SON DƏQİQƏ

naxcivanxeberleri.com

Meyvələrdən müxtəlif məhsulların hazırlanması və qurudulma qaydaları

Meyvələrdən müxtəlif məhsulların hazırlanması və qurudulma qaydaları
19-06-2021, 19:28

Naxçivan  göycəsi  sortunun   meyvələrindən alinan məhsullar. Naxçıvan göycəsi ən tez yetişən meyvələrdəndir. Onun meyvələri həm təzə halda yeyilir, həm də ondan müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunur. Aşağıda belə məhsulların hazırlanması haqqında qısa məlumatlar verilmişdir.

Meyvələrin qurudulması.  Naxçıvan göycəsinin meyvələri tam yetişdikdən sonra  yığıb qurutmaq olar. Bu iş aşağıdakı qaydada aparılır. Qeyd edək ki, ağacdan dərilmiş meyvələri bir sutkadan artıq saxlamaq olmaz. Meyvələr yığıldıqdan sonra qurudulması üçün irili-xırdalı seçildikdən sonra mətbəxt sodası məhlulunda pörtlədilməlidir. Bunun üçün 10 litr suya 50 qram mətbəxt sodası qatmaqla məhlul hazırlanır. Sonra bu məhlul qaynayana qədər qızdırılır. Bunun ardınca meyvələr bu məhlula salınaraq üzərində mikroçatlar əmələ gələnə qədər orada saxlanılır. Pörtlədilmiş meyvələr soyuq suda 1-2 dəqiqə yuyulur, sonra sudan çıxarılır və qurudulması üçün açıq havada günəş altında sərilır. Qurudulma  müddəti 15-20 gün davm edə bilər. Qurudulmuş meyvələr tünd qəhvəyi rəngdə olur. Belə qurudulmuş meyvələr parça torbalarda, yaxud karton yeşiklərdə saxlanıla bilər. Alça və ya göycə qurusu müxtəlif milli xörəklərin hazırlanmasında istifadə olunur.

Meyvə şirəsinin hazırlanması. Naxçıvan göycəsi sortunun meyvələri tam yetişdikdə sulanır və şirinləşir. Tam yetişmiş meyvələrdə şəkərlilik 13-15 faizə yüksəlir. Naxçıvan göycəsi sortunun tam yetişmiş meyvələri ağacdan yığılır, sonra yuyularaq meyvələrin kütləsinə uyğun olan qazana tökülür. Sonra onun üzərinə hər bir  kiloqrama yarım stəkan (100 qram) nisbətində su əlavə edilərək qaynayana qədər qızdırılır. Sonra bu meyvələr aşsüzənə tökülərək əzilir və şirəsi çıxarılır. Bu şirə yenidən ələkdən keçirilir. Toplanılmış şirə kütləsi yenidən qazana tökülərək qaynadılır. Qaynadılmış şirə sonradan müxtəlif ölçülü şüşə qablara doldurularaq yenidən qazanda su içərisində 20-30 dəqiqə müddətində sterilləşdirilir. Bunun ardınca şüşə qablar qazandan çıxarılaraq ağzı kip bağlanılaraq soyudulur. Şüşə qablardakı bu qayda ilə hazırlanmış göycə şirəsini sərin yerlərdə uzun müddət saxlamaq olar. Qış aylarında belə meyvə şirələrindən istifadə olunması insanın sağlamlığı üçün çox faydalıdır.

 

Kompot hazırlanması. Alçanın və ya Naxçıvan göycəsi sortunun tam yetişmiş meyvələri ağacdan toplanılaraq təmiz yuyulur. Yuyulmuş meyvələr qazana tökülərək üzərinə su əlavə edilir və 20-30 dəqiqə qaynadılır. Bunun ardınca hazırlanmış komport şirəsi şüşə qablara doldurularaq, ağzı kip bağlanmaqla sərin yerdə saxlanılır. Belə komport şirəsini uzun müddət saxlamaq olar

