SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanın blokada şəraitində, dünyanın pandemiya böhranı mərhələsində sosial-iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması düzgün siyasi strategiyanın bəhrəsidir

Naxçıvanın blokada şəraitində, dünyanın pandemiya böhranı mərhələsində sosial-iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması düzgün siyasi strategiyanın bəhrəsidir
6-05-2021, 21:43

Ötən ayın ümumi mənzərəsi belə deməyə əsas verir 


Dünyanın pandemiya böhranı ilə üz-üzə qaldığı, sosial-iqtisadi problemlər məngənəsində boğulduğu bir dövrdə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın dinamikası qorunub saxlanılır, investisiya qoyuluşu, daxili sərvətlər və xammal hesabına, sahibkarlığın inkişafına dəstək nəticəsində çeşidli və keyfiyyətli istehsala nail olunur, ixrac potensialının artırılması, hərbi qüdrətin daha da gücləndirilməsi, elm, təhsil, mədəniyyət və idmanın inkişafı, ekoloji siyasətin həyata keçirilməsi sahəsində möhtəşəm uğurlar əldə edilir. Bütün bunlara isə muxtar respublikada ümummilli lider Heydər Əliyevin siyasi ideyalarının inam və qətiyyətlə davam etdirilməsi, Vətənə, yurda sonsuz məhəbbət, tükənməz sevgi, insan amilinin hər şeydən üstün tutulması, rəhbər-yurddaş həmrəyliyi sayəsində nail olunur. Elə ötən ayın ümumi mənzərəsi də bu deyilənləri təsdiq edəcək faktlarla kifayət qədər zəngindir. 

Təbiətə doğma münasibət insan sağlamlığına, gələcəyə qayğıdır

Muxtar respublikada ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. Naxçıvanda yaşıllaşdırma tədbirlərinin, xüsusilə də iməciliklərin keçirilməsi gözəl ənənəyə çevrilməklə həm də təbiətə, insan sağlamlığına qayğı, zəhmətsevərlik və həmrəylik nümunəsi sayılır. Bu tədbirlər kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına, bununla isə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına da töhfə vermiş olur. Təkcə cari ilin ilk rübündə isə 115,6 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 45 min 235 ağac və gül kolu əkilmişdir. Bu ilin yaz əkini dövründə isə muxtar respublikada 231 hektardan artıq sahədə meyvə və üzüm bağları salınacaq, yaşıllaşdırma, bərpa əkinləri aparılacaq, toxmacarlıq yaradılacaq və toxumla əkin həyata keçiriləcəkdir. Əkin zamanı 120 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən, 1300 kiloqram toxumdan istifadə olunacaqdır.
Aprelin 3-də muxtar respublikada yaz mövsümünün ilk iməciliyi keçirilmiş, Uzun­oba gölünün ətrafında 7 hektar ərazidə 1600 müxtəlif meyvə və üzüm tingləri əkilmiş, aqrotexniki qulluq göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir. Həmin gün, ümumilikdə, muxtar respublikanın bütün rayonlarında 20 hektar ərazidə yeni meyvə bağı və yaşıllıq zolaqları salınmış, 12 mindən artıq ting əkilmişdir. 9 hektar ərazidə isə bərpa əkini aparılmışdır.
Aprelin 17-də muxtar respublikada keçirilən növbəti iməciliklərdə isə Naxçıvan şəhərindəki 55 hektarlıq badam bağında ağaclara aqrotexniki qulluq göstərilmişdir. Ötən illər ərzində burada 12 min 800 badam, eləcə də 535 bəzək ağacı əkilmiş, damcı üsulu ilə suvarma sistemi quraşdırılmışdır. Ali Məclisin Sədri iməcilikdə iştirak etmiş, ağaclara aqrotexniki qulluq göstərməklə, mövsüm ərzində badam bağında işlərin davam etdirilməsi barədə tapşırıq verməklə bütünlükdə muxtar respublika sakinlərinə təbiətin mühafizəsi və zənginləşdirilməsinə doğma, həssas münasibət aşılamışdır.

