SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan ədəbi sənət məktəbi

Naxçıvan ədəbi sənət məktəbi
15-05-2021, 22:17

    Ümumilli liderimiz Heydər Əliyev bütün həyatı boyu mədəniyyətə, incəsənətə, teatra qayğı ilə yanaşmış, teatra olan sevgi və məhəbbətini belə ifadə etmişdir “ Milli mədəniyyətimizin mühüm sahəsini təşkil edən teatrımızın böyük tarix, böyük ənənləri, gözəl nümunələri var və bu teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”

       Dünyanın hər bir yerində teatr sənəti öz kökləri etibarilə xalqın məişəti, adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə sıx bağlıdır. Bu səbəbdən dövrün böyük maarifçiləri cəmiyyətin psixologiyasına xitab etməyin ən təsirli yolu kimi daim teatr sənətinə müraciət etmiş, komediyaların və satiranın acı gülüşü ilə onları qəflət yuxusundan oyatmağa çalışmışdır.  Bununla yanaşı,  teatr milli mədəniyyətin, milli incəsənətin ayrılmaz tərkib hissəsidir. Danılmaz bir həqiqətdir ki, incəsənətin mürəkkəb, kütləvi, sintetik və canlı növü olan teatr sənətinin həm mədəniyyətin inkişafında, həm də insanların ideya, bədii və estetik tərbiyəsində böyük rolu vardır. Təbii ki, bütövlükdə teatr sənətini tədqiq edərkən, ilk növbədə, bu sənətin söykəndiyi xalq yaradıcılığını, onun milli xüsusiyyətlərini, janr, üslub və forma cəhətlərini araşdırmaq və onun professional teatr sənətinin formalaşmasında və təşəkkül tapmasında rolunu və əhəmiyyətini müəyyənləşdirmək lazımdır.

           Ölkəmizdə milli teatrımızın əsası 1873-cü ildə ömrünü xalqın maariflənməsinə həsr edən Həsən bəy Zərdabinin rəhbərliyi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin və realnı məktəbin şagirdlərinin birgə iştirakı ilə M. F. Axundzadənin “Lənkəran xanın vəziri” komediyasının tamaşaya qoyulması ilə yarandı. Həvəskar artistlərin hazırladığı bu tamaşa əslində Azərbaycanda professional dram teatrının fəaliyyətinin başlanğıcı oldu.

             Bakıda bu tamaşadan bir neçə il sonra – 1875-ci ildə Qubada, 1882-ci ildə Şuşada, 1883-cü ildə Naxçıvanda, 1887-ci ildə Şəkidə, 1889-cu ildə Gəncədə yerli teatr həvəskarları tamaşalar göstərdi.

            Naxçıvanda teatr ədəbi sənət məktəbinin yaranması 1883-cü il mayın 11-də dövrünün maarifpərvər ziyalısı Hacı Nəcəf Zeynalovun şəhərin məşhur “Zaviyə” məhəlləsindəki evində Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə və onların “huşyar dostları”nın cəhdləri sayəsində fəaliyyət göstərmiş “Naxçıvan Müsəlman İncəsənəti Dram Cəmiyyəti”nin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasının səhnələşdirilməsilə yaradılıb.  Bu barədə sənətşünas alim Əli Qəhrəmanov yazır: “Naxçıvanda teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar dünyəvi Azərbaycan teatrının yaradılmasının 10 illiyinə təsadüf edir. O dövrdə Naxçıvanda fəaliyyət göstərən “Naxçıvan Müsəlman İncəsənəti Dram Cəmiyyəti”nin nümayəndələri M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya hazırlamış və İrəvana xalq məktəbləri inspektoru Tselovalnikova ...teleqram göndərmişlər. ...Teleqrama razılıq alındıqdan sonra tamaşa 1883-cü ilin may ayında (15-də) Hacı Nəcəf Zeynalovun evində göstərilir. ...Aparılan tədqiqatlar aydınlığı ilə sübut edir ki, 1883-cü ilin may ayında M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşası ilə Naxçıvan teatrının təməli qoyulur”.  Bu barədə fransız şərqşünası Lusyan Buvanın “Müsəlman aləmi” jurnalındakı qeydlər də olduqca maraq doğurur. O yazır: “Naxçıvanda həvəskar artistlər tərəfindən Azərbaycan və rus dillərində tamaşalar göstərilir. Bu tamaşalara baxmaq üçün cəmiyyətin təbəqələrinə mənsub olan adamlar gəlirdilər”. Beləliklə, Naxçıvanda teatr fəaliyyəti getdikcə güclənir və bunun da sayəsində “qaranlıq dünyanın” köhnəlmiş sütunları qırılır, maarif və elmə olan münasibət dəyişərək yeni müstəviyə keçir, xalqda təhsilə, mətbuata və teatra ciddi maraq oyanır.  

