SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaz aylarının can dərmanı göbələklər

Yaz aylarının can dərmanı göbələklər
6-05-2021, 22:41

Muxtar respublikamızın rəngarəng iqlim şəraiti, yabanı və mədəni bitki florasının zənginliyi burada müxtəlif qruplara daxil olan göbələk aləminin də formalaşmasına səbəb olub. Göbələklərin əmələgəlmə vaxtı, inkişaf müddəti və sonu hər növün bioloji xüsusiyyətlərindən, mühitin iqlim şəraitindən, xüsusən torpaq və havanın rütubətindən asılıdır.

Naxçıvanda yeməli göbələklər, demək olar ki, mart-oktyabr aylarında, müəyyən fasilələrlə üzə çıxır. Burada göbələyin müxtəlif növləri əmələ gəlir ki, onlardan da ən geniş yayılmışı papaqlı göbələk və tryufel göbələyidir. Tərkibi çox faydalı elementlərlə, o cümlədən sink, amin turşuları, zülallar və vitaminlərlə zəngin olan tryufel bitkisi, el dili ilə desək, “dombalan göbələyi” dünyada çox az bölgələrdə yetişir. Bu nadir bölgələr sırasında Naxçıvan ərazisi də var. Yaz yağışlarının ardından çıxan bitki əllə yığılır. Bitkinin yığımı dekabr ayının sonlarından başlayaraq yaz aylarına qədər davam edir. Şəkər və qan-damar xəstəliklərinin dərmanı hesab edilən bitkinin yığımı o qədər də asan deyil. Elə bu səbəbdən tryufelin qiyməti də yüksəkdir. Hətta onun qiymətinin quzu ətindən baha olduğunu da deyirlər. Göbələkdən çox kartofa bənzəyən bu bitkidən müxtəlif təamlar hazırlanır. Tryufel daha çox İspaniya, İtaliya və Fransada məşhurdur. XV əsrdə dombalanın rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirilmişdir.
Papaqlı göbələk də, öz növbəsində, dağ və çəmən göbələyi olmaqla, iki yerə ayrılır. Onların məhsuldarlığı müəyyən illərdə bol olduğu halda, növbəti ildə nisbətən azalma ilə müşahidə edilə bilir. Papaqlı göbələklərin inkişafı, əsasən, mart ayının axırlarından və aprel ayının əvvəllərindən başlayaraq oktyabr ayına qədər davam edir. Diyarımızın əsrarəngiz təbiətinin bitirdiyi bütün məhsullar kimi Naxçıvan göbələyi də adla tanınır.

Yaz fəsli gələn kimi böyüklərimizin köməyi ilə tanıdığımız göbələk növlərini xüsusi həvəslə toplayardıq uşaqlığımızda. Uzaqdan hər ağartının arxasınca həvəslə qaçıb sevincimizi böyüklərimizlə paylaşardıq. Topladığımız göbələklərdən uzaqda yaşayan yaxınlarımıza da pay göndərərdik.
Hər il yaz açılan kimi qonşuların yığılıb müxtəlif göyərtilər, göbələk toplamaq üçün üz tutduğu yerlərə anamla birlikdə gedən Məleykə xalanın qonağı oldum. Göbələkdən hazırlanan təamlar haqqında məlumat almaq istədim. Məleykə xala: – Qızım, belə deməklə olmaz, gəl birlikdə hazırlayaq, – deyib soyuducudan göbələyi çıxarır. Onları qaba yığıb yaxşıca yuyur. Daha sonra çox da böyük olmayacaq şəkildə doğrayır, əvvəlcədən qaynamağa qoyulmuş suya göbələyin qaralmaması üçün bir az limon sıxır. Göbələkləri suya əlavə edib, duzunu vurduqdan sonra yaxşıca qaynadır. Məleykə xala deyir ki, bu zaman tez-tez baxmaq lazımdır ki, göbələk çox əzilməsin. Eyni vaxtda o, kənarda göbələyin miqdarına uyğun götürdüyümüz soğanı doğrayır. Soğanı yağda qovurduqdan sonra bişən göbələyi süzgəcdən süzüb, qızaran soğana əlavə edir, birlikdə qovururuq. Daha sonra yumurta vururuq və bununla da, yeməyimiz hazırdır. Göbələk qovurmasını müxtəlif variantlarda hazırlayanlar da var. Bəziləri yumurta əvəzinə kartof da qızardırlar. Amma hər halda göbələk süfrəyə sarımsaqlı qatıqla gətiriləndə əvəzsiz tam verir.
Məleykə xala deyir ki, göbələkdən müxtəlif salatlar da hazırlanır. Bu da təkcə bizim yox, demək olar ki, dünya mətbəxinin əvəz­edilməz təamlarından sayılır. Onu da əlavə edir ki, göbələyin insan orqanizmi üçün çox faydası olsa da, zəhərlənməyə də səbəb ola bilər. Göbələkdən hazırlanan xörək və salatlar nə qədər ləziz olsa da, onu çox saxlamaq olmaz. Göbələk seçərkən də diqqətli olmaq lazımdır.
Məleykə xala ilə həmsöhbət olduqdan sonra aldığımız məlumatı da oxucularımıza çatdırıq. Onlar bildirirlər ki, göbələyi toplayarkən mütləq diqqətli olmaq lazımdır ki, zəhərli göbələyi ayırd edə biləsən. Lakin yeməli göbələklər də, bəzən zəhərlənmə verə bilirlər ki, bu da göbələyin yararlılıq müddəti ötdükdə, onun tərkibində orqanizm üçün təhlükəli olan zərərli maddələr əmələ gəlməsi nəticəsində baş verir.
Belə göbələklərdən istifadə nəticəsində baş verən zəhərlənməyə qarşı 9 saat ərzində tədbir görülmədikdə bu, xəstənin ölümü ilə nəticələnə bilər. Meyvə və tərəvəz məhsullarından zəhərlənmə hallarında, hətta 24 saatdan sonra həkimə müraciət etdikdə xəstəni xilas etmək mümkün olur. Ancaq göbələkdən zəhərlənmə 9 saatdan gec aşkarlandıqda, zərərli maddələr, yəni zəhərli göbələklərin toksinləri qana keçir və xəstəni həyata qaytarmaq müşkülə çevrilir. Göbələkdən zəhərlənmə zamanı xəstədə, əsasən, mədə bulanması, qarın nahiyəsində ağrılar, tərləmə, göz bəbəklərində qızartılar, göz yaşı ifrazında çoxalma, görmədə pozğunluq və digər belə simptomlar müşahidə olunur. Bəzi hallarda xəstənin hərarəti də yüksəlir. Zəhərlənmə gec aşkarlandıqda isə ağır formada qıcolma, huşun itməsi, ürək-damar sisteminin pozulması və arterial təzyiqin düşməsi baş verir. Zəhərli göbələklərin bir hissəsi hemodializ əmələ gətirir. Yəni zəhərlənmə zamanı qanın tərkibini dəyişir. Bu növ zəhərlənmələrdə xəstələrin 20 faizi ölüm təhlükəsi ilə üzləşir. Buna görə də göbələkdən istifadə edərkən mütləq diqqətli olmaq lazımdır.
Qədim və zəngin tarixə malik olan mətbəximiz milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Mətbəximizə xas olan yeməklərimizin milliliyini qorumaq, onları dünyaya çatdırmaq üçün muxtar respublikamıza səfər edən tursitlərin də rolu danılmazdır. Buna görə də göbələk və bu kimi təbii resurslarımızın zənginliyini, mətbəximizin qədimliyini, milliliyini isbat edən kulinariya nümunələrimizi təbliğ etmək böyük əhəmiyyət daşıyır. Çalışaq, bu dəyərlərimizi qoruyaq, təbii nemətlərimizi istifadə etməklə yanaşı gələcək nəsillər üçün də qorunub saxlanması qayğısına da qalaq ki, kulinariyamızı özününküləşdirmək istəyən bədnam qonşularımıza da layiqli cavab vermiş olaq.

 Telli MƏMMƏDOVA

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930