SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cənnətdə ilk doğum günün mübarək, şəhidim!

Cənnətdə ilk doğum günün mübarək, şəhidim!
8-05-2021, 23:41

Vətənpərvərlik ana laylalarımızla başlayır. Ana öz övladını böyütdükcə ona Vətən sevgisini elə aşılayır ki, bu sevgi onun qidasına çevrilərək qanına, canına hopur. Bu sevgini öz varlığında yaşadan qəhrəmanlarımızdan biri də Zülfü Rzayevdir.
Zülfü Rzayev 1993-cü il may ayının 9-da Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açmışdı. 1999-cu ildə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olan Zülfü orta təhsil illərində dəqiq fənlərdə uğurlar əldə etsə də, təhsilini hərbi liseydə davam etdirməyi qərara almışdı. Uşaq yaşlarından hərb sənətinə olan marağı Zülfünü 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə gətirib çıxarır. Buradan məzun olduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Kəşfiyyatçı ixtisasına yiyələnir. 2014-cü ildən 2015-ci ilin avqust ayına kimi leytenant rütbəsi ilə Bakıda Təlim- Tədris Mərkəzində həm təhsilini artırır, həm də təlimlərlə ixtisasına aid biliklərini möhkəmlədir. Bundan sonra Füzuli rayonunda N hərbi hissədə öz ixtisası üzrə qulluq etməyə başlayır.

2 aprel 2016-cı ildə 4 günlük müharibə nəticəsində Lələtəpə düşmən işğalından azad edilir. Lələtəpəyə üçrəngli bayrağımızı sancan Vətən oğullarından biri də Zülfü olur. Həmin döyüşlərdən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə leytenant Zülfü Rzayev “İgidliyə görə” medalı ilə təltif edilir. Bu əməliyyatdan sonra Zülfü verdiyi müsahibələrin birində deyirdi: “Ermənilər bizim ön xətdə olan kəndləri tez-tez atəşə tuturdu. Atəşkəsi mütəmadi olaraq pozurdu. Növbəti hücum vaxtı yuxarı komandanlığın əmrinə əsasən onların qarşısı alındı. Şəxsi heyətimiz ön xətti yararaq düşmən mövqelərinə tərəf irəlilədi və ermənilərin canlı qüvvəsini, texnikasını məhv edərək hazırda bizim nəzarətimizdə olan Lələtəpə yüksəkliyində qərar tutdu. Həmin yüksəkliyə qalxmağımızla qürur duyurduq. Çünki illərboyu həsrətində olduğumuz torpaqlarda idik. Bu, böyük bir zəfər idi. Aprel döyüşləri bir daha sübut etdi ki, bizim ordumuz nəyə qadirdir”.
2018-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi” medalı ilə təltif edilən Zülfünün 2020-ci ilin avqust ayında sərhəd bölgəsində 5 illik xidmət müddəti başa çatsa da, Füzulidə qalıb, torpaqlarımız azad olunana qədər xidmət edəcəyini bildirir.
Ordumuzun nəyə qadir olduğunun növbəti sübutunu 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsi Zülfü göstərdi. Həmin gün başlayan Vətən müharibəsində yuxarı komandanlığın “əsgər, zabit heyətini istiqamətləndirmək üçün arxada qal” əmrini eşidir, irəlidə döyüşmək istədiyini bildirir və səhər saatlarında başlayan müharibədə ilk 7 kəndin alınmasında öz qəhrəmanlığını göstərir, yaralansa belə, geri qayıtmır. Gedən döyüşlərdə qəhrəmancasına iştirak edir, yazılan şanlı tarixə öz canı, qanıyla töhfə verib, şəhidlik zirvəsinə yüksəlir.
Ölümündən sonra Zülfü “Füzilinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Cənnətdəki ilk doğum günün ərəfəsində səninlə görüşə gəlmişəm. Ad günün mübarək, şəhidim. Bilirəm ki, bu gün sənə ən böyük hədiyyə Qələbə xəbəridir. Cənnətdəki döyüş yoldaşlarınla zəfər sevincini yaşadığını da bilirəm. Sən və sənin kimi minlərlə qardaşımız murdar düşmənlərimizin ayaq izlərini müqəddəs torpaqlarımızdan silərək o torpaqlara səpilən toxum kimisiniz. Zaman keçdikcə cücərib artacaq, daim o torpaqlara və xalqımıza nəfəs verəcəksiniz.

 Telli MƏMMƏDOVA

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930