SON DƏQİQƏ

naxcivanxeberleri.com

Etnoqrafik yaddaşımızda taxıl biçini

Etnoqrafik yaddaşımızda taxıl biçini
20-06-2021, 14:00

Astronomik bölgüyə görə, yay iyun ayının 22-də başlayır. Lakin xalq arasında “yazın bir ayı yaydandır” deyiminə uyğun olaraq iyun ayı da yay ayı hesab edilir. Yay həm də ilin anbarı sayılır. Doğrudan da, iyun ayının əvvəlindən meyvələr yetişməyə başlayır. Maraqlıdır ki, Naxçıvan Muxtar Respublikasının ərazisində iqlimin təzadlı olmasına görə meyvələrin yetişmə vaxtı da fərqlidir. Məsələn, Naxçıvan şəhərindən 12-15 kilometr aralıda yerləşən Qahab və Sirab kəndlərində ərik, tut və başqa meyvələr Naxçıvan şəhərindən 12- 15 gün gec yetişir. Bununla da iyun ayı ərzində qədim diyarın yaşayış məntəqələrində fərqli vaxtlarda olsa da, etnoqrafik bölgüyə əsasən eyni işlər görülür, yetişən meyvələr toplanılır, satış üçün nəzərdə tutulanlar bazara göndərilir, qalanları isə qurudulub qış hazırlığı görülür. İyun ayı təkcə meyvə tədarükü ilə bitmir. Bu dövrdə ta qədimdən ata-babalarımızın məişət və təsərrüfat həyatında mühüm rola malik olan və strateji məhsul hesab olunan taxıl biçini, döyümü, bir sözlə, çörək tədarükü aparılır. Onu da qeyd edək ki, taxıl biçininin müasir dövrdə başqa formada aparılmasına baxmayaraq, etnoqrafik qaynaqlarda, yaşlıların yaddaşında bu iş tamam başqa şəkildə yaşayır. Müasir dövrdə bir traktor gün ərzində 15- 20 hektar yer şumlayır və yaxud kombayn 30-40 hektar sahə biçir, hazır taxıl dənliyə tökülür. Amma əvvəllər bir cüt öküz qoşulan kotanla səhərdən axşama qədər dayanmadan çalışan babalarımız cəmi 4000-5000 kvadratmetr yer şumlayırdılar. Min bir zəhmətlə becərdiyi taxılı da oraqla, çinlə biçməyə məcbur idilər. Dəmyə taxılı isə sadəcə əllə yolurdular. Yəni, onu dəstə-dəstə dartıb yerdən çıxarırdılar. Yayın birinci ayına həm də “biçin ayı” deyirlər. Hər bir kənddə biçinə başlamaq üçün kəndin dünyagörmüş ağsaqqallarına məsləhət edərdilər. Elə ki, razılıq əldə edildi, elliklə biçinə çıxar, həmin gün şadyanalıq edərdilər. Bəzən yaxın qohum və qonşular əvvəlcədən razılaşmaya görə biçini qarşılıqlı yardımlaşma formasında, birlikdə aparardılar. Arpanı buğdaya nisbətən 10-15 gün tez biçməyə başlayırdılar. Yeri gəlmişkən deyək ki, Azərbaycan etnoqrafiyasında arpa biçini özü də bir vaxt bölgüsüdür. Deyirlər ki, tingləri arpa biçinində peyvənd edərlər. Bir də əkinçi babalarımız yay turpunu, yer kökünü də arpa biçinində səpərdilər. Əkinçilər taxılı biçib “dərz” bağlayardılar. Dərz bağlamaq üçün “bəndam” (bəndəm) eşilərdi. Bəndam hazırlamaq üçün aran yerində selovlarda, qumlu sahələrdə bitən saqqız, əkinin içərisində bitən vələmir (yulaf) kollarından (vələmir əkinin içərisində arpa və buğdadan bir-iki qarış hündür olmaqla yanaşı, gövdəsi daha da elastikdir), olmadıqda isə arpa küləşindən istifadə edilirdi. Taxıl əsasən, “mərəndi” (yarım dairəvi oraq) ya da “çin”lə (aypara şəkilli dişli oraq) biçilərdi. “Axırda gələcəksən mərəndə” məsəli də buradan yaranıb. Buğdanı 5-10 gün vaxtından əvvəl biçib, dərzləri sünbül hissəsi içəri olmaqla üst-üstə yığardılar ki, buğda özözünə, günəş qovurmadan yetişsin. Bu cür buğdanın çörəyinin ətri adamı uzaqdan vurardı. Yaşlıların dediyinə görə, dörd əl tutumu, yəni orağı bir dəfə hərləyib əlin tutduğu qədər biçilən sünbül “bafa” adlanır. Dörd və ya beş bafa isə bir dərz adlanırdı. Toplanan bir etnoqrafik məlumatda isə qeyd edilir ki, biçinçilər hər dəfə orağı hərlədikdə biçilən taxıla “dəstə”, üç dəstəyə “çəmən” deyərdilər. Üç çəməni bir yerə bağlayırdılar ki, bu da “bağ” adlanır. Səkkiz bağ bir ulağın yüküdür. Ona “xalvar” deyirlər. Dərzlər öküz arabaları ilə xırmana (xərmənə) daşınardı. Xırmanda dərzlərin bəndəmi açılıb “heşan” salınardı (qalın formada yerə sərilərdi). Açılmış dərzlər qalın döşəndiyi üçün onu birbaşa gəmlə (vəl) əzmək mümkün olmurdu. Əvvəlcə heşanı cəhləyib yatırırdılar. 