Lavaşa hazırlanması. Lavaşanı müxtəlif meyvə və giləmeyvələrdən (alma, armud, heyva və s.) hazırlamaq olar. Ancaq ən dadlı lavaşa alça, göycə və gavalıdan alınır. Bu iş aşağıdakı qaydada aparılır. Alça və ya Naxçıvan göycəsi sortunun meyvələri ağaclardan yığılır, təmiz yuyulur, sonra üzərinə az miqdarda su tökülərək vam istilikdə bişirilir. Sonra bişirilmiş məhlul süzgəcdə əzilərək çəyirdəkləri çıxarılır, bunun ardınca narın ölçülü ələkdən keçirilir. Alınmış qatı meyvə məhlulu qazanda tez-tez qarışdırılmaqla bişirilir. İşin gedişində çalışmaq lazımdır ki, qazanın dibi yanmasın. Lavaşanın hazır olmasını məhlulu qarışdırarkən qaşığa yapışıb dartılması ilə müəyyən etmək olar. Bişirilmiş lavaşa məhlulu üstünə perqament kağızı sərilmiş taxta lövhəyə, yaxud dayaz boşqaba tökülür və üzəri bıçaqla hamarlanaraq açıq havada qurudulur. Qurudulmuş lavaşa dairəvi bükülərək otaq şəraitində saxlanılır. Lavaşa zövqə uyğun olaraq müxtəlif xörəklərin bişirilməsində, ona azca turşuluq dadı verilməsi üçün istifadə olunur.

Alça turşusu. Naxçıvan göycəsi sortunun tam yetişməmiş meyvələri yığılaraq təmiz yuyulur, sonra müxtəlif ölçülü şüşə qablara yığılır. Həmin qabda onun üzərinə şüyüt, reyhan, bibər, sarımsaq, sirkə və duz tökməklə  üzərinə qaynar su əlavə edilir, sonra  20-25 dəqiqə qaynadılaraq sterilləşdirilir. Sonra ağzı kip  bağlanaraq sərin yerdə saxlanılır. 20-25 gündən sonra turşu hazır olur. Belə hazırlanmış turşu otaq şəraitində sərin yerdə saxlanılır və qış dövrü ondan turşu kimi istifadə edilir.

 

Müxtəlif meyvə məhsullarının qurudulması. Meyvə və giləmeyvəni açıq havada, günün altında, yaxud da duxovkada qurutmaq lazımdır. Meyvə tez qurusun deyə ələkdən, tabağdan, sinidən və başqa iri, eyni zamanda yastı əşyalardan istifadə edirlər. Kisələrin üstünə də meyvə sərmək olar. Gecələr meyvə sərilmiş çərçivələri üst-üstə yığıb kisə, çuval, kağız ilə örtürlər ki, şeh düşməsin. Meyvə çürüməsin deyə əvvəlcə duzlu suya salıb sonra qurudurlar. Meyvə və giləmeyvəni sapa düzüb gün düşən yerdə,mismardan asmaqla da qurutmaq olar. Meyvəni duxovkada qurudarkən onu tavaya düzməyib, birbaşa duxovkanın içərisində sərilmiş samanın,quru otun üstünə düzmək lazımdır. 

 

Alma-Armud qurusu. Adətən almanın yayda və payızın əvvəlində yetişən növünü qurudurlar. Armudun da yumşağını, tez dəyib yetişənini qurudurlar. Almanı, armudu yuyur, xırdasını bütöv, irisini iki, yaxud dörd yerə bölüb qurutmaq məsləhətdir. Meyvəni qabıqlı da qurutmaq olar. Almanı halqa-halqa doğrayır, yaxud iki bölürlər. Sonra alma, armud ayrı-ayrılıqda qurudurlar. Meyvələr quruduqdan sonra çürüyüb qaralmasın deyə qabaqca soyulub doğranmış almaları üç dəqiqə müddətində 1,5 faizli duzlu suda saxlayırlar (1 vedrə suya 150 qram duz). Alma və armudu duxovkada 85 dərəcə istilikdə qurudurlar. Bu zaman hər iki saatdan bir meyvəni duxovkadan çıxarıb o üz-bu üzə çevirmək lazımdır. Meyvə quruyana yaxın duxovkanın istiliyini (50-55 dərəcəyədək) azaldırlar. Almanın qurumasının əlamətini belə təyin edirlər: alma qaxından birini götürüb sıxırlar, əzilmirsə, deməli qurumuşdur. Armud isə quruduqdan sonra yumşaq və elastik olmalıdır.

