SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bioloji faktora sosial rifahın təsiri

Bioloji faktora sosial rifahın təsiri
10-06-2021, 22:20

Vərəm yer üzərində geniş yayılmış xroniki infeksion xəstəlikdir. Hazırda planet əhalisinin üçdəbir hissəsi vərəm xəstəliyindən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən hər il on milyon insan vərəmlə xəstələnir və bunun üç milyonu dünyasını dəyişir. Dünyada hər 10 saniyə ərzində bir nəfər vərəm xəstəliyindən vəfat edir. Epidemioloji vəziyyət ağır olan ölkələrdə vərəm xəstəliyindən ölənlərin 75 faizi əmək qabiliyyətli, yəni 15-50 yaşlarda olan insanlardır.

Mütəxəssislər bu qənaətdədirlər ki, vərəm xəstəliyi əsrlərboyu epidemiya halını almış, müxtəlif ölkələrdə geniş yayılaraq çoxsaylı insan tələfatına səbəb olmuşdur. Lakin vərəm epidemiya deyil, sadəcə olaraq infeksion xəstəlikdir, həm də genetik daşıyıcılığa malikdir. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə onlarla suala cavab axtarır. Gəlin görək vərəm xəstəliyi hansı mühitdə daha aktivləşir, hansı şəraitdə onun genetik daşıyıcılığı fəallaşır və əksinə, müalicəsi, azalması mümkün olur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini – Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva ilə bu barədə fikir mübadiləsi apardıq. Zeynəb xanım deyir ki, infeksion xəstəliklərin dünyada yayılmasının konkret səbəblərindən biri də ardıcıl iqtisadi böhran və gərginliklərin olmasıdır. Vərəm xəstəliyindən ölənlərin sayı digər infeksion xəstəliklərdən ölənlərin sayından çoxdur və o təkcə insan orqanizmi ilə xəstəliktörədicisi arasında olan tibbi – bioloji problem deyil, həm də sosial problemdir. Çünki sosial faktorlar insan sağlamlığına təsir edən amillərdir. Konkret olaraq, həyatın maddi bazası, sanitar mədəniyyəti, məşğulluğun növü, yaşayış, mənzil şəraiti və sair insan sağlamlığında böyük rol oynayır.
Söhbətimizin bu yerində, yəni vərəm xəstəliyinin tək bioloji deyil, sosial problem olduğunu həkimdən dinləyən an xəyalən muxtar respublikanın 30 il bundan əvvəlki dövrünə qayıdıram. O dövrə ki Naxçıvanda bu xəstəliyin göstəricisi artıq həyəcan təbilinin çalınmalı olduğu vaxtın çatdığını “söyləyirdi”. Zeynəb xanımın statistik göstəricilərə əsasən dediyinə görə, ötən əsrin 90-cı illərində əhalinin hər 10 min nəfəri arasında vərəmə yoluxmuş xəstələrin 80-90 nəfər təşkil etməsi epidemioloji vəziyyətin təhlükəli həddə çatmasından xəbər verirdi. Bu problemə daha çox kənd yerlərində rast gəlinir, vərəm xəstəliyinə yoluxan bəzi şəxslərin rəsmi qeydiyyata düşməməsi çox ağır fəsadlara yol açırdı. Təkcə 1990-cı ildə ilkin vərəmə yoluxanların sayı 288 nəfər təşkil edib. Ağciyəri dağılma fazasında olan 44 nəfər, vərəm pozitivli 31 nəfər qeydə alınıb.
