SON DƏQİQƏ

naxcivanxeberleri.com

HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN

HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
18-04-2021, 14:18

“Naxçıvan: dörd fəsildə” kitabı Naxçıvanın təbiəti, tarix və mədəniyyəti, onun yerləşdiyi coğrafi mövqe və turizm potensialının tədqiqi ilə məşğul olanlar üçün dəyərli mənbədir

Qarşınızda bir kitab var. İlk səhifədən sizi özünə bağlayacaq bu kitab dünyanın ən qədim, ən gözəl və ən cazibədar bir diyarından – Naxçıvandan danışır. Fotoların dili ilə həmsöhbət olduqca kitabda bir-birindən maraqlı hekayələrlə tanış olacaqsınız. Sədərəkdən Ordubada qədər səyahətə çıxdığınızda sirlisözlü dağların bitib-tükənməyən gözəllikləri, bu torpaqlarda əbədi məskən salmış qalaların əzəməti, xalı naxışlı çəmənlərin ecazkar rəngləri və çılpaq qayaların sərt sıldırımları bu hekayələrin romantik qəhrəmanları kimi Naxçıvanın dörd fəslinə bələdçilik edəcək. Bir səyyah nəzərində Naxçıvanın qeyri-adi mənzərələrini görə bilmək üçün bir cüt göz yetməz. Ağ topa buludlar arasında Günəşlə qucaqlaşan masmavi səmanın hərarətini, Batabatın yamyaşıl sonsuzluğunda nazlanan çəmən mehinin sərinliyini, Əlincənin yorğun yoxuşlarında qanad çalan qartalların cəsarətini, Gəmiqayadan Ağrıyadək uzanan möhtəşəm panoramanın genişliyini duya bilmək üçün həssas qəlbli şair, incə ruhlu rəssam və duyğusal bir fotoqraf da olmaq gərəkdir. Naxçıvan təbiətinin zəngin harmoniyasını, rənglərin kontrastları ilə dolu bütövlüyünü və insan əli ilə yaradılan möcüzələrini özündə əks etdirən belə dəyərli işlərdən biri də peşəkar fotoqraf Hüseyn Bağırovun böyük zəhmət hesabına ərsəyə gətirdiyi “Naxçıvan: dörd fəsildə” adlı mətnli foto albomudur. Son illərdə Naxçıvanın artan turizm potensialına çox mühüm töhfə olacaq bu kitab dünya turistlərinin qədim diyara olan marağının daha da genişlənməsində xüsusi rol oynayacaq. Kütləvi tirajla, yüksək poliqrafik keyfiyyətdə çap olunmuş bu kitabda təqdim olunan unikal fotoşəkillərin Azərbaycan və ingilis dillərində qısa məzmunu da verilmişdir ki, bu da Naxçıvanın təbii və tarixi-mədəni zənginlikləri haqqında real təsəvvürlər yaradır. Akademik İsa Həbibbəylinin ön söz müəllifi olduğu kitab, bu mənada, Naxçıvanda yaşanan dörd fəslin özünəməxsus gözəlliklərini fotoların dili ilə açmaqda ən yaxın bələdçidir. Kitab Emin İsmayılovun dizayner məharəti və Laura Quliyevanın işləmiş olduğu mətnlərin dolğunluğu ilə daha da məna qazanaraq onunla tanış olanlarda zəngin təəssürat formalaşdırır. İstər yerli, istərsə də əcnəbi turistlər Naxçıvanı çox sevirlər. Bir turizmçi kimi onu mütləq qeyd etməliyəm ki, Naxçıvanla tanışlığın hələ hava gəmisinin pəncərələrindən açılan möhtəşəm mənzərədən başladığını dəfələrlə turistlərdən eşitməyin özü son dərəcə qürurvericidir. Səmadan baxdıqda gümüş kəmər kimi qıvrılan Araza doğru ətəklənən Naxçıvan dağları sanki əl-ələ tutmuş balaca uşaqlar kimi qonaqlarını qarşılamağa çıxır. Bu məziyyət müəllifin kamerasının məhsulu kimi kitabda xüsusi yer tutub. Naxçıvan müqəddəslər torpağıdır. Odur ki, hələ uzaqlarda müqəddəs Əshabi-Kəhf, Nuh Peyğəmbərin ayaq izləri haqqında eşidənlər “Naxçıvan: dörd fəsildə” kitabının səhifələri arasında sanki yeni dünyanın yeddi möcüzəsinə bir daha şahidlik, zamanın dərinliklərinə virtual səyahət edə biləcəklər. Naxçıvan təbiətinin toxunulmazlığı bu gün tamamilə ilkin görüntüsünü itirmiş “o biri dünya”nın sakinləri olan əcnəbi turistlərin ən çox heyranlıqla izlədiyi mənzərələrdəndir. Kitab təbiətlə mədəniyyətin uğurlu harmoniyasını, qorunan ekosistem və unikal biomüxtəlifliyin canlı nümunələrini əks etdirən çox sayda belə mənzərələrlə zəngindir. Qeyri-adi landşaftla bərabər, Naxçıvandakı sərt iqlimin rəng çalarlarını, fəsillərin xronologiyasının yaratdığı təbii simfoniyanı tam yerində tutmaqla, müəllif kitabda əsl festival havası yaratmağa nail olub. Bu baxımdan kreativ əməyin məhsulu kimi müəllifin fantaziyası da oxucunun gözündən qaçmır. “Naxçıvan: dörd fəsildə” kitabı olduqca informativ olub, əks etdirdiyi fotoların məzmununa görə hər biri bir esse mövzusu dəyərindədir. Kitab Naxçıvanın təbiəti, tarix və mədəniyyəti, onun yerləşdiyi coğrafi mövqe və turizm potensialının tədqiqi ilə məşğul olanlar üçün dəyərli mənbədir. Yeni nəşr muxtar respublikamızda turizmin inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində atılmış ciddi addım kimi də diqqəti cəlb edir. Çünki kitabda toplanmış fotoşəkillər turistlərin Naxçıvana səyahətlərinin əsas motivasiyaedici amillərindən biri olmaq gücündədir. Və nəhayət, bu kitab həm də bir vətənpərvərlik örnəyi kimi yurdumuzun gözəlliklərini sosial şəbəkələrdə paylaşmaq istəyən hər bir Azərbaycan vətəndaşı üçün faydalıdır.

Əli CABBAROV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31