SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Elmi əsərlər” və “Axtarışlar”ın yeni sayı işıq üzü görüb

“Elmi əsərlər” və “Axtarışlar”ın yeni sayı işıq üzü görüb
22-04-2021, 17:00

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər”, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Axtarışlar” jurnalının 2021-ci il üzrə ilk nömrələri nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Elmi əsərlər”in ictimai və humanitar elmlər seriyasının yeni sayında “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Naxçıvan əyaləti və Ordubad dairəsi haqqında dəyərli mənbə”, “Naxçıvan şəhərindəki “Ağamalı kəhrizi” haqqında qeydlər”, “İcbari tibbi sığorta və Naxçıvan Muxtar Respublikasında tətbiqi imkanları”, “Müstəqillik dövrü Naxçıvan ədəbi mühitində ədəbi tənqid” və digər mövzulu məqalələr yer alıb. Burada XX əsrin əvvəllərində Naxçıvanda duz istehsalı, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət, Naxçıvanın zəngin tarixinin şahidi – qədim yaşayış yerlərində aparılan arxeoloji tədqiqatların nəticələri, etnoqrafiya, iqtisadiyyat, dilçilik, ədəbiyyat, folklor və incəsənətlə bağlı müxtəlif mövzulu tədqiqatların nəticələri öz əksini tapıb.

Jurnalın “Kitablar, rəylər” başlıqlı bölməsində tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin “Azərbaycan tarixşünaslığına yeni töhfə”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvanşünaslıq elmi xəzinəsində yeni, orijinal bir monoqrafiya: Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı məqalələri verilib.

Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıqla bağlı materialların dərc olunduğu “Axtarışlar” jurnalında 40-a yaxın tədqiqatçının bir-birindən maraqlı məqalələri yer alıb.

Jurnalın sayca 39-cu nömrəsində “Nizami yaradıcılığı ilə qədim türk dastanları paralelləri”, “Naxçıvanda e.ə. yaşamış Qazan prototürkləri ilə bağlı etnooykonimlər”, “Onomastik frazeologizmlərin frazeoloji sistemdə yeri və mövqeyi”, “Naxçıvan teatrının ilk peşəkar rəssamı – Bəhruz Kəngərli”, “Bəhruz bəy Kəngərli yaradıcılığında natürmort müstəqil janr kimi”, “Heykəltəraş Fuad Əbdürrəhmanovun Nizami Gəncəvi heykəli”, “Sənət nümunələrində yaşanan tarix” və başqa elmi məqalələr verilmişdir.

Qeyd edək ki, “Elmi əsərlər” jurnalının birinci və üçüncü sayları ictimai və humanitar elmlər, digər iki sayı isə təbiət və texniki elmlər seriyası üzrə olmaqla hər iki jurnal ildə 4 dəfə nəşr olunur.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31