Bəli, bu göstəricilərin əsasında genetik amillə yanaşı, sözsüz ki, sosial həyat, yaşam tərzi, ətraf mühit dayanırdı. Bir qədər o dövrə ekskurs edək. 2007-ci ildə “Şərq qapısı” qəzetində bir yazım dərc olunmuşdu: “Tütün iyi, yoxsa çörək ətri?” Elə bu yazı ilə də yola çıxmaq istəyirəm. Yazı o vaxt yazılmışdı ki, artıq muxtar respublikada çökmüş iqtisadiyyatın dirçəldilməsinə, quruculuq işlərinə bir neçə il idi ki, başlanılmışdı. Şəhər və kəndlərimizdə yağışın altında, zığ-palçığın içində qalan, körüm-köhnə, parça-tikə materiallarla quraşdırılaraq bir-birinə söykənən, heç bir şəraiti – su, kanalizasiya sistemi olmayan çayxanalar sökülürdü və camaatın bir hissəsi, hansı ki, həmin çayxanalarda qazanc və əyləncə ilə məşğul idilər, buna etiraz edirdilər. Həmin vaxt artıq bir neçə il idi ki, Naxçıvanda torpaq islahatları həyata keçirilmiş, insanlar torpaq paylarını almışdılar. Lakin çayxanalardakı avara həyat tərzi hələ də onları zəhmətə qatlaşmaqdan uzaqlaşdırırdı. Bütün yaş qruplarında olan insanlar, əsasən, gənclərimiz həmin çayxanalarda səhərdən gecə saatlarınadək siqaretin dumanında əyləşir, antisanitariya şəraitində – ləyəndə yaxalanıb rəngi çirkdən bilinməyən dəsmalın üzərinə çevrilən stəkanlarda çay içir, nərdi elə çırpırdılar ki, səsi kəndin o başına gedib çıxırdı. Yeniyetmə və gənclər məktəbdən yayınır, çayxanalarda, bazarlarda işləyir, sağlamlıqları və gələcək həyatları təhlükəyə məruz qalırdı. Həmin yazını yazmaqda məqsədim muxtar respublikamızda başlanan işlərə müvafiq olaraq insanları tütün qoxulu çayxanalardan açıq, təmiz havada torpaqlarını əkib-becərməyə, sağlam həyat tərzi keçirməyə çağırmaq idi. Çox təəssüf ki, bugünkü gənc həkim və mütəxəssislər həmin o çayxanaları görməyiblər. Görmüş olsaydılar, bilərdilər ki, nə üçün o zamanlar Naxçıvanda vərəm xəstəliyi o həddə çatmışdı.
Həmin xəstəlik ocaqları söküldü, insanlar torpağa meyil etdilər, dünən bundan narazı olanlar bu gün ən fəal, yaxşı gəlir əldə edən fermer, sahibkar, ailə təsərrüfatçılarıdır. Onlar həm də ikiqat qazanc əldə etdilər: həm sağlamlıqlarında, həm də dolanışıqlarında. Bir vaxt çayxanalarda, bazarlarda, marşrut avtobuslarda əməyə cəlb olunan uşaq, yeniyetmə və gənclərlə müqayisədə bu gün həmin kateqoriyadan olan əhali qrupu muxtar respublikada sağlam həyat tərzi keçirməklə yüksək səviyyədə təhsil alır, ixtisaslı kadrlar kimi yetişir, idmanın bütün növləri ilə məşğul olur, beynəlxalq idman yarışlarında iştirak edir, bütün sahələrdəki uğurları ilə Naxçıvanın adını ucaldırlar.
Digər bir məsələyə – 90-cı illərdə insanların qidalanmasına nəzər salaq: Hansı ki bütün xəstəliklərin sağalma mərhələsi qidalarla sıx şəkildə bağlıdır. El arasında da belə bir deyim var ki, qida müalicə ilə yarıdır. O vaxt, çoxlarımıza bəllidir ki, muxtar respublika blokadanın ilk illərinin ağır günlərini yaşayırdı. Ölkə ilə heç bir əlaqə yox idi, təbii qaz, elektrik enerjisi Ermənistan tərəfindən kəsilmiş, dəmir yolu bağlanmışdı. İnsanlar soyuq, qaranlıq evlərdə yaşamağa məhkum olmuşdular. Hələ gəl, gör ki, bu şəraitdə evində də bir xəstən ola. O da vərəmli xəstə. Belə bir atalar sözümüz də var: Var evi kərəm evi, yox evi vərəm evi. Bu atalar sözü elə, sanki o vaxt üçün deyilmişdi. Yoxluq hər evə hakim kəsilmiş, kasıblıq hər kəsin bəlasına çevrilmiş, xəstələrin sonunu gətirmişdi. Belə bir şəraitdə vərəm xəstəliyi artmaya bilərdimi? Evlərdəki şəraitsizlik, su, kanalizasiya sisteminin olmaması, soyuq, rütubət, üstəgəl də, ərzaq qıtlığı, ən dəhşətlisi isə tapa bildiyimiz ərzağın belə, mənşəyinin bilinməməsi həyat üçün çox təhlükəli idi. O zaman muxtar respublika ərzaqla, ancaq idxal hesabına az-çox təmin olunurdu. Heç vaxt görmədiyimiz, şama oxşar yağlardan istifadə olunurdu evlərdə. Geni dəyişdirilərək istehsalı çoxaldılan ərzaqlar baha qiymətə insanlara satılırdı. Hələ bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə həmin məhsulların sanitar vəziyyəti, onları hansı vəziyyətdə olan bazarlardan, dükanlardan almağımız, ən təhlükəlisi isə həmin məhsulların rütubətli, kif basmış anbarlarda saxlanılması idi. Vərəm xəstəliyinin artma səbəblərindən birinin rütubət, antisanitariya olduğuna nəzər salsaq, o zaman məhsulların saxlanıldığı uyğunlaşdırılmış, divarlarından su süzülən, havalandırılmayan, nəmişlikdən nəfəs kəsilən anbarlardan, mağazaların qarşısına günün altına düzülən kolbasa məhsullarından axan yağlardan, baytar nəzarətinin olmaması səbəbindən ətin antisanitar şəraitdə satışından, kəsilmiş heyvanların içalatının çaylara axıdılmasından, hara gəldi atılmasından, gündəlik ərzaq məhsullarının gediş-gəlişin sıx olduğu küçələrdəki “komission mağazalar”da üstüaçıq saxlanmasından, üzərinin həşərat yığınağı olmasından, ətrafdakı toz-torpağı “canlarına çəkməsindən”, çörəyin içindən çıxaraq xoşagəlməz mənzərəyə çevrilənlərdən danışmaq kifayət edir. Son illər isə muxtar respublikada əhalinin payız-qış mövsümündə keyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün ümumi tutumu 19 min tondan çox olan 46 soyuducu anbar və 34 istixana təsərrüfatı yaradılmışdır.
Digər bir məsələyə də toxunmaq istəyirəm. Bu, nəinki vərəmin, digər bütün infeksion xəstəliklərin mənbəyi olduğu üçün ondan söhbət açmamaq, ən azından, günahdır. 90-cı illərdə rayon mərkəzlərindəki ictimai yaşayış binalarının qarşısında hər ailə özü üçün bir sanitar qovşaq düzəltmişdi. Buna səbəb nə olmuşdu? Həmin binalara məxsus ümumi sanitar qovşaqlarda baxımsızlıq üzündən antisanitariya o dərəcəyə çatmışdı ki, girilməz olmuşdu. Buna görə də insanlar guya çarə tapmışdılar, lakin düşünməmişdilər ki, bu, daha dəhşətli antisanitariyaya yol açacaqdır. Məişət tullantıları da həmin sanitar qovşaqların kənarlarına atılırdı ki, burada üfunətdən, həşərat yığınağından baş çatlayırdı. Bir-birinə söykənən həmin “tikililər” də illər öncə çayxanalar kimi söküldü, mənzillər su, kanalizasiya sistemi ilə təmin olundu. Məişət tullantılarının hara gəldi atılmaması üçün illər uzunu insanlar arasında maarifləndirmə tədbirləri aparıldı, cərimələr tətbiq olundu. Ona nail olundu ki, bu gün şəhər, qəsəbə, kəndlərdə, yaylaqlarda, istirahət mərkəzlərində belə insanlar tullantıları artıq xüsusi yeşiklərə atırlar və tullantılar maşın və texnikalar vasitəsilə vaxtlı-vaxtında götürülür.
Məlumdur ki, su həyatdır. İnsanların gün ərzində ən çox qəbul etdiyi sudur. Su sağlamlığın təməli olduğu üçün onunla bir məmləkət sağlam həyat da sürə, infeksion xəstəliklər girdabına da düşə bilər. Necə ki yaşadığımız XXI əsrdə bəzi ölkələr var ki, çirkli su istifadə edildiyinə görə əhalisi arasında infeksion xəstəliklər bir-birini əvəzləyir. Haqqında söhbət açdığım dövrdə elə ki, azacıq yağış yağdı, su kranlarından lilli-çamurlu su axırdı. Son illər həmişə yağış yağanda bunu xatırlayıram və düşünürəm ki, insanlar nə yaxşı ki, o vaxt kütləvi şəkildə məhv olmayıblar. Su nə üçün bulanıq axar ki? Təbii ki, bu sualın bir cavabı var: çünki məişətdə çay suyundan istifadə olunurdu. Su kranlarına çay suyu vurulurdu. O çaylara da insanlar tərəfindən nələr axıdılırdı, onu özləri, bir də Allah bilir. Həmin sudan istifadə dövründə vərəm xəstəsinin sağalmasından necə söhbət gedə, bu xəstəliyin artmasının qarşısı alına bilərdimi? Əlbəttə, xeyr. Ötən illərdə bu problem də öz həllini tapdı. Ən yüksək ərazilərdən, dağ bulaqlarından min kilometrlərlə məsafədən borularla çəkilən sular evlərimizədək gətirildi. İndi Naxçıvanda, nəinki insanlar saf su içir, məişətdə də saf sulardan istifadə edirlər. Çay sularında isə yalnız əkinlərin suvarılması üçün istifadə olunur. Ötən illər ərzində yeni su xətlərinin çəkilməsi, sutəmizləyici qurğuların quraşdırılması, su anbarlarının, nasos stansiyalarının tikilməsi, kəhrizlərin, çeşmələrin bərpa olunması Naxçıvanda su problemini aradan tamamilə qaldırmış, insanların sosial rifahına səbəb olmuşdur.
