SON DƏQİQƏ

naxcivanxeberleri.com

700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ

700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
18-04-2021, 17:09

...Qarşımda 700 illik möhtəşəm və əsrarəngiz Qarabağlar Türbə Kompleksi dayanır. Bu vüqarlı, əyilməz məbədi gördükcə istər-istəməz insan qürurlanır, fəxarət hissi yaranır. Sonra da düşünürsən ki, əcdadımız 700 il bundan öncə belə bir kompleks yaratmaq mədəniyyətinə malikkən bu gün dünyanın ən inkişaf etmiş regionları çöllükdən, biyabandan başqa bir şey deyil. Və sonra da deyirsən ki, hələ 150 illik tarixi olmayan Eyfel qülləsi ilə fransızlar qürur duyarkən, biz niyə 700 illik mədəniyyət məbədimizlə fəxr etməyək?! Haqlı olaraq gözümüzün qarşısında Yusif ibn Küseyr, Möminə Xatun, Gülüstan türbələri bir-bir canlanır... Kompleksə tərəf addımladıqca düşüncələr burulğanında da irəliləyirəm. Milli yaddaşa malik olmağın, milli tariximizi bilməyin nə qədər əhəmiyyətli olduğunu düşünürəm. Görürəm ki, öz böyük tariximizi bilmədikcə “cılız” Qərb mədəniyyətini bizim gözümüzdə div-əjdəha edəcəklər. Və elə düşünəcəyik ki, bizə elə mədəniyyət Qərbdən gəlib, biz onlara bu gün malik olduqları mədəniyyətin bir hissəsini verməmişik... Budur, möhtəşəm Qarabağlar Türbə Kompleksinin düz qarşısındayam, əllə toxunacaq qədər yaxın. İlahi, bu qədər möhtəşəmlik, bu böyüklükdə əzəmətmi olar?! Siz heç bu əzəməti görmüsünüzmü?! Yox, yox. Bu əzəməti bu iki gözlə görmək mümkün deyil, gərək onu həm də duyasan... Qoşa minarə. 700 illik mədəniyyət məbədimizin qoşa minarəsi və onları birləşdirən baştağ. Tarixi araşdırmalar hələ qoşa minarələrin daha qədim olduğunu göstərir – XII-XIII əsrlər. Baştağ isə XIV əsrin yadigarıdır. Kompleksin bu hissəsində müxtəlif hücrə otaqlar yerləşir. Həmin hücrələrin mədrəsə kimi istifadə edildiyinə aid məlumatlar var. 700 illik mədrəsə mədəniyyəti. Elmin, təhsilin dərin köklərinə dair canlı bir şahid. Türbə. Kompleksin bir çox nöqteyi-nəzərdən möhtəşəmliyi ilə seçilən türbə hissəsindəyəm. Yalnız qədimliyi ilə deyil, möhtəşəm memarlıq quruluşu ilə də insanı heyranlıq içərisində qoyur. Buranı həm də 700 il bundan öncəyə aid mühəndislik möcüzəsi adlandırmaq olar. Tikintisi zamanı tətbiq edilən dəqiq həndəsi ölçmələr, üzərində əsrlərə sinə gərərərək solmayan boyalı naxışlar bizi həmin dövrə aid yüksək tikinti mədəniyyətimizdən agah edir. Başqa bir mətləb. Bu türbə bir qadının şərəfinə tikilib. Tarix boyu xalqımızın qadın amilinə göstərdiyi daha bir yüksək münasibət. Hansı tərəfdən baxsaq, öyünməyə haqqımız var. Xahəgah. Kompleksin xanəgah hissəsinə daxil oluram. Burada qorunan (konservasiya edilən) təndirlər ilk olaraq diqqətimi çəkir. Bu təndirlər mədəniyyət məbədimizin həm də yüzilliklər boyu müqəddəs ziyarətgah olduğunu söyləyir. Buranı yüzilliklər boyu ziyarət edənlər, yəqin, bu təndirlərdə özləri üçün yeməklər hazırlamışlar. Və buradakı daha neçəneçə maddi-mədəniyyət nümunələri xalqımızın qədim mədəniyyətindən, həyat şəraitindən məlumat verir, keçmişdən xəbər gətirir. Qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən nümunələri seyr etdikcə yüzilliklərin nəfəsini duymamaq mümkün deyil. Bir də... Kompleksdən ayrılıram. Elə bir qürur hissi məni çulğalayıb ki, onu sözlə ifadə etmək mümkün deyil. Bu qədər möhtəşəmlik insanı valeh edir. Bu abidəni yaradanların qarşısında baş əyirəm. Bir də bu abidə kompleksinə yeni həyat bəşx edən Ali Məclis Sədrinə minnətdarlığımı bildirirəm. Kompleksdəki aşınma 2018-ci ildə cənab Sədrimizin imzaladığı sərəncamla görülən işlər nəticəsində aradan qaldırıldı. Beləliklə, Qarabağlar Türbə Kompleksi əbədiyaşarlığa üz qoydu. Bu gün bizim duyduğumuz fəxarət hissini sabah, on ildən, yüz ildən sonra övladlarımız da möhtəşəm mədəniyyət məbədimizi gördükcə yaşamaq imkanına yiyələnəcəklər. Sağ ol, mədəniyyət məbədim. Bizə bəxş etdiyin bu böyük qürura görə sağ ol! Əvəzsiz ehtişamınla dünyanın ən qədim və zəngin mədəniyyətinə malik xalqlarından biri olduğumuzu daim nümayiş etdirdiyinə görə sağ ol! Nə yaxşı ki, varsan...

Anar QASIMOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31