SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikanın rayonlarında alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbirlər keçirilib

Muxtar respublikanın rayonlarında alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbirlər keçirilib
8-05-2021, 22:18

1941-1945-ci illər İkinci Dünya müharibəsində qazanılan tarixi qələbənin 76-cı ildönümü muxtar respublikamızın rayonlarında da qeyd olunub.
Alman faşizminə qarşı müharibədə Şərur rayonundan ordu sıralarına 4 min 7 nəfər səfərbər edilmiş, onlardan 1.789 nəfəri həlak olmuş, yaxud itkin düşmüşdür. Hazırda rayonda İkinci Dünya müharibəsi veteranlarının 3-ü həlak olmuş müharibə veteranlarının 44 nəfər dul arvadı, 48 nəfər arxa cəbhə veteranı yaşayır. Onlar bu gün hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş bu siyasət bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə İkinci Dünya müharibəsi veteranlarına yüksək təqaüdlər verilir, onlar pulsuz minik maşınları ilə təmin olunurlar. Veteranların sağlamlıqları, reabilitasiyası diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, şərurlular Azərbaycan Vətən müharibəsində də qəhrəmanlıqlar göstərmiş, onlardan 88 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir. Rayon ictimaiyyətinin nümayəndələri rayon mərkəzində İkinci Dünya müharibəsi veteranlarına ucaldılmış abidəni ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.

Babək rayonunda İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də müharibə veteranları iştirak ediblər. Müharibədə həlak olmuş babəklilərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, qəhrəman övladlarımızın, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Bu müharibədə Babək rayonundan isə 1275 nəfər müharibəyə yollanıb, onlardan 1058-i qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib. Xalqımız ata-babalarımızın yenilməz, mübariz ruhunu bu gün də yaşadır. Erməni faşizmi üzərində qazandığımız tarixi Qələbə bunu bir daha sübut edir. Vətən müharibəsində Babək rayonundan olan 16 igid şəhidlik zirvəsinə ucalıb.
Qələbənin 76-cı ildönümünə həsr olunmuş tədbirdə ordubadlılar 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Builki Qələbə bayramı çox əlamətdar bir dövrə təsadüf edir. Belə ki, ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. İgid Vətən oğulları öz şücaətləri ilə İkinci Dünya müharibəsində qalib olmuş ata-babalarının layiqli davamçıları olduqlarını sübut etdilər.
İkinci Dünya Müharibəsi zamanı Ordubad rayonundan cəbhəyə 3387 nəfər yollanıb, əksəriyyəti qanlı döyüşlərdə qəhrəmancasına həlak olub. Bu Vətən övladlarının xidmətləri hər bir zaman dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən bu il də muxtar respublikada 1941-1945-ci illər müharibə iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə birdəfəlik maddi yardım verilməsi təmin olunmuşdur.
İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə Culfa rayonunda keçirilən tədbirdə həlak olmuş culfalıların xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət olunub. Bu müharibədə Culfa rayonundan 1181 nəfər şücaət göstərib, onlardan bir çoxu müxtəlif orden və medallarla təltif edilib. Muxtar respublikada müharibə veteranları yaşayış mənzilləri, fərdi nəqliyyat vasitələri ilə təmin edilir, sanatoriya-kurort müalicəsinə göndərilir. Böyük Vətən müharibəsi iştirakçılarının müharibədə göstərdikləri misilsiz şücaət bugünkü gənclərimiz üçün bir qəhrəmanlıq nümunəsinə çevrilib. Məhz ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə, gənclərimizdə olan vətənpərvərlik ruhunun bariz nümunəsidir.
Mayın 8-də alman faşizmi üzərində tarixi Qələbənin 76-cı ildönümü ilə əlaqədar Kəngərli rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Bu müharibədə muxtar respublikamızın hər yerindən olduğu kimi, Kəngərli rayonundan olanlar da mərdliklə vuruşmuşlar. Hazırda Kəngərli rayonunda 1 İkinci Dünya müharibəsi veteranı, bu müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin 17 dul arvadı, 10 arxa cəbhə veteranı yaşayır. Bu da xüsusilə vurğulanmalıdır ki, 6 ay bundan əvvəl xalqımızın zəfər qazandığı 44 günlük Vətən müharibəsində Kəngərli rayonundan olanlar da əsl qəhrəmanlıq göstərərək adlarını tariximizin yaddaşına əbədilik yazmışlar. Azadlıq mücadiləsində Kəngərli rayonundan 24 nəfər şəhid olmuşdur. Bu gün rayonda həm II Dünya müharibəsi, həm də Vətən müharibəsi qəhrəmanların, onların ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir.
Alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə Şahbuz rayonunun idarə, müəssisə və təşkilat nümayəndələri 1941-1945-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə yaradılmış “Ana” Abidə Kompleksinin önünə tər qərənfillər düzüblər. Şahbuzlular da müharibədə qəhrəmancasına döyüşüb, Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Ölkəmizdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçən oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaqdır.
Çoxlu tarixi hadisələrin şahidi olan, düşmənlə bir addımlıqda ayıq-sayıq dayanan sərhəd bölgəmiz Sədərəyin sakinləri də 1941-1945-ci illər müharibəsində alman faşizminə qarşı mübarizədə böyük qəhrəmanlıq göstəriblər. 1941-1945-ci illər müharibəsində Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub. Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə bu rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gedərək burada İkinci Dünya Müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidənin önünə və burada uyuyan türk əsgərinin qəbri üstünə gül dəstələri qoyublar. İkinci Dünya müharibəsində sədərəklilərin göstərdikləri igidlikləri onların övladları ötən ilin Azərbaycan Vətən müharibəsində göstərdilər. 44 gün davam edən Vətən müharibəsində dastan yazan 8 sədərəkli gənc həmin döyüşlərdə atalardan oğullara qalan qəhrəmanlığı, mübarizliyi Vətən təəssübkeşliyini bir daha nümayiş etdirdi. Həmin gün onlar da böyük sevgi və ehtiramla anıldılar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930