İdmanın inkişafı sağlam, mübariz və əqidəli, qələbə əzmli gəncliyin yetişdirilməsi məramına xidmət edir

İdmanın inkişafına xidmət edən dövlət siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsi zəngin idman ənənələrinə məxsus diyarımızı ölkəmizin idman mərkəzlərindən birinə çevirib. Son illər muxtar respublikada idmanın maddi-texniki bazasının xeyli gücləndirilməsi gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bunun nəticəsidir ki, hazırda muxtar respublikamızda 35 mindən artıq idmançı 2213 qrupda idmanla məşğul olur. Muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. Mayın 3-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşəbbüsü ilə şahmat üzrə növbəti Azərbaycan çempionatının ilk dəfə olaraq ölkə paytaxtından kənarda, məhz Naxçıvanda keçirilməsi, Azərbaycanın 12 ən güclü şahmatçısının iştirak etdiyi bu zəka yarışının yüksək səviyyədə, nümunəvi təşkili muxtar respublikada şahmatın inkişafının bariz nümunəsi, federasiyanın uğurlu fəaliyyətinin göstəricisidir. Bütün bunlar, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə qəbul olunmuş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda idmanın kütləviliyinə, inkişafına nail olmaq məqsədilə qarşıya qoyulan mühüm vəzifələrin icrasının bəhrələridir.
Muxtar respublikada bütün idman növləri ilə yanaşı, futbol idman növünə göstərilən diqqət və qayğı sayəsində bu sahədə də əsaslı irəliləyişlər olmuşdur. Naxçıvanda futbolun inkişafı, idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən silsilə tədbirlərin davamı olaraq aprelin 3-də Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilmişdir. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: “Muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam böyümələri, zərərli vərdişlərdən uzaq olmaları və idmana cəlbi sahəsində ardıcıl tədbirlər görülür. Görülən işlər və yaradılan şərait artıq öz nəticəsini verir. İdman federasiyalarında yüzlərlə gənc müxtəlif idman növləri ilə məşğul olur. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində müvafiq idman klublarının yaradılması davam etdirilir. Proqrama əsasən tikilib istifadəyə verilən Uzunoba­ Təlim-Məşq İdman Kompleksi də gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə hesablanıb. Bundan başqa, rayonlarda stadionların qurulması işləri davam etdirilir. Federasiyaların rayonlararası keçirdiyi yarışlarda gənclərin fəallığı, eyni zamanda muxtar respublika federasiyalarında təmsil olunan gənc­lərin ölkə səviyyəli və Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlardakı nəticələri onu deməyə əsas verir ki, Naxçıvanda idmanın inkişafı lazımi səviyyədədir”.
Muxtar respublika rəhbəri təlim-məşq idman kompleksinin istifadəyə verilməsini muxtar respublikada yenilik kimi dəyərləndirmişdir. Vurğulamışdır ki, yaradılan şərait həm yay aylarında burada çimərlik idman növlərindən istifadə olunmasına, həm də ilin bütün fəsillərində idmanın müvafiq növləri ilə bağlı məşqlər keçirilməsinə imkan verəcək ki, bunlar gənclərdə idmana maraq yaradacaq, onlar asudə vaxtlarını səmərəli keçirəcək və ən əsası sağlam böyüyəcəklər. Ali Məclisin Sədri kompleksin qurulmasında əməyi olanlara təşəkkür etmişdir. Sonra kompleksə baxış olmuşdur. Ümumi sahəsi 10 min 300 kvadratmetr olan təlim-məşq idman kompleksi haqqında məlumat verilmiş, bildirilmişdir ki, buradakı stadionlar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının standartlarına tam cavab verir və beynəlxalq yarışlar üçün uyğundur.
Ali Məclisin Sədri kompleksdə muxtar respublika və beynəlxalq səviyyəli yarışların təşkili, müvafiq idman federasiyaları tərəfindən məşqlərin keçirilməsi, kompleksin internet saytının yaradılması və qurulanların qorunması ilə bağlı tapşırıqlar vermişdir.

