SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan mətbəxində çay süfrəsi

Naxçıvan mətbəxində çay süfrəsi
18-04-2021, 14:45

Qədim və zəngin Naxçıvan mətbəxində çayın özünəməxsus yeri vardır. Naxçıvanda çay yetişdirilməsə də, Azərbaycanın digər bölgələrində yetişdirilən ətirli çaylardan mətbəximizdə geniş istifadə edilir. Naxçıvan mətbəxində çay hazırlayarkən müxtəlif ətirli bitki və ədviyyatlardan da istifadə olunur. Bu da çayı həm ətirli, həm də insan sağlamlığı üçün daha faydalı edir. Naxçıvan mətbəxində çay süfrələrindən söz açarkən ilk yada düşən kəklikotu çayı (dəmləməsi) olur. Çünki Naxçıvanın çay süfrələri daha çox kəklikotulu çayı ilə məşhurdur. Kəklikotu çayının ümummilli lider Heydər Əliyevlə yazılmış xoş bir tarixçəsi də var. Ulu öndər doğulub, boyabaşa çatdığı doğma yurdu Naxçıvana tarixi səfərlərindən birində xalqla görüşü zamanı çay süfrəsinə kəllə qəndlə kəklikotulu çay da gətirilmiş, dahi rəhbər kəklikotu çayının və kəllə qəndin özəlliklərindən söz açmışdır. Əsasən böyrək xəstəlikləri zamanı istifadə olunan, həzmi yaxşılaşdıran, immuniteti artıran kəklikotu çayı çox faydalıdır. Kəklikotunun 3 növü var: limon ətirli, qızılgül ətirli və adi kəklikotu. Kəklikotu çayı istilik gətirir və təzyiqi yüksəldir. Ümumiyyətlə, çay isti içilir. Buna baxmayaraq, o həm istilik gətirən, həm də sərinləşdirici içkidir. Naxçıvan mətbəxində çaydan fərqli olaraq, qəhvədən az istifadə olunur. Evə ən əziz qonaq gələndə ona qəhvə deyil, çay təklif olunur. Çay süfrəyə yeməkdən əvvəl, yemək aralarında və daha çox yeməkdən sonra gətirilir. Yeməkdən sonra içilən çay həzmi yaxşılaşdırır. Yemək aralarında içilən çay isə yorğunluğu götürür və zehni açır. Çay, eyni zamanda, səhər yeməyi zamanı süfrələrimizin ən əsas predmetidir. Naxçıvanda hazırlanan səhər yeməyində adətən çaya şəkər qatılaraq şirinləşdirilir. Buna el arasında “şirin çay” deyilir. Səhər süfrələrimizdə şirin çayla verilən pendir, kərə, lor və şor da çaya ayrı bir ləzzət qatır. Şirin çayın əsrlərdən bəri öz aktuallığını qoruyub-saxlayan bir funksiyası da vardır. Adətlərimizə görə elçilik (qızistəmə) və nişan mərasimlərində oğlan evindən gələn qonaqlar üçün süfrəyə şirin çay gətirilir. Elçilərə şirin çayın verilməsi xeyir işə razılıq əlaməti sayılır. Məcazi mənada desək, dili olmasa da, çay bir növ danışır, fikir ifadə edir. Bir sözlə, çay ən gözəl funksiyanı yerinə yetirir, hər iki gəncə sanki xeyir-dua verir. Bu zaman süfrəyə təqdim olunan çay iki rəngdə olur. Bu çayın hazırlanması digər çaylardan fərqlənir. Əvvəlcə stəkanın yarısına qədər şəkər tozu tökülür, sonra üzərinə qaynar su əlavə edilərək qatı şərbət hazırlanır. Dəmlənmiş tünd çay isə ehtiyatla qatı şərbətin üzərinə süzülür. Çox qatı olduğundan şirə dəmli çayla qarışmır. Ona görə də çayın aşağı hissəsi şəffaf, yuxarı hissəsi isə tünd-rəngli olur. Şirin çay vasitəsi ilə “hə” cavabı alan elçilər qaşıqla çayı qarışdırıb içir və çayı süfrəyə gətirənə şirinlik verirlər. Xalq arasında ətirli və nar çiçəyi rəngində olan çaya “pürrəngi” və ya “xoruzquyruğu” çay deyirlər. Çay süfrələrimiz kəklikotulu çayla yanaşı, qızılgül, mixək, darçınlı və bir çox bitki çayları ilə də zəngindir. Bu çayların özünəməxsus tamı və ətri olduğu kimi, insan səhhətinə də olduqca faydaları var. Məsələn, qızılgülün, heyvanın cavan zoğları, boymadərən çiçəyi bağırsaq xəstəlikləri zamanı dəmlənərək içilir. İltihablı xəstəliklər zamanı isə yarpız dəmləməsi, solmazçiçəyi, böyrəkotu, qarğıdalı (məkə) telməyi, quşdili çayı içilir. Yemişan yarpaqlarının dəmləməsi isə təzyiqi aşağı salır. Soyuqdəymə zamanı qantəpər çayı, öskürək zamanı şirin biyan və yasəmən çiçəyi dəmləməsi, qızdırma salan vasitə kimi isə itburnu və günəbaxan çiçəyi dəmlənib içilir. Mərmərik kolunun gövdəsi də faydalıdır. Bu kolun gövdəsini dəmlənmiş çaya saldıqda çay əvvəlcə şəffaflaşır, soyuduqda isə tündləşir. Nənələrimizdən gördüyümüz kimi, çay çox zaman süfrəyə armudu stəkanda gətirilir. Bunun da ayrı bir özəlliyi, eyni zamanda da gözəlliyi var. Belə ki, armudu stəkan yarıdan boğulduğundan yuxarı hissəsindəki çay içilənə qədər aşağı hissədə olan çay soyumur, isti qalır. Çay həm də armudu stəkanda çox gözəl görünür. Bütün bunları düşündükcə nənə-babalarımızın nə qədər dərin təfəkkürə malik olduqlarını görürük. Bu gün hər birimiz fəxr edirik ki, qədim tarixə, dərin təfəkkürə, zəngin mədəniyyətə sahib olan bir millətin övladlarıyıq. Süfrə mədəniyyəti də bu mədəniyyətin bir parçasıdır. Biz də əl-ələ verib nənə-babalarımızdan bizə miras qalan bu zəngin mədəniyyəti qorumalı, yaşatmalı və gələcək nəsillərə çatdırmalıyıq. Süfrələrimiz hər zaman bərəkətli olsun! El-obamızdan toy-düyün, evlərimizdən gülüş səsi, süfrələrimizdən şirin çay əksik olmasın!

Aydan YUNİSQIZI

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31