SON DƏQİQƏ

naxcivanxeberleri.com

Min bir dərdin dərmanı olan tutdan necə istifadə edirik?

Min bir dərdin dərmanı olan tutdan necə istifadə edirik?
20-06-2021, 13:00

Ta qədim zamanlardan tut ehsan sayılıb. Əsasən yol kənarlarına əkilən tut ağacları böyüyüb məhsul verəndə yoldan ötən hər kəs bu şirin ləzzəti dadır. Elə ki, yaz gəldi, tut yetişdi, hamı uşaqtək sevinərdi. Əvvəllər tut yetişəndən sovuşana qədər hər kəs bu məhsulun tədarükündə iştirak edərdi. Yığılan tutdan müxtəlif azuqələr hazırlanardı. Süfrələrdə qəndlə, konfetlə yanaşı mütləq ki, tut qurusu olardı. Yayda meyvəsi, qışda isə meyvəsindən hazırlanan azuqələrlə tut əvəzedilməzdir. Tutdan min bir dərdin dərmanı olan doşab hazırlanır. Bir çox meyvələrdən doşab hazırlansa da, tut doşabı ən xeyirli bəkməz sayılır. Soyuqdəymənin əsl dərmanıdır. Qışın oğlan çağında iki-üç qaşıq iç, sinən yumşalar, boğazının ağrıları keçər, xəstəlik də səndən uzaqlaşar. Tutun faydalarını saymaqla bitmir. Xalq təbabətində tutun orqanizm üçün necə xeyirli olması qeyd olunub. Vitamin və minerallarla, həmçinin mikrob öldürücü bakteriyalarla zəngin olan bu giləmeyvə ağız, boğaz iltihabı, diş əti xəstəliklərində, qan azlığında və öskürəyə qarşı, həmçinin hərarət düşürücü kimi istifadə olunur. Yarpaqlarından çay dəmləyib şəkərli diabet və ürək xəstəlikləri olan insanlara içirirlər. Yorğunluğu və halsızlığı da aradan qaldırır. Bir sözlə, dava-dərmandan qaçmaq istəyən insanlar üçün tut ən xeyirli, təbii müalicə üsuludur. Sadəcə meyvəsi deyil, ağacı da faydalıdır bu əvəzsiz nemətin. Həm rütubətə, həm də ağırlığa davamlılığına görə inşaat sahəsində də geniş tətbiq olunur. Oduncağından yüksəkkeyfiyyətli mebel, ət döymək üçün toxmaq, çəlləklər, bir sıra musiqi alətləri hazırlanır, qabığından və kökündən alınan qızılı-sarı rəngdən isə boyaq sənayesində istifadə edilir. Həmçinin, ipəkçilik sahəsinin inkişafında da tut ağacının mühüm əhəmiyyəti var. Belə ki, ipəkçiliyin əsasını təşkil edən baramaqurdu yalnız tut yarpağından qidalanır. Tutun faydaları barədə danışarkən insanların bəzən bu nemətə bəslədiyi biganə münasibəti də qeyd etmək lazımdır. Yəqin ki, hər gün işə, evə gedib gələrkən yaxınlıqdakı tut ağaclarından yerə tökülən və sahibsiz şəkildə ayaq altında əzilən bu nemətlə hər birimiz rastlaşmışıq. Gəlin etiraf edək ki, tutun bu qədər faydasını bildiyimiz halda tənbəllik edirik. Yaşlı insanlar deyirlər ki, uşaq vaxtı əlimizə çörək alıb dırmaşardıq tut ağacına və doyunca yeyərdik. Analarımızın, nənələrimizin tutdan bişirdiyi doşabı qatıqla və yaxud xəşillə qarışdırıb yeyərdik. Amma indi tut ayaq altında qalaraq əzilib məhv olur və biz ondan səmərəli istifadə edə bilmirik. Yaxşı başa düşürük ki, daha ərzaq qıtlığı yaşanmır və biz tut qurusu ilə yox, növbənöv şirniyyatlarla, şokalad növləri ilə çay içirik. Amma unutmaq olmaz ki, tərkibi şirin zülallarla zəngin olan bu qidaların heç biri tut qədər faydalı ola bilməz. Tanrının verdiyi nemət ayaq altında əzildiyi halda deyirik ki, qara ciyərim xəstədir, qan azlığım var, şəkərim qalxıb və sair, və ilaxır... Tutun həm doşabından, həm mürəbbəsindən, həm də kompotundan məhsullar hazırlayıb satışa çıxarmaq olar. Amma biz yerə tökülən tutu kürəklə yığıb bəzən zibil qabına atırıq. Gəlin, bu dəyərli neməti atmayaq, ondan gəlir götürək, sağlamlığımız naminə istifadə edək...

Həsrət NAĞIYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031