Ordubad rayonundakı kompleks quruculuq işləri muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasının əhatəliliyini və məqsədyönlülüyünü təsdiqləyir

Muxtar respublikamızın bütün rayon və şəhərləri, o cümlədən Ordubad rayonu da simasını dəyişmiş və müasirləşmiş, rayonda kompleks quruculuq işləri aparılmışdır.
“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada gələcəyimiz olan uşaqların sağlamlığına hesablanmış ardıcıl tədbirlər görülür. Ordubad Rayon Uşaq Xəstəxanası da müasir tələblər səviyyəsində qurulmuş, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün burada hərtərəfli şərait yaradılmışdır. Aprelin 9-da xəstəxana istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edərək demişdir: “Ordubad rayonunda da uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Müvafiq sərəncamdan sonra burada lazımi işlər həyata keçirilmiş və bu gün kollektivin istifadəsinə 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunmuş, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası verilir. Səhiyyə müəssisəsində hərtərəfli şərait yaradılmışdır. Bu da kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcəkdir. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, Dövlət pro­qramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ona görə ki, uşaqlar gələcəyimizdir. Onların sağlam böyüməsi, yaxşı təhsil alması isə ölkənin gələcəyinə xidmət edir”. Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş və kollektivə işlərində uğurlar arzulamışdır. Xəstəxana ilə tanışlıq zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 10 çarpayılıq səhiyyə ocağında stasionar şöbə və poliklinika bölməsi fəaliyyət göstərir, 59 nəfərdən ibarət tibbi heyət çalışır. Xəstəxanada mərkəzi oksigen sistemi və Ordubad Rayon Mərkəzi Xəstəxanasına inteqrasiya olunmuş nümunəvi tibbi informasiya sistemi yaradılmış, ümumilikdə, 54 müasir tibbi avadanlıq alınmış, “FİAT” markalı təcili tibbi yardım avtomobili verilmişdir.
Ali Məclisin Sədri təcili tibbi yardım avtomobilinin açarını təqdim etmiş, uşaqlarda tibbi müayinə və peyvəndlərin vaxtında aparılması, kadr hazırlığının diqqətdə saxlanılması barədə tapşırıqlar vermişdir.
Muxtar respublikada uğurlu təhsil siyasətinin əsasında müasir infrastrukturun təşkili dayanır. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək rayon Sirab, Araz, Ordubad rayon Əndəmic, Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-­quruculuq işləri aparılır. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılmışdır. Ötən dövrdə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, 4 məktəbdənkənar təhsil müəssisəsində və 11 tam orta məktəbdə STEAM kabinələri yaradılmışdır. Hazırda 38 tam orta məktəbdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır. Belə tədbirlərin davamı olaraq aprelin 9-da müasir təhsil ocaqlarına qoşulan Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Muxtar respublika rəhbərinə zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik məktəbdə yaradılan müasir tədris şəraiti, burada yaradılan STEAM kabinəsi haqqında məlumat verilmiş, bildirilmişdir ki, STEAM kabinəsində şagirdlər hazırladıqları layihələri muxtar respublika rəhbərinə təqdim etmişlər.
Ali Məclisin Sədri hərbi hazırlıq kabinəsinə baxış zamanı gənclərlə hərbi-vətənpərvərlik işinin düzgün təşkilinin əhəmiyyətini vurğulamış, hərbi hazırlıq fənninin tədrisinin yüksək səviyyədə aparılması barədə tapşırıq vermişdir. Elektron lövhəli sinifdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə 200-dən artıq ümumtəhsil məktəbi arasında keçilən interaktiv dərs izlənilmişdir.
Ali Məclis Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məktəbdə Ağır Atletika İdman Klubu yaradılmışdır. Ali Məclisin Sədri klubun fəaliyyəti üçün yaradılan şəraitlə tanışlıq zamanı digər məktəblərdə də idman klublarının yaradılması barədə tapşı­rıqlar vermiş, sonra məktəbin pedaqoji kollektivi ilə görüşmüşdür. Muxtar respublika rəhbəri kollektivi təbrik edərək demişdir: “Bu gün Ordubad şəhər 1 nömrəli tam orta məktəb müasir tələblər səviyyəsində qurularaq kollektivin istifadəsinə verilir. Əgər XX əsr texnika dövrü idisə, XXI əsr yeni texnologiya əsridir. O dövrdə məktəbdə əmək təlimi otağı yaradılırdısa, bu gün STEAM kabinəsi qurulur, laboratoriyalar istifadəyə verilir, məktəb və tədris dövrün tələbinə uyğunlaşdırılır. Elektron lövhələr, kompüter sinifləri, laboratoriyalar və kabinələrlə təmin olunmuş Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni texnologiyaların tədrisdə tətbiq edilməsinin göstəricisidir. Belə məktəblərin tikilməsi ölkənin vəsaiti hesabına həyata keçirilir. Məktəb kollektivi yeni texnologiyaları yaxşı mənimsəməlidir ki, uşaqlara da yaxşı öyrədə bilsinlər. Ona görə ki, gənclər ölkənin gələcəyi, qurucu­larıdır. Qəbul olunan Dövlət proqramları, həyata keçirilən tədbirlər onların yaxşı təhsil almalarına hesablanıb”. Kollektivə fədakar əməyinə görə təşəkkür etmiş, gələcək tədrisdə uğurlar arzulamışdır. Muxtar respublika rəhbəri yeni texnologiyaların öyrənilməsi, gənc müəllimlərin işləməsi üçün şəraitin yaradılması, yaradılanlardan səmərəli istifadə olunması ilə bağlı və digər tapşırıqlar vermişdir.
Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ordubad şəhərində qurulan futbol stadionunun layihəsinə baxmış, görülən işlərlə maraqlanmışdır. Məlumat verilmişdir ki, yeni stadionda hazırda qaçış zolaqlarının asfaltlanması, 400 yerlik oturacaqların və avtomobil dayanacağının qurulması işləri görülür. Meydançada soyunma-geyinmə otaqlarının, tribunanın, işıqlandırma sisteminin yaradılması da nəzərdə tutulmuşdur. Ali Məclisin Sədri stadionun standartlara uyğun qurulması barədə tapşırıq vermişdir.
Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır. Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanmış, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmışdır.
Məlumat verilmişdir ki, Ordubad rayonunda fəaliyyət göstərən 4 məktəbdənkənar təhsil müəssisəsində 1209 şagirdin təhsili ilə 59 müəllim məşğul olur. Rayonda, ümumilikdə, 37 dərnək fəaliyyət göstərir ki, onlardan 20-si yeni yaradılan innovativ dərnəkdir. Dərnəklərə 8-i sağlamlıq imkanları məhdud uşaq olmaqla, 614 şagird cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 34 dərnək rəhbəri məşğul olur. İnnovativ dərnəklər üçün 213 yerlik 16 sinif otağı və 1 xidməti otaq ayrılmış, müasir ləvazimatlar, xammalla təchiz olunmuşdur.
Mental-aritmetik dərnəyində şagirdlər Azərbaycan və rus dillərində saymaqla və şeir qiraət etməklə hesablama aparmışlar. Robotexnika, kompüter mühəndisliyi və STEAM dərnəklərində şagirdlər hazırladıqları yükdaşıyan robot, ağıllı ev, rütubətölçən cihaz, külək elektrik stansiyasının modeli və digər layihələri təqdim etmiş və onlar haqqında məlumat vermişlər.
Ali Məclisin Sədri demişdir: “Məktəbdənkənar müəssisələr şagirdlərin asudə vaxtlarının təşkilində və peşə seçimlərində çox əhəmiyyətlidir. Muxtar respublikada məktəbdənkənar müəssisələrin formalaşmasına bir neçə il bundan əvvəl başlanılıb. Ordubad rayonunun məktəbdənkənar müəssisələrində də 37 dərnəkdən 20-si yeni qurulub ki, onlar da, əsasən, yeni texnologiyaları və milli dəyərləri əhatə edir. Bu dərnəklərin fəaliyyəti üçün bundan sonra da lazımi köməklik göstərilməlidir. Əvvəllər muxtar respublikada keçirilən sərgilərə yalnız evlərdə olan bir neçə çeşiddə qədim əl işləri çıxarılırdısa, son zamanlar belə sərgilərdə hazırlanan əl işlərinin çeşidləri artmışdır. Xüsusilə də sərgilərdə sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin üstünlük təşkil etməsi yaradılan şəraitin nəticəsidir. Ona görə də milli dəyərləri əks etdirən dərnəklərin hər il muxtar respublikada sərgi-satışı, texniki dərnəklərin isə gələcəkdə təşkil olunacaq texnologiya festivalında iştirakı təmin edilməlidir. Uşaqlarda bu sahəyə böyük maraq var. Bu səbəbdən də onlar dərnəklərə daha çox cəlb edilməlidir”.
Ali Məclisin Sədri muxtar respublikanın bütün məktəblərində STEAM kabinələrinin qurulub başa çatdırılması, müəllimlərin kurslara cəlb olunması, şagirdlərin asudə vaxtlarının təşkili üçün məktəb və məktəbdənkənar müəssisələrdə işlərin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Torpağın hər qarışının qızıl dəyərində tutulması zəhmətə bağlılıq, vətənpərvərlik örnəyidir

Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması aqrar sahənin inkişafına mühüm töhfə verir. Hər il bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları tikilir, uzun illər əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır. Həyata keçirilən bu tədbirlər bol məhsul istehsalı ilə yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına hesablanıb. Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. 2020-ci ildə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilmişdir. Cari ildə də meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin, nasos stansiyasının və boru xətlərinin, kollektor-drenaj şəbəkəsinin tikintisinə başlanılmışdır. Görülən tədbirlər çərçivəsində Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası tikilmiş, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemləri yenilənmişdir. Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemlərində görülən işlərlə maraqlanmışdır.
Qeyd edək ki, Külüs kəndində yeni nasos stansiyasının tikilməsi layihəsi 40 il bundan əvvəl, hələ Sovetlər Birliyi dövründə nəzərdə tutulsa da, həmin dövrdə bu ərazidə enerji təsərrüfatının normalara uyğun olmaması layihənin icrasına imkan verməmişdir. Müstəqillik illərində muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində məqsədyönlü tədbirlər görülmüş, məhz bu işlərin davamı olaraq Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik sistemlərinin yenilənməsi, “Şahbuz” yarımstansiyasının gücünün artırılması nasos stansiyasının tikintisinə imkan vermiş, nəticədə, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.
Muxtar respublika rəhbərinə məlumat verilmişdir ki, Külüs, Keçili, Şahbuzkənd kəndlərini və yeni tikilən nasos stansiyasını dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə 12,2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Bu məqsədlə 35/10 kilovatlıq “Şahbuz” yarımstansiyasında lazımi genişləndirmə işləri aparılmış, Külüs kəndi ərazisində 2500 KVA gücündə 35/10 kilovoltluq və nasos stansiyasının yaxınlığında 1600 KVA gücündə 10/6 kilovoltluq transformator yarımstansiyası quraşdırılmışdır. Görülən işlər adıçəkilən yaşayış məntəqələrində elektrik enerjisinin daha keyfiyyətlə ötürülməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür etmişdir.
Vaxtilə torpaq sürüşməsi zamanı Keçili kəndindən köçənlər üçün evlər tikiləndə qaynaq aparatını işlətmək üçün elektrik enerjisinin gücünün çatmadığını xatırladan Ali Məclisin Sədri artıq bu gün həmin problemlərin aradan qaldırıldığını, müasir xətlərin qurulub istifadəyə verildiyini, elektrik təminatının yaxşılaşdırılmasının isə burada insanların rahat yaşayışına xidmət etdiyini bildirmişdir.
Aprelin 22-də Şahbuz rayonunun Külüs kəndində Şahbuzçaydan qidalanaraq suyu 510 metr yüksəklikdə yerləşən sahəyə vuran yeni nasos stansiyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov stansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.
Ali Məclisin Sədri bildirmişdir ki, 40 il əvvəl cəhd göstərilsə də, buna nail olmaq mümkün olmamış, yeni elektrik xəttinin çəkilməsi, yarımstansiyanın qurulmasından sonra artıq bu nasos stansiyasının işləməsi reallaşmışdır. Stansiya vasitəsilə 3 kəndin – Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə aid 340 hektara yaxın torpaq sahəsi suvarılan torpaqlar sırasına daxil olacaq, bununla da məhsuldarlıq xeyli artacaqdır ki, bu da nasos stansiyasının əhəmiyyətinin nə böyük olduğunu bir daha təsdiqləyir.
Ali Məclisin Sədri nasos stansiyasının qurulmasında əməyi olanlara təşəkkür etmiş və stansiyanı işə salmışdır. Həmin gün Ali Məclisin Sədri əkin dövriyyəsinə qatılmış 340 hektar torpaq sahəsinə baxmışdır. Məlumat verilmişdir ki, 340 hektar torpaq sahəsinin 211 hektarı bələdiyyə, 129 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir. Bunun 288 hektarı Külüs, 37 hektarı Mahmudoba, 15 hektarı isə Nursu bələdiyyələrinə daxildir. Ərazi Mahmudoba bələdiyyəsindən 1850 metr hündürlükdən başlayaraq Külüs və Nursu bələdiyyələrinə doğru 2100 metr hündürlüyədək 6 kilometr boyunca davam edir. Bu ilin məhsulu üçün ötən ilin payızında 274 hektar sahədə arpa, buğda və xaşa əkilmişdir ki, onun 121 hektarı xüsusi, 153 hektarı bələdiyyə mülkiyyətində olan torpaqlardır. Həmçinin 45 hektar sahədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti əkin aparmışdır. Əkin dövriyyəsinə qatılan torpaq sahələrinə sakinlərin və kənd təsərrüfatı texnikalarının rahat gediş-gəlişinin təmin olunması məqsədilə 7,6 kilometrlik yeni yol çəkilmişdir.
Ali Məclisin Sədri yeni əkin dövriyyəsinə qatılacaq 340 hektar sahədə qurulacaq qapalı suvarma şəbəkəsinin layihəsinə baxmışdır. Məlumat verilmişdir ki, qapalı suvarma şəbəkəsinin qurulması zamanı, ümumilikdə, 10 min 596 metr boru xətti çəkiləcəkdir.
Sonra kənd sakinləri ilə görüş olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sakinləri təbrik edərək vurğulamışdır ki, qısa müddətdə burada böyük işlər görülüb, bunun üçün muxtar respublikanın büdcəsindən 1 milyon manata yaxın vəsait sərf olunub. Torpaq mülkiyyətçilərinə, bələdiyyə torpaqlarını icarəyə götürənlərə hərtərəfli dövlət dəstəyi göstərilib. Muxtar respublika rəhbəri tövsiyə etmişdir ki, bu qayğının müqabilində torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul əldə edilməlidir.
Şahbuz rayonunda görülən irimiqyaslı tədbirlər əkinçilərin öz həyat şəraitini yaxşılaşdırmağa, həm də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanmış tədbirlər kimi ötən ayın yaddaqalan hadisələrindən oldu.

Təkcə ötən ayın ümumi mənzərəsi Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi tərəqqinin uğurla davam etdirildiyini bir daha təsdiq edir. Muxtar respublikada ulu öndər Heydər Əliyev siyasi xəttinin sədaqət və qətiyyətlə davam etdirilməsi, ölkə başçısının müəyyənləşdirdiyi siyasətin dəqiqliklə həyata keçirilməsi, sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, modern islahatların reallaşdırılması yurda, yurddaşa məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət nümunəsi, gələcək uğurlara aparan yoldur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov siyasi yolunun Heydər Əliyevin yolu, Heydər Əliyevin siyasi xətti olduğunu Naxçıvanın hər addımdakı inkişafı ilə bir daha əməli olaraq sübut etməkdədir: “Bütün qüvvə və bacarığımı Naxçıvanın çiçəklənməsinə sərf edəcəyəm, ordu quruculuğu, təhsil, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi fəaliyyətimdə üstün istiqamət olacaq”.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930