SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilib

Naxçıvanda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilib
19-04-2019, 09:10

Aprelin 18-də Qarabağlar Türbə Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, 1982-ci ildən etibarən UNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu tarixi günə xüsusi önəm verilir. Bu günün qeyd olunmasında məqsəd insanların diqqətini abidə və tarixi yerlərin qorunmasına yönəltməkdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Tarixi abidələrin mühafizəsi həm də maddi və mənəvi irsimizin qorunub gələcək nəsillərə çatdırılması rolunu oynayır. Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən daşlaşmış yadigarlardır.

Nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan tarixinin və qədim abidələrin öyrənilməsi sahəsində həyata keçirdiyi tədbirlərdən və qəbul etdiyi qərarlardan danışıb.

Qeyd olunub ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Həyata keçirilən davamlı tədbirlər öz bəhrəsini verməkdədir. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında son 23 ildə 70-dən artıq tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı onlarla Sərəncamlardan sonra tarix-mədəniyət abidələri elmi əsaslarla öyrənilmiş, tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan onlarla elmi məqalə və kitablar yazılmışdır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamı ilə muxtar respublika ərazisində olan 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır.

Muxtar respublikada abidələrimizin tədqiq olması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatların, ekspedisiyaların aparılması, beynəlxalq simpoziumların və konfransların keçirilməsi, kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsi bu mənada mühüm əhəmiyyət daşıyır.

Nazir çıxışının sonunda qədim diyarımızda mədəniyyətə və incəsənətə göstərilən böyük dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Fəxrəddin Səfərli “Azərbaycan memarlığının möhtəşəm nümunəsi Qarabağlar Türbə Kompleksi” mövzusunda çıxış edərək bildirib ki, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi Naxçıvan ərazisində yaradılan türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən və Şərq memarlığının incilərindən biridir.

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən kompleks bir türbə və qoşa minarəli baştağdan ibarətdir. Qoşa minarəli baştağın üzərindəki kitabədən aydın olmuşdur ki, abidənin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın həyat yoldaşı olan Quti xatın ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən Qarabağlar Türbə Kompleksi bərpa edilərək möhtəşəm abidəyə ikinci həyat verilib.

Alim eyni zamanda muxtar respublikada aparılan arxeoloji ekspedisiyalar və yeni tapıntılar haqqında fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edilib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə arxeoloji ekspedisiyaların fəaliyyəti və abidələrin bərpası yüksək səviyyədə həyata keçirilir.

Tədbirdə uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə şagirdəri arasında etüd-dərs keçirilib və fərqlənənlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.

Tədbir iştirakçıları burada təşkil olunmuş Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrlə bağlı nəşr olunmuş kitablardan, çap məhsullarından, rəsm əsərlərindən ibarət sərgiyə maraqla baxmışlar.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın və “Şərur” Xalq Yallı Ansamblının konserti olmuşdur.
Muğam üçlüyünün ifasında “Şur”, “Dilkeş” təsnifləri, “Naxçıvandır” mahnısı səslənib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudov, müğənnilər Məhərrəm Quliyev, Nərmin Hüseynovanın ifaları alqışlarla qarşılanıb. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupu “Koroğlu” operasından “Cəngi”nin sədaları altında rəqs etməklə konsertə rəngarənglik gətirib. Rəqs qrupunun ifa etdiyi yallı maraqla qarşılanıb. “Şərur” Xalq Yallı Ansamblı “Göyçəməni” yallısını ifa edib. Tədbir ansamblın ifasında “Köçəri” yallısı ilə başa çatıb.Naxçıvanda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilibNaxçıvanda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031