        Naxçıvanda maarif və elmin, mədəniyyətin yayılması və təbliğində Eynəli bəy Sultanovun, Cəlil  Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Əliqulu Qəmküsarın, Məhəmmədəli Sidqinin və başqa  ziyalıların misilsiz xidmətləri olmuşdur. Naxçıvan ziyalıları teatrın rolunu düzgün dəyərləndirərək Naxçıvanda peşəkar teatrın formalaşmasına bütün qüvvələri ilə çalışırdılar. Çünki, teatr səhnələrində xalqın həyatı, problem və qayğıları öz əksini tapır, xalqı avamlığa, fanatizmə, elmsizliyə vadar edən qüvvələr tənqid və ifşa olunur, xalq milli oyanış və maarifə dəvət olunurdu. Bu minvalla da səhnədə oynanılan hər bir əsər öz tərbiyəvi əhəmiyyətilə insanların əxlaqının və xarakterinin islah olunması və kamilləşməsinə öz təsirlərini göstərirdi. Necə ki, böyük ustad, dramaturgiyamızın banisi  və müəllimi Mirzə Fətəli Axundzadə dram və teatr sənətindən bəhs edərkən göstərirdi: "Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir".  Böyük ustad Cəlil Məmmədquluzadə də Naxçıvanda teatr tamaşasının göstərilməsi hadisəsini xatırlayaraq yazırdı: "Miladi tarixinin 1893-cümü, dördüncümü illərində Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində teatr oynayırdıq. O vədə Naxçıvanda teatr nümayişləri üçün tək bircə yerdə kiçik bir səhnə var idi... Naxçıvanda o vaxt səhnədə göstərilən pyeslər Mirzə Fətəlinin "Hacı Qara", "Məstəli Şah" və "Kimyagər, "Xan Sərabi" komediyaları idi. Burda mənim söhbətim "Kimyagər" komediyası barəsindədir ki, bir gün o pyesi biz həvəskarlar haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. O günü Naxçıvanın şəhər məktəbinin və məhəllə məktəblərinin cəmi şagirdləri tamaşanın müftə olmağını qənimət bilib gəlib dolmuşdular teatra. Belə ki, iki, bəlkə üç yüz şagirdi səhnənin zalına ancaq yerləşdirə bildik. Tamaşa  pis də keçmədi. Şagirdlərə böyük təsir bağışladı. Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediya və duzlu və zərif məzhəkələri uşaqlara o qədər xoş gəldi ki, nümayiş qurtarandan sonra bunlar teatr həyətinə və sonra küçəyə çıxa-çıxa bir ucdan virdi-zəban eləyib çığırışırdılar:

 - Molla Həmid, körüyü bas!

 

Bir neçə dəqiqənin içində şəhər, küçə və bazarın hər yerində elə uşaq idi ki çığırırdı:

 

  - Molla Həmid, körüyü bas! Paha vaveyla! Naxçıvanın mollaları məscidlərdə namaz və ibadətə məşğul olduqları yerdə uşaqların bu fəryadını eşidirlər: "Molla Həmid, körüyü bas!" Balam, bu nə qiyamətdir? Necə Molla Həmid, kimdir körüyü basan Molla Həmid?

