da bəsləyirəm ki, bu da öz ehtiyacımızı ödəmək üçündür. Taxıl sahələrini öz kombaynı ilə biçən Mehman Əliyev həmkəndlilərinin də taxılını biçərək həm onların məhsullarının itkisiz hasil olunmasına kömək edir, həm də əlavə qazanc əldə edir. Bundan başqa onun təsərrüfatında şum qaldırmaq, topan vurmaq, ot biçini aparmaq, bir sözlə, əkinçilik üçün lazım olan bütün texnika və avandanlığı var. Bu texnikalarda bir nasazlıq yarananda onu özü sazlayıb düzəldir, çilingər və mexanikliyini də özü edir. Hazırda onun işi bir az da artıb, daha maraqlı və məsuliyyətli olub. Belə ki, 1 hektara yaxın sahədə, əsasən, calaq edilmiş alma, armud, gilənar və cəviz tingləri əkərək bağ salıb. Ailə təsərrüfatçısı, zəhmətkeş Mehman kişi həm də mehriban, səmimi bir ailə başçısıdır. Həyat yoldaşı ilə birlikdə 6 övlad böyüdərək boya-başa çatdırıb. Atasının adını daşıyan oğlu Hənifə də Mehmanın ailə təsərrüfatında çalışır, hər işdə ona arxa-dayaq olur. Bütün bu sətirləri Mehmanın kənddən bir az aralıda yerləşən taxıl sahəsinin yanında dincəlmək üçün düzəltdiyi “kölgəlikdə” qələmə alırdım. O danışır, mən isə yazırdım. Bir anlığa başımı qaldırıb kağız üzərində təsvir etdiyim bu zəhmətkeş insanın üzünə baxdım. Yayın istisinin, qışın sazağının yandırıb qaraltdığı çöhrəsində bir inam, məğrurluq duyulurdu. Yaşının müdriklik çağına qədəm qoyan bu zəhmət adamına Allahdan cansağlığı, bol ruzi dilədim. Qəlbimdən qeyri-ixtiyarı dahi Nizamidən bu sətirlər keçdi: Zəhmətdən fəryad etmə, olsun qoy səndə qərar. Zəhmətin axırında, Rahatlıq var, şadlıq var.

Alim AĞAYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031