SON DƏQİQƏ

naxcivanxeberleri.com

Texnoparklar innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında mühüm rol oynayır

Texnoparklar innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında mühüm rol oynayır
13-04-2021, 23:09

Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, sahibkarlar tərəfindən iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Bunlarla yanaşı, onu da qeyd etmək yerinə düşər ki, bazar iqtisadiyyatı şəraitində innovasiyayönümlü elmi laboratoriyaların və kiçik müəssisələrin (sahibkarların) formalaşması və inkişaf etməsi üçün texnoloji zonaların təşkili çox vacibdir.
Kiçik və orta biznesin inkişaf etdirilməsi dünyanın aparıcı ölkələrinin diqqət mərkəzindədir. Ali təhsil müəssisələrinin elmi potensialı ilə innovasiya təyinatlı kiçik və orta biznesin imkanlarının inteqrasiya olunmasının və elmi nəticələrin kapitallaşdırılmasının ən səmərəli üsullarından biri innovasiya təyinatlı texnoloji mərkəzlərin, texnologiyaları transfer mərkəzlərinin, texnoparkların yaradılmasıdır.
Dünya təcrübəsinin təhlili göstərir ki, texnoparkların yaradılmasında şərti olaraq üç model əsas götürülür: Amerika, Avropa və Asiya modelləri. Amerika modelinin ən tipik nümunəsi dünyada ilk texnopark – Stenford Universitetində yaradılmış “Silikon vadisi”dir. Stenford texnoparkı böyüklüyünə görə bu gün də liderdir.

Azərbaycanda ali təhsil müəssisələrində texnoparkların yaradılması yeni təcrübədir. Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris, məsləhət, informasiya mərkəzləri, marketinq, sənaye, maliyyə-sığorta, mühasibat-audit, strateji tədqiqat mərkəzləri daxildir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında texnoparkların böyük rolu vardır. Məsələn, ABŞ, Hindistan, Çin və digər ölkələr informasiya- kommunikasiya texnologiyaları (İKT) sahəsində dünya səviyyəsində qabaqcıl olmalarına görə məhz texnoparklara minnətdardırlar.
Müasir dövrdə informasiya cəmiyyətinin biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında texnoloji biliklərin mərkəzinə çevrilən universitetlər mühüm rol oynadığından ali məktəb-texnopark vəhdətinin yaradılması da son illər geniş inkişaf tapmışdır. Belə texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan müəssisələrin yaranmasına və onların inkişafına təşəbbüs göstərmək məqsədilə qurulur. Universitet texnoparkda fəaliyyət göstərən müəssisələrə innovativ elmi nəticələrin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir.
Dünya standartlarına əsasən texnoparkların əsas hədəfləri universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək daha səmərəli nəticələr əldə etmək, sənayenin rəqabət gücünü artırmaq, yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı sürətləndirməkdir.
Bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış əhəmiyyətli addımdır. Bu istiqamətdə fəaliyyətin əyani nümunəsi Sumqayıt texnoparkıdır.

Bundan başqa, “Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir.
Beləliklə, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq onların tətbiq olunması və inkişaf etdirilməsinədək hərtərəfli şəraitin olduğu innovativ fəaliyyətləri təmin edən məkandır. Başqa sözlə, texnoparklar insan kapitalını sürətlə inkişaf etdirən, yüksək texnologiyalar istehsal edən qurumlardır. Belə qurumlar universitetlərin tərkibində olduqda daha aktiv fəaliyyət göstərə bilir.
Yüksək texnologiyaların inkişafı ilə bağlı dünya təcrübəsi göstərir ki, texnoparkın səmərəli fəaliyyəti onu elm, sənaye və ali təhsil müəssisələrinin kompakt yerləşdiyi yaşayış məntəqələrində – texnopolislərdə təşkil etmək məqsədəuyğundur.
Universitetlərin professor-müəllim, alim, tələbə və elmi-texniki heyəti kifayət qədər elmi nəticələrə, ixtira və patentlərə malikdir, aktiv elmi-texniki innovasiya fəaliyyəti həyata keçirirlər. Universitetlər elmi- texniki və innovasiya fəaliyyətində geniş beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələrdə iştirak etmək təcrübəsinə malikdirlər. Universitetlər kiçik və orta sənaye müəssisələri ilə birgə geniş elmi-texniki və innovasiya fəaliyyəti ilə məşğul olurlar.
Ümummilli lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci il 12 iyun tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilmişdir. Ulu öndər müxtəlif vaxtlarda (1974, 1992 və 1999-cu illərdə) 4 dəfə Naxçıvan Dövlət Universitetində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının və Konservatoriyasının açılışında iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov universitetin inkişafına daim böyük qayğı göstərir.
Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti uğurlu tarixi inkişaf yolu keçib. Universitetdə bu gün 454 nəfərlik professor-müəllim heyəti ilə kadr hazırlığı aparılan 63 bakalavriat, 76 magistratura, 60 doktorantura ixtisasları, demək olar ki, Beynəlxalq Elmi Parklar Assosiasiyasının müəyyənləşdirdiyi ixtisaslaşma sahələrini əhatə etməkdədir. Bu ali təhsil ocağında dissertasiya şurasının, həmçinin birləşmiş dissertasiya şurasının fəaliyyət göstərməsi də fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə tədqiqatçı alimlərin yetişməsində əhəmiyyətli rol oynayır. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb.
Tədris prosesini Avropa standartları və Azərbaycan təhsil qanunvericiliyinə uyğun quran universitetdə 2015-2016-cı tədris ili daha yaddaqalan olmuşdur. Cənubi Koreyanın KOICA təşkilatı ilə birlikdə Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin açılış mərasiminin keçirilməsi və Elektron Universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşmüşdür. Elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və digər təhsilin idarə edilməsi modellərini özündə birləşdirən Elektron Universitet, nəinki təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda elektron imtahanları da əhatə edir.
Naxçıvan Dövlət Universitetinin kitabxanası ölkədə ayrıca korpusda yerləşən yeganə ali məktəb kitabxanasıdır. 100 minə yaxın kitabxana fondu olan kitabxanada “PROLİB” avtomatlaşdırılmış kitabxana-informasiya idarəetmə sistemi vasitəsilə bu günədək 30000 adda 5000 sayda kitabın elektron kataloqu yazılmış, tam mətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı isə Naxçıvan Dövlət Universitetində peşəkar mütəxəssis hazırlığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına xidmət edir.

Muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi-tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi ali təhsil müəssisələrində müasir komplekslərin yaradılmasını zərurətə çevirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında 2020-ci il 14 dekabr tarixli Sərəncamı yeni elmtutumlu texnologiyaların işlənməsi və tətbiqi, qlobal bazara çıxarılması, layihələrin inteqrasiyası nano üzrə ixtisaslaşdırılmış kadrların hazırlanması sahəsində böyük töhfələr verəcəkdir.

Hüseyn Əsgərli
Naxçıvan Dövlət Universitetinin İnformasiya-Kommunikasiya
Texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930