 Axırda məlum olur ki, körüyü basan Molla Həmid teatr nağılı imiş…Bir dəstə növ cavan müsəlman müəllimləri teatr oyunu qurublar ki, mollaları lağa qoysunlar. Bu nə qiyamətdir, bu nə rüsfayçılıqdır ? Elə bu səbəbdən də camaat şəhərin mollası Axund Molla tağının yanına cəm olurlar. Qərar qoyurlar Naxçıvan naçalnikinə şikayət edib belə nümayişlərin bundan sonra qadağan olunmağını iltimas etsinlər.”

         Naxçıvan teatrı böyük bir mərhələni təşkil edən mədəni oyanış və inkişaf epoxası ilə yaxından bağlıdır. Naxçıvanın mədəni inkişaf və yüksəlişində birbaşa böyük xidmətləri olan Naxçıvan teatrı və onun aktyorları xalqımız və onun ümummilli lideri Heydər Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmişlər. Ümummilli lider Heydər Əliyev teatrın xalqın mədəni inkişafındakı rolunu qiymətləndirərək deyirdi: Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orda çalışan insanlar fədakardırlar, fədaidirlər...”. Bu mühüm amillərə görə teatrımız, o cümlədən, Naxçıvan teatrı həmişə ümummilli liderimiz və onun davamçıları tərəfindən daim qayğı və diqqətlə əhatələnmişdir.  Heydər Əliyev siyası məktəbinin layiqli davamçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən böyük uğurla həyata keçirilən quruculuq və yenilənmə tədbirləri sırasında teatr və mədəniyyət sahəsinə də xüsusi diqqətin ayrılması mədəniyyətə qayğının bariz ifadəsidir. Təsadüfi deyil ki, mədəni inkişafa rəvac verən mədəniyyət ocaqları və yerləri ən müasir binalarla, ən müasir və rahat şəraitlə təmin edilmiş, böyük mədəni quruculuğa nail olunmşdur. Bu gün bölgə fərqi, yaxınlıq və uzaqlıq fərqi olmadan bütün yerlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələri xalqımızın mədəni inkişafına uğurla xidmət göstərir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı özünün möhtəşəm binası və yeni şəraiti  daxilində ən sanballı tamaşalara ev sahibliyi edərək tamaşaçılarana mədəni zövq bəxş edir. Naxçıvanda həm Uşaq teatrının, həm də Kukla teatrının fəaliyyət göstərməsi də böyük mədəni nailiyyətlərdən xəbər verir. Artıq uşaqlar da teatr sahəsində öz qabiliyyətləri ilə iştirak edir və yeni inkişaf yollarına qədəm basırlar. Bundan başqa hər bir rayonumuzda müxtəlif mədəniyyət müəssisələri, teatr binaları fəaliyyət göstərir. Bu mədəniyyət müəssisələri də öz funksiyalarına uyğun olaraq xalqın mədəni istirahətinin təşkili, maariflənməsi üçün öz vəzifələrini uğurla həyata keçirməyə çalışırlar. Bu mədəniyyət ocaqlarında keçirilən müxtəlif tədbirlər, şənliklər, ümumxalq bayramları, habelə müxtəlif teatr qruplarının ifasında göstərilən teatr tamaşaları, səhnəciklər əhalinin razılığı ilə qarşılanır.  Tamaşalar nəinki, ölkə daxilində hətta qonşu İran, qardaş Türkiyə respublikasında da rəğbətlə qarşılanır. Teatrın aktyorları Xalq artistləri Rövşən Hüseynov, Kamran Quliyev, Rza Xudiyev, Yasəmən Ramazanova, əməkdar artistlər Bəhruz Haqverdiyev, Səməd Canbaxşıyev, Əbülfəz İmanov, Əli Əliyev, Vidadi Rəcəbli, Nazlı Hüseynquluyeva və başqaları maraqlı obrazları ilə tamaşaçıların rəğbətini qazanan sənət fədailəridirlər. Bizlərdə bu yolda sənət fədailərimizə uğurlar arzulayırıq....

 Məcid ƏKBƏROV

Naxçıvan Dövlət Universiteti

“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930