SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zeyvə və Düdəngə kəndlərində içməli su sistemləri qurulur

Zeyvə və Düdəngə kəndlərində içməli su sistemləri qurulur
11-04-2019, 19:16

Muxtar respublikada, o cümlədən rayonumuzda əhalinin içməli su təchizatı və kanalizasiya xətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı işlər görülür, ekoloji cəhətdən təmiz içməli su təminatının ödənilməsinə nail olunur.
İndiyədək içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Şərur şəhərində, Yengicə kəndində və Zeyvə kəndinin bir hissəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilib. Su xətləri yenilənib, iritutumlu su anbarları tikilib, magistral xətlər çəkilib, yeni su və kanalizasiya şəbəkələri qurulub, sutəmizləyici qurğular yaradılıb, sayğaclaşma işləri aparılıb.
Bu sahədə görülən tədbirlərin tərkib hissəsi kimi rayonumuzun Zeyvə və Düdəngə kəndlərində də yeni içməli su sistemləri qurulur. İçməli su şəbəkəsinin tikintisinə 2019-cu ilin mart ayından başlanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşı Orxan Əsgərovun dedikləri:
-- Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə veriləcək. Layihəyə uyğun olaraq, ərazidə diametri 63 millimetrdən 355 millimetrə qədər olan plastik borularla 46 kilometr içməli su xətti çəkiləcək. Şəbəkə üzərində 10 yanğın hidrantı tikiləcək. Həmçinin, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 142 siyirtmə, 6 suboşaldıcı qurğu quraşdırılacaq. Hazırda tikinti işləri davam etdirilir. İndiyədək müxtəlif diametrli borularla 10 kilometr su xətti çəkilib, 7 ədəd siyirtmə quraşdırılıb. Tikinti işləri başa çatdırıldıqdan sonra Zeyvə və Düdəngə kəndlərinin 1.021 evi su şəbəkəsinə qoşulacaq, 6 min 700 sakin fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaq. Bütün evlərdə sayğaclar quraşdırılacaq.
Qeyd edək ki, rayonda sutəmizləyici qurğular kompleksi də inşa olunur. Sutəmizləyici qurğular əhalini, istehsal və sənaye sahələrini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təmin edəcək.

Mehman MƏMMƏDOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930