SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səndən bizə qısa bir ömürlük xatirə qaldı...

Səndən bizə qısa bir ömürlük xatirə qaldı...
27-04-2021, 21:56

Həmin günü heç vaxt unutmayacağam. 1 oktyabr 2020-ci ili. Kamranın anası Sevda xanım Kükü kəndinə, qayınatasıgilə gəlmişdi. Oğlu sentyabrda könüllü şəkildə orduya yazılmışdı. Getmək ərəfəsində ata və anasına bildirmişdi. 1 oktyabrda eşitdik ki, Kamranı ön cəbhəyə aparıblar. Mən də Sevda xanıma ürək-dirək vermək üçün onlara getdim. Bir çay içmişdik ki, Sevdaya həyat yoldaşı Bəhmandan telefon zəngi gəldi. Bu zəngdən sonra ana qəlbi fəryad qopardı – dağı-daşı yandıran fəryad. Bircə onu deyə bildi ki, Kamran şəhid olub. Bir qədər sonra Sevdanın fəryadı bütün Kükü kəndinə çatdı.

Haqsızlığa, yalançılığa dözməzdi. 24 yaşlı Kamran ailənin bir oğlan övladı idi. Bir dəfə orta məktəbdə oxuyanda müəllim əvvəlki gün dərsə gəlməyənləri ayağa qaldırır. Kamran da qalxır. Müəllim ona deyir ki, sən otur. Sən intizamlı uşaqsan, dərsdən qalmazsan. Kamran oturmur, müəllim, axı mən də gəlməmişdim. Müəllimlə Kamran xeyli sözləşirlər...
Məktəbdə keçirilən idman oyunlarında kapitan olardı. Onların komandası muxtar respublikada I yerə çıxardı.
... Atasının dedikləri: – Hələ Aprel döyüşlərində milli ordumuza yazılmışdı, lakin onda aparmadılar. “Qarabağ şikəstəsi”ni oxuyanda hədsiz dərəcədə pis olurdu. Deyirdi: – “Qarabağ erməni dığalarında, ancaq “Qarabağ şikəstəsi”ni biz oxuyuruq”. İgidlik, qəhrəmanlıq, vətənpərvərlik onun xislətində idi. Həmişə deyirdi ki, Vətəndən 1000 kilometr uzaqda yaşayan Firəngiz xalam gör nə gözəl yazıb:
Çatar İlahiyə Xanın sədası
Şikəstəmiz Xankəndində səslənsə.
Qol götürüb süzər şəhid anası
Bayrağımız Qarabağda yellənsə!
İyul döyüşlərində yenə səfərbərliyə müraciət etmişdi. Dedim ki, hər şeyin zamana ehtiyacı var. Zaman hər şeyin dərmanıdır. Cavabı belə oldu: “Qarabağ alınmamış mən ölsəm, nə özümü, nə də ki, silah tutan heç bir Azərbaycan vətəndaşını bağışlamaram”. Su torpağa düşərsə, palçıq, şəhid qanı torpağa düşərsə Vətən olar. Qarabağsız Azərbaycan meyvəsiz ağaca bənzər.
Vətən müharibəsi başlayanda Kamranın hansı rayonda olduğunu bilmirdim, – deyə əmisi Hüseynbala söhbətə qoşulur. Mənimlə danışanda həmişə deyərdi: “Əmi, torpaqlarımızı ala-ala, erməni əsgərini qıra-qıra gedirik”. Bir dəfə dedim: – Telefonu ver əsgər yoldaşına. Həmin əsgər:
– Hüseyn əmi, sağ olun ki, Kamran kimi oğul yetişdirmisiniz. Bir “od parçası”dır. Hamıdan yaxşı döyüşür. Bu 5 gündə onlarla erməni əsgəri öldürüb. Çox sayda düşmən texnikasını məhv edib, bir hissəsini qənimət götürüb. Kəndlərimizi, yüksəkliklərimizi alanda heç kəs Kamran qədər sevinmir. Çox qorxmaz, dürüst, vətənpərvər, torpağa bağlı əsgərdir. Var olsun, onu yetirən torpaq, tərbiyə verən ata-ana!
Ağır döyüşlərdən birində Kamrangilin taqımı da ön cəbhədə igidliklə irəliləyirmiş. Düşmənin xeyli canlı qüvvəsi və silah-sursatı məhv edilibmiş. Hamının, xüsusən Kamranın sevincinin həddi-hüdudu yox imiş. Qəflətən Kamranın manqasının yanına bir düşmən minamyotu düşmüş. Bir neçə əsgər yaralanır, bir neçəsi isə şəhid olmuşdur. Şəhidləri və ağır yaralıları düşmən güllələri altında yaralı Kamran səngərə qaytarmışdı. Axırıncı yaralananı səngərimizə gətirərkən Kamran və yaralı əsgər düşmən snayperinə tuş gəlmişdi. Başqa bir əsgərimiz onlara köməyinə çatmışdı. Yaralı əsgər Kamrana deyibmiş buradan sağ çıxsaq, təzə doğulan oğlumun adın Kamran qoyacam. Ancaq onların hər ikisi Vətəni bütöv görmədən şəhid olmuşlar.
Sevda xanımın dedikləri:
–Müharibə başlayan bir gündən gecəm-gündüzüm yox idi. Fikrim Kamranın yanında idi. Kamran mənim vuran ürəyim, düşünən beynim, görən gözlərimdir. Kamranın oğlu Aslanı, həyat yoldaşı Sənubər xanımı dünyalar qədər istəyirəm. Yaxşı ki, onlar həyatdadırlar. Atası şəhid olandan sonra ondan söhbət düşəndə Aslan hirslənir, stolun üstündə nəyi isə sındırmaq istəyir. Körpə olsa da, hiss edir ki, artıq onun atası yoxdur.
Sənubər xanım söhbətə qarışır:
– Tanış olduğumuz vaxtdan müharibəyə gedən günə qədər mənə güldən ağır bir söz deməmişdi. Az danışar, çox iş görərdi. Çox ailəcanlı, uşaqsevərdi. Hər dəfə işdən gələndə Aslanı bağrına basıb deyərdi ki, indiki nəslimiz Qarabağ kimi böyük bir dərdi sizin ümidinizə qoymayacaq. Xoşbəxt bir ailəmiz vardı...
Vətən torpağı Kamran kimi igidlərin qəhrəmanlığı sayəsində bütövləşdi. 10 noyabrda Qələbə gününü qeyd etdik. Həmin gün Kamran kimi narahat ruhların rahatlıq tapdığı gün oldu. Prezident cənab İlham Əliyevin 2020-ci il 15 dekabr Sərəncamı ilə ərazi bütövlüyümüz uğrunda göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif olunan Kamran Bəhman oğlu Hüseynov və onun kimi şəhidlik zirvəsinə ucalan şəhidlərimiz xalqımızın qəlbində bir ömürlük xatirə kimi əbədi yaşayacaqdır.
Fikirlərimi xalq şairimiz Məmməd Arazın Vətən haqqında yazdığı qiymətli sözlərlə qurtarıram:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Vətən sənə oğul dedi, Kamran. Özü də qəhrəman və igid oğul.

Yunis QULİYEV
Şahbuz rayonundakı A.Quliyev adına Kükü kənd tam orta məktəbinin təqaüdçü müəllimi

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031