SON DƏQİQƏ

naxcivanxeberleri.com

TÜRK ƏXLAQININ TƏNTƏNƏSİ: NİZAMİNİN QADINI

TÜRK ƏXLAQININ TƏNTƏNƏSİ: NİZAMİNİN QADINI
8-03-2021, 15:00

Böyük Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) Şərq ədəbiyyatında böyük söz tacidarları tərəfindən “sözün Allahı” deyə adlandırılmışdır. Çünki özünə qədər və hətta özündən sonra belə Nizami hər sözü birinci deyən və ən gözəl ifadə edən sənətkar idi. Təsadüfi deyildi ki, şair özü də bunu öz beyti ilə belə təsdiq və iqrar edirdi:

 

Nizami hər sözü demiş birinci,

Dünyada qoymamış qalsın bir inci...

 

Nizami böyük ədəbiyyatda öz böyüklərinin arzuladıqlarını gerçəkləşdirmişdi desək yanılmarıq. Nizaminin sözlərində Məhsəti incəliyi, Xaqani üsyankarlığı, Qətran elmiliyi, Əcəmi novatorluğu var idi. Və Nizami sözün Nizami hünərini ortaya çıxarmaqla böyük bir ənənə formalaşdırmağa nail olmuşdu. Onun ədəbiyyata gətirdiyi neçə-neçə yenilikçi ənənələr sırasında ilk diqqəti cəlb edən və böyük hünər hesab edilən qadın-xatun obrazları idi. Atabəy Eldənizin, Cahan Pəhləvanın hökmdar kimi ana-qadına ehtiramı Memar Əcəminin nadir sənətkar məharəti və istedadının qüdrətli ilə Mömünə xatun məqbərəsinin timsalında bir sənət incisi olaraq reallır tapmışdı. Məhsəti Gəncəvinin isə özünəqədərki türk-azərbaycanlı anaları ilə birgə böyük hünər və istedad nümayiş etdirərək qadınlıq məharətini ortaya qoyması, böyük sənətkar və söz ustadı olaraq şeirlərinin dillər əzbərinə çevrilməsi qadının cəmiyyətdə yerinə real yanaşmaları zərurətə çevirirdi.  Elə bu ənənə və müşahidələrin üzərində Nizaminin nadir qələmi ilə böyük sənətdə, söz meydanında Sultan Səncər kimi Süleyman taxtının sahibinə etiraz və üsyan edən, böyük ədəb, mərifət və ədalətlə taxt sahibi olan Şirin, Məhin banu, Nüşabə kimi hökmdar qadınlar, Fitnə kimi nəsihət etməyə qabil qadın obrazları görünməyə, möhkəm-möhkəm yer tutmağa başladı. Nizami Gəncəvinin böyük ustalıqla yaratdığı qadın obrazları və xarakterləri o zamankı ədəbi inkişafda intibah hadisəsi, yenilik, birincilik və hünər idi. Amma bir az əvvəl qeyd etdiyimiz şərtlərdən, təməllərdən başqa bir də “Kitabi-Dədə Qorqud” ənənəsi də təsirsiz deyildi. “Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz qadınlar türk elində ana-qadının möhkəm yerini, sarsılmaz mövqeyini, analıq haqqını təzahür etdirirdi. Bu dastanda, bir xalqın, millətin söz abidəsində Ana haqqına Tanrı haqqı kimi baxılır, “Sərvi boylum, Evim dirəyi” kimi müraciətlərlə çağrılır, elin və evin böyüyü, dirəyi kimi hörmət, ehtiram və sevgi bəslənilirdi. Söz yox, Nizami Gəncəvi artıq alimlərin qətiyyətlə dediyi kimi, türk düşüncəli, türk əxlaqlı, türk mənəviyyatlı bir sənətkar idi və belə qadın obrazlarını mükəmməl planda ədəbiyyata gətirməyə də heç bir çətinlik çəkmədi. Bizə elə gəlir ki, “Gutadqu bilik”də olan kimi Nizami əsərlərində, xüsusilə “Xosrov və Şirin”də, “Yeddi gözəl”də”, “İsgəndərnamə”də ