SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” adlı dəyirmi masa keçirilmişdir

“Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” adlı dəyirmi masa keçirilmişdir
22-04-2021, 16:51

21 aprel 2021-ci il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində özünəməxsus yer tutmuş nadir şəxsiyyətlərdəndir. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. 

Kitabxananın kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Heyran Ələsgərova “Nizami Gəncəvinin həyat və yaradıcılığı” və elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Nizami Gəncəvi əsərlərində ədalətli, ideal hökmdar konsepsiyası və insan haqları” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Nizami Gəncəvinin əsərləri doqquz yüz ilə yaxındır ki, dünya bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir. Nizaminin fikrincə, yalnız yüksək insani keyfiyyətlərə malik olan şəxs cəmiyyətə və dövlətə başçılıq edə bilər. Mütəfəkkir məhz sosial ədaləti müdriklərə Tanrının bəxş etdiyi etik keyfiyyət qismində görür. O, bu keyfiyyətə həm də siyasi məzmun verir və belə bir nəticə əldə olunur ki, ədalət müdriklərdən ötrü həm də siyasi etikanın göstəricisidir. Ədalətə qarşı laqeydlik müdriklərə layiq olmayan keyfiyyətdir.

Sonda dəyirmi masada mövzu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə iştirak edən  Naxçıvan Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu, Naxçıvan Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova, “Naxçıvan” Universitetinin Elmi Kitabxanasının müdiri Zamin Babazadə bildirmişlər ki, mütəfəkkir heç də şahlıq və şahın tamamilə yer üzündən götürülməsi məsələsi deyil, ədalətlə və ağılla məmləkəti idarə edə bilən hakimlər haqqında düşünürdü. Nizami məhz ədalətli və müdrik hökmdarın zülmü məhv edəcəyinə, məcnunlar üçün həqiqi azadlığın bərqərar olacağına, leylilərin hüquqsuzluğunun aradan qalxacağına ümid edirdi. Ədalətli və müdrik hökmdar Nizami üçün təkcə bir məmləkətin deyil, bütün dünyanın firavanlığı demək idi.

M.S.Ordubadi adına Naxçıvan Muxtar

Respublika Kitabxanası

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31