Mütəxəssislər deyirlər ki, vərəm xəstələri daim açıq havada gəzməlidirlər. Onlar üçün oksigen çox əhəmiyyətlidir. Yəqin, 90-cı illərin Naxçıvanının təbiət mənzərələrini də xatırlayanlar az olmaz. Ümumiyyətlə, sovet dövründən az yaşıllaşdırılan diyarımız 90-cı illərin ağır blokadasına məruz qalanda olub-qalan yaşıllıqlar da insanların ölüm-qalım mücadiləsinin qurbanı oldu. Nəinki yol kənarlarında, meşələrdə, hətta həyətlərimizdə belə, ata-babalarımızın əkdikləri ağaclar çarəsizlikdən kəsilib sobalarda insanların “xilasına” çevrildilər. O dövrdə yaşıllıqlarla yanaşı, təbii ki, meyvə qıtlığı da yaranmışdı. İndi muxtar respublikanın bütün bölgələrində yol kənarlarında, salınan meyvə bağlarında əl uzadılıb dərilən hər növdə olan meyvələr o zamanlar insanların ehtiyacı, arzuları idi. Naxçıvan varlığının heç bir dönəmində bugünkü qədər yaşıllığa sahib olmamışdır. Ötən illər salınan bağlar, yaşıllıqlar, əkilən ağaclar bu gün muxtar respublikanın 20 faizdən artıq yaşıllıq sahəsi, bol oksigenidir. Yerli, keyfiyyətli meyvələr isə ixrac olunan məhsullar sırasındadır.
Müstəqillik illərində bir-birinin ardınca taxılçılığın, meyvə və tərəvəzçiliyin, arıçılığın, kənd təsərrüfatı məhsullarının istehsalının, baytarlıq təbabətinin və digər aqrar sahələrin inkişafı ilə əlaqədar qəbul olunan Dövlət proqramları muxtar respublika iqtisadiyyatının təməl daşları olmaqla, yüksək inkişafının stimuluna çevrildilər. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, bu da ərzaq təhlükəsizliyinin təminatı, əhalinin yerli məhsullardan istifadə etməklə sağlam həyat tərzinə nail olduqlarını şərtləndirən amildir.
Söhbətimizin bu yerində Zeynəb xanım deyir ki, sağlam həyat üçün hərtərəfli tədbirlərin nəticəsində son illər muxtar respublikada bütün sahələr kimi, səhiyyə sistemi də tamamilə yenidən qurulmuş, ən ucqar kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri istifadəyə verilmiş, maddi-texniki bazaları müasirləşdirilmiş, tibb ocaqlarına yeni avadanlıqlar təqdim olunmuşdur. Həkim və tibb işçilərinin sertifikasiya imtahanlarına cəlb olunması isə bu sahənin inkişafını stimullaşdıran başlıca amillərdir. Eyni zamanda ardıcıl şəkildə aparılan əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin də yenidən qurulması, fəaliyyətlərinin gücləndirilməsi, idarə olunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, həkim briqadaları tərəfindən müxtəlif bölgələrdə insanların kütləvi tibbi müayinələrdən keçirilməsi, kütləvi dezinfeksiya tədbirlərinin aparılması, əhali arasında bir çox xəstəliklərin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına, nəinki vərəmin, əksər yoluxucu xəstəliklərin aşağı səviyyəyə enməsinə səbəb olmuşdur.