1950-ci illərdə Sirab kəndində kolxozun atı çox idi. Bir neçə atı gənclər minər, heşanın üzərində dövrə vurardılar. Yaxud bir neçə öküzü qabaqlarına qatıb küləşin üzərində dolandırardılar. Heşan yatdıqdan sonra ikinci döyüm car-carla aparılardı. Bir-iki metr uzunluğunda tirin üzərinə ərsin formalı çarpaz dəmirlər vurulurdu. Tirin uclarında öküzə qoşulan zaman hərlənmək üçün “xanut”lar düzəldilirdi. Heşanın üzərində hərləndikcə dəmir dişlər küləşi doğrayıb əzirdi. Çox vaxt heşanı cəhləyib yatırdıqdan sonra car-car salmadan “vəl” (gəm) ilə döyməyə başlayırdılar. Vəl ağır taxtadan düzəldilən bir cüt taxtadır. Baş hissəsi nisbətən sivri və ağız hissəsi bir qədər yuxarı qalxmış olur ki, küləşi qabağına yığmasın. Ayaqqabıda olduğu kimi (sağ-sol) iki hissədən ona görə düzəldilir ki, daşımaq asan olsun. Burun hissədə zəncir bağlamaq üçün yer düzəldilirdi ki, öküzlərə qoşula bilsin. Taxtanın altında qabaqcadan oyuqlar açılırdı ki, ora daş çalmaq asan olsun. Bəzi gəmlərin altına daş əvəzinə dəmir dişlər vurulurdu. Yaşlıların söylədiyinə görə, daş çalanda küləşi daha yaxşı əzirdi. Bir cüt öküz qoşulan gəmi isə bir nəfər idarə edirdi. Gəm sürənin əlində uzun çubuq olurdu və bununla öküzləri idarə edirdi. Gəm sürən ayaq üstə duraraq sol əli ilə soldakı öküzün quyruğundan yapışırdı ki, gəmin üstündə müvazinətini saxlasın. Sovet hakimiyyəti illərində heşanın üzərində bəzən 4-5 gəm dövrə vururdu. Gəmlə bərabər öküzlərin nal vurulmuş dırnaqları da küləşi əzirdi. Gəm sürənə adətən “xödək” (hodaq), əlində yaba kənara düşən sünbülləri yenidən heşana atana, gəm sürənlərə rəhbərlik edən adama isə “garvan” deyərdilər. Yer şumlayan zaman da kotanın macını tutana “macqal” və ya “garvan”, boyunduruğun üstündə oturub öküzləri idarə edən adama isə “hodaqçı” və ya sadəcə olaraq “hodaq” (xödək) deyərdilər. Küləş döyülüb hasilə gəldikdən sonra onu sovurub samanını dəndən ayırardılar. Döyülmüş taxılı adətən axşamçağı sovurardılar. Çünki axşamçağı az da olsa havada külək olur. Bəzən yel çağırmaq üçün nəğmələr oxuyur, bunun yelin əsməsinə səbəb olacağına inanırdılar. A Yel baba, Yel baba, Qurban sənə, gəl baba. Taxılımız yerdə qaldı, Yaxamız əldə qaldı. A Yel baba, Yel baba, Qurban sənə, gəl baba. Döyülmüş taxılı kürəklə götürüb havaya atardılar. Külək yüngül samanı kənara aparar, tığda isə taxıl qalardı. Taxıl küləşdən nisbətən ayrıldıqdan sonra “şadara” (bir çox kəndlərimizdə “daşgir”də deyilir), iri deşikləri olan xəlbirlə taxılı ələyərdilər. Tam əzilməyən sünbüllər xəlbirdən keçməzdi. Buna “kozar” deyərdilər. Yığılan kozarı ya yenidən döyər, ya da quş və heyvanlar üçün yem kimi ayırardılar. Günəş altında çox qalan taxıl kimi, xırmanda yağışa düşən taxıl da keyfiyyətini itirərdi. Bu gün taxıl biçini dövrü müasir formada həyata keçirilir. Artıq taxılçıların bir çox qayğıları yerindəcə həll olunub. Demək olar ki, hər kənddə azı bir-iki kombayn var. Bu kombaynlar əvvəlcədən biçin mövsümünə hazırlanır, saz vəziyyətə gətirilir. Biçin kompaniyası başa çatan kimi elin sərvəti dəyirmanlara daşınır. Əkinçilər bu il də əmindirlər ki, məhsulumuz boldur, çörəyimiz öz təknəmizdəndir.

Etnoqrafik materiallar əsasında

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031