SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aşığın haqq aşiqliyi

Aşığın haqq aşiqliyi
18-04-2021, 16:10

Orta əsrlərdən başlayaraq (XIII – XIV) təşəkkül tapan aşıq sənəti qədim ozan sənətinin davamıdır. Ozan sənəti Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış incəsənəti olmuşdur. Daha çox qədim köklərə, zəngin mifik təsəvvürlərə malik olan ozanlar Dədə Qorqud ənənələrini zaman keçdikcə aşıqlara vermişlər. Tarixin müxtəlif mərhələlərində aşıq sənətini təmsil edən, yaşadan saz-söz ustadları, klassik ədəbiyyat sənətkarları olmuşdur. Belə dahi sənətkarları xalq yaşatmış, əsərlərini dillər əzbəri etmiş və nəsildən-nəslə ötürmüşdür. Belə simalardan biri olan Azərbaycan şifahi xalq ədəbiyyatının ustad aşıqlarından Aşıq Ələsgər mənbələrin qeydinə görə, 1821-ci ildə Oğuz elinin Göyçə mahalında dünyaya gəlmişdir. Ailə kasıb olduğundan Alməmməd kişi Ələsgəri kənddə digər bir kəndlisinin evinə köməkçi göndərmişdi. Ələsgər çalışdığı evdə mədəniyyəti, insanlarla davranışı ilə dərin hörmət qazanır və ailənin əziz üzvlərindən biri olur. Dörd ilə yaxın bir müddətdə işləyən Ələsgər qabiliyyətli, bacarıqlı olması ilə bütün kəndi özünə inandırır. Bu müddət ərzində Qurban kişinin yeganə qız övladı olan Səhnəbanıya vurulan Ələsgər sevgisini dilə gətirmək üçün şeirlər yazmağa bağlayır. Qurban kişi məsələdən agah olan kimi çox sevinir və Ələsgəri yanına çağıraraq burada qalması üçün ona hər cür şərait yaradacağını bildirir. El arasında pullu Məhərrəm kimi tanınan Qurbanın qardaşı bu sevgini pozaraq Səhnəbanını zorla oğlu Mustafaya alır. İlk məhəbbətindən nakam düşən Ələsgər Qurban kişinin evindən halallıq alaraq ayrılır və ustad Aşıq Alıdan saz-söz sənətinin dərinliklərinə yiyələnməyə başlayır. Çox qısa bir müddətdə Ələsgər ustadı Aşıq Alı ilə toy məclislərində deyişmələri ilə insanları heyran etməyə başlayır. Aşıq Ələsgər məhəbbətdən yanğılı olduğunu əsərlərində dönə-dönə dilə gətirirdi: “A bivəfa, a bimürvət, nainsaf Keçən günlər heç yadına gəlməzmi?! Yoxsa unudubsan əhd-peymanı? Leyli Məcnununu yada salmazmı?!” Ayrılıq bizlərə oldu müqərrəm, Hicrandan ciyərim bağladı vərəm, Quldan xəta gələr, ağadan kərəm, Məşuq aşiqinə kərəm qılmazmı?! Ələsgərəm düşdüm eldən avara, Axtardım, dərdimə olmadı çara. Bir iyidin əli yetməsə yara, Qocalıb, başına küllər olmazmı?” Aşıq Ələsgər gənc yaşlarında ilk məhəbbətinə yazdığı yanğılı bu şeiri aşiqi Səhnəbanıya ünvanladığı qənaətindəyik. O, getdiyi toylarda, məclislərdə nakam eşqini, ürəyinə saldığı ilk məhəbbətini sazın simi ilə dilə gətirərək “bivəfa”, “bimürvət”, “nainsaf”,- deyərək başlarmış. “A bivəfa, a bimürvət, nainsaf Keçən günlər heç yadına gəlməzmi?!” Şeirin digər misraları da ürəkdən gələn sözlərlə ifadə olunur və yüyürək bir şəkildə insanlara çatdırılır. Hər üç bəndin son misrası nakam sevgi ilə bitən dastanımız “Əsli və Kərəm”dən misal gətirilərək səslənir. “Məşuq aşiqinə kərəm qılmazmı?! ... Qocalıb, başına küllər olmazmı?” misralarında qəhrəmanımızın hər bir hadisə ilə əlaqədar keçirdiyi psixoloji vəziyyət, yaşadığı şərait mərhələlərlə bəhs olunur. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər artıq saz dünyasının sirlərinə bələd olmuş, ustadlıq mərtəbəsinə yüksəlmişdi. Aşıq Ələsgər sazı sinəsinə sıxıb bədahətən şeirlər deyər, həmsöhbət olduğu adamların dərdini dinləyər, bir el adamı kimi baş verəcək hadisələrə öz münasibətini bildirərdi. Dövrünün ağsaqqalları Ələsgər haqqında bədahətən bitib-tükənməyən rəvayətlər danışardı. Hətta yuxuda Aşıq Ələsgərə buta verilməsindən ağız dolusu danı şar - dılar, onu el arasında “haqq aşığı” deyə çağı - rardılar. Vətənə, torpağa, elə, təbiətə, gözəlliyə, sevgiyə, münasibət Aşıq Ələsgər yaradıcılığında daim real və səmimi olaraq əks olunur, öz məhəbbəti yolunda canını fəda edən aşiqlərə qibtə edir. Aşıq Ələsgər yaşının orta çağlarında 40 yaşında Kəlbəcərdən olan Anaxanım adlı bir xanımla ailə qurur, daha sonra həmin xanımla anadan olduğu Ağkilsə kəndinə qayıdır. Kənd camaatı aşığı böyük hörmət və ehtiramla qarşılayır, kəndin cavan aşıqları Ələsgərin gəlişi münasibətilə onun şeirlərini saz havasında oxuyarlar. Aşıq Ələsgər də hər zaman dinləyicilərinə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər söyləyərdi. Eşq tərənnümçüsü olan böyük sənətkar yuxarıdakı misraları ilə Allahı sevməyi, dostluğu bacarmağı, həqiqi sevginin nə qədər çətin və məşəqqətli olduğunu bizə çatdırmağa çalışır. Haqq aşiqi olan Aşıq Ələsgərin taleyi, həyatı, yaşadığı mühitin ağır olması o dövrün tarixində öz əksini tapır. Bunun bədii əksini şairin əsərlərində görürük. 1918-ci ildə erməni daşnakları Azərbaycan türkləri yaşayan kəndlərə hücum etmiş, evləri talan olmuş, yandırılmış, günahsız insanlar qətlə yetirilmişdir. Yaşadığı vəziyyət ustadı doğma sazından uzaq durmağa məcbur etmişdir. Aşıq Ələsgər 1926-cı ildə anadan olduğu Ağkilsə kəndində vəfat etmişdir. Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi Azərbaycanda bir çox aşıqlar üçün əsl sənətkarlıq məktəbidir.

Əkrəm HÜSEYNZADƏ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31