 

Ərik və Şaftali qurusu. Əriyin bərklərini, tamam yetişməyənlərini qurutmaq məsləhətdir. Onları seçib yuyur, çərdəklə və çərdəksiz qurudurlar. Ərik bütövdürsə, onu günün altında 5-8 sutka, çərdəyi çıxarılmışsa 4-7 sutka qurutmaq lazımdır. Şaftalını da ərik kimi qurudurlar. Qurutmaq üçün şirin və turşaşirin şaftalı növləri məsləhət görülür. 

 Gavali qurusu. Gavalının tamam sulanıb yetişmişini qurutmaq lazımdır. Ağacdan dərilmiş gavalını 1 sutkadan artıq saxlamaq olmaz. Gavalını irili-xırdalı seçib yuyur, tez qurusun deyə yarım dəqiqə müddətində çay sodası qatılmış (1 vedrəyə 50 qr.soda) 90 dərəcə istiliyi olan suda saxlayır, sonra gavalıları tez soyuq suyun içərisinə boşaldırlar və 1-2 dəqiqədən sonra sudan çıxarıb qurutmaq üçün sərirlər. Gavalını əvvəlcə xəlbirin üstünə sərib günün altında,s onra 55 dərəcə istilikdə duxovkada qurudurlar. 3-4 saat duxovkada qaldıqdan sonra gavalılar büzüşüb qırışmağa başlayır. Bu zaman onları duxovkadan çıxarıb qarışdırırlar. 

Tamam soyuduqdan sonra onları təzədən 65-70 dərəcə istiliyi olan duxovkaya qoyub 5 saatdan sonra çıxarıb qarışdırır və soyuduqdan sonra 80-90 dərəcə istilikdə 4-5 saat müddətində tamam qurudurlar. Tamam qurumuş gavalının rəngi qaraya çalan tünd sürməyi, qabığı parıltılı olur, çəyirdəyi asanlıqla ayrılır. Alçanı da gavalı kimi qurutmaq lazımdır. Alça qurusu gavalı qurusuna nisbətən daha bərk və turş olur.                                  

 Itburnu qurusu. İtburnunu yığan kimi qurutmaq lazımdır. Onu soyuq su ilə yuyurlar. Suyu tamam çəkiləndən sonra 50 dərəcə istiliyi olan duxovkada qurudurlar.İtburnu barmaqların ucu ilə sıxdıqda ovulursa, deməli qurumuşdur. 

Giləmeyvə qurusu. Giləmeyvəni (qarağat,moruq və s.) azca istiliyi olan duxovkada vamla qurudurlar. Giləmeyvəni gün altında qurutmaq olmaz. Çünki günəş şüası giləmeyvəni çürüdür. 10 kq təzə giləmeyvədən 1-1.5 kq.  quru giləmeyvə alınır.

  Mövüc (üzüm qurusu).  Üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır. Yaxşı olar ki, qurutmaq üçün nəzərdə tutulan üzüm tənəkdə qalıb tamam yetişərək şirə salsın. Sonra üzümü tənəkdən dərib salxımda olan çürümüş və əzilmiş gilələri ayırırlar. Üzümü tez-tez  o üz-bu üzə çevirməklə tabaqlarda 3 gün müddətində qızmar günəş altında qurutmaq məsləhət görülür. Tamam qurumuş üzüm gilələri asanlıqla salxımdan qopub tökülür. Həmin gilələri havada qurudub sonra qablara yığırlar, qışa saxlayırlar. Kölgədə qurudulmuş mövüc uzun vaxt tələb etsə də daha keyfiyyətli olur.

  Əncir qurusu.  Ənciri dərib qabıqlı halda bir neçə burum qaynadırlar. Sonra dəvətikanının üstünə sərib günəş şüaları altında 4-5 gün qurudurlar.     

VARİS QULİYEV

Aqrar elmlər doktoru, dosent

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930