Muxtar respublikada vərəmə qarşı peyvəndlər, kütləvi tuberkulin və Diaskin test sınaqları, flüoroqrafiya müayinələri, fəal formalı vərəmli xəstələrin vaxtında stasionar müalicəyə cəlb edilməsi, tam sağalanadək müşahidə altında saxlanılması, onların yaşayış və əmək şəraitini yaxşılaşdırmaq kimi tədbirlərin həyata keçirilməsi vərəmlə xəstələnmənin xeyli azalmasına səbəb olmuşdur. BÇJ vaksininin muxtar respublikanın Doğum Mərkəzində, doğum şöbələrində düzgün və vaxtında tətbiqi nəticəsində bu gün uşaqlar və yeniyetmələr arasında vərəmin miliar vərəm, vərəm meningiti kimi ağır formalarına rast gəlinmir. 90-cı illərin sonlarından başlayaraq vərəm xəstəliyinin aşkarlanması üçün diaqnostikası və müalicəsinin yaxşılaşdırılması artıq bu fəsadların aradan qaldırılmasında müsbət dinamika ilə nəticələnib. 2000-ci ildə ilkin vərəmə yoluxanların sayı 167 nəfərdən 2020-ci ildə 29 nəfərə enib. Hər 100 min nəfərə düşən xəstə sayı isə 6,3 nəfərədək azalıb ki, bu da bir sıra inkişaf etmiş ölkələrdəkindən daha yaxşı göstəricidir.
Hazırda muxtar respublikada vərəm əleyhinə tibbi xidmət 39 çarpayılıq Ağciyər Xəstəlikləri Dispanseri, həmçinin Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Şərur, Sədərək Rayon Mərkəzi xəstəxanalarının və Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbələrində vərəm kabinələri tərəfindən həyata keçirilir. Dispanser 2007-ci ildə əsaslı təmir olunmuşdur. 2010-cu ildə isə dispanserdə dərmanlara davamlı vərəm xəstələri üçün əlavə şöbə və bakterioloji laboratoriya, ötən il isə Polimer zəncirvarı reaksiya laboratoriyası qurulub. Dispanserdə çalışan həkim və orta tibb işçiləri müraciət edən xəstələrdə ilkin olaraq qanın kliniki, bəlğəmin, ağciyərlərin rentgenoloji müayinələri və tuberkulin diaqnostika aparırlar. Ehtiyac olan hallarda xəstələrdə əlavə müayinələr – bəlğəmin vərəm çöpünə görə əkilməsi və dərmanlara həssaslığı, ağciyərlərin KT, qanın biokimyəvi və sair müayinələr icra olunur.
Söhbətimiz zamanı Zeynəb xanım maraqlı bir faktı da söyləyir: – Alimlər bütün dövrlərdə uzunömürlülüyün sirrini araşdırmış və sonda belə bir qənaətə gəlmişlər ki, bu, hər şeydən əvvəl, yaxşı yaşayışın nəticəsidir. Onların fikrincə, insan ömrünün bir il uzadılması cəmiyyətin 10 illik tərəqqisinin ekvivalentidir. Əlbəttə, tərəqqi deyəndə həm iqtisadi inkişaf, həm də insanların həyat tərzinin yaxşılaşdırılması, maddi vəziyyətlərinin yüksəldilməsi nəzərdə tutulur. Axı cəmiyyətdə və ayrı-ayrı adamların həyatında baş verən sosial-iqtisadi dəyişikliklər insanların psixoloji durumunun yaxşılaşmasına, beləliklə, onların daha çox yaşamasına gətirib çıxarır.
Həkimin bu sözləri fonunda düşünürəm ki, bəli, bütün xəstəliklərin müalicəsinin əsasında ruh yüksəkliyi, bunu yaradan rifah, rifahın yaratdığı inam dayanır. Bu gün muxtar respublikada bütün evlərdəki istilik, işıq, hərtərəfli şərait, ətrafımızdakı abadlıq, təmizlik, gözoxşayan gözəllik, böyük diqqət və qayğı, ümumilikdə, insan amilinə verilən dəyər əhalinin rahatlığına, firavanlığına xidmət edirsə, xəstə insanlar qarşısında isə şəfaya aparan yolu açır. Dünya şöhrətli amerika yazıçısı O.Henrinin “Son yarpaq” hekayəsində pəncərə qarşısındakı ağacın son yarpağının düşməsi ilə ölümünün çatacağını düşünən xəstə qız qonşu rəssamın ağacın arxasındakı divara çəkdiyi yarpaqla gündən-günə ümidlənib vərəm xəstəliyindən necə qurtuldusa, ötən əsrin 90-cı illərinin naxçıvanlıları da bir ümidlə və o ümidə inamla çətin günləri arxada qoyub bugünkü inkişaf etmiş Naxçıvana sahib ola bildilər. Və bir də ona əmin oldular ki, hansı bioloji faktor olursa-olsun, onun əsasında Naxçıvanın bugünkü sosial rifahı dayanır. Bu amil sağlamlı, xəstəli, hər birimizin xilasıdır. Elə ötən ildən bəri dünyada tüğyan edən, lakin Naxçıvanın az yoluxma və itki ilə xilas olduğu pandemiya kimi...

Mətanət MƏMMƏDOVA

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930