SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən il Babək rayonunda 40 istehsal və xidmət sahəsi yaradılıb

Ötən il Babək rayonunda 40 istehsal və xidmət sahəsi yaradılıb
14-03-2021, 11:00

Muxtar respublikamız müstəqillik illərində sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Bu illər ərzində iqtisadiyyatın əsasını təşkil edən sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb və bunun nəticəsidir ki, indi təkcə Naxçıvan şəhərində yox, qədim diyarın bütün rayonlarında emal və sənaye sahələri fəaliyyət göstərir. İri yaşayış məntəqələrindən olan Babək rayonundakı emal və istehsal sahələri də muxtar respublikanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. 2020-ci ildə rayonda dövlət maliyyə dəstəyi hesabına 36, özəl investisiya qoyuluşu hesabına 4 olmaqla, ümumilikdə 40 istehsal və xidmət sahəsi yaradılıb. Yeni yaradılmış müəssisələr əsasən plastik səbət, meyvə arağı istehsalı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, avadanlıq, tara və etiketlərin alınması, pendir istehsalı sahələrini, eyni zamanda qarğıdalı və bostan bitkilərinin əkini, soyuducu anbar, istixana, heyvandarlıq, arıçılıq və bağçılıq təsərrüfatlarını əhatə edir. Ümumilikdə, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Babək rayonu üzrə 32 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 550 min manat maliyyə dəstəyi göstərilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 63 yeni iş yerləri açılıb. Hər il ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla keçirdiyi görüşlər, verilən tövsiyə və tapşırıqlar yeni istehsal sahələrinin və sahibkarlıq subyektlərinin yaradılmasına stimul verir. Bu il fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Babək rayonundan olan 2 sahibkara heyvandarlıq təsərrüfatının yaradılması və arıçılıq təsərrüfatının genişləndirilməsi məqsədilə güzəştli kreditlər verilib. Qeyd edək ki, ötən il rayonda sənaye məhsullarının istehsalı 1,3, kənd təsərrüfatı məhsullarının istehsalı isə 4,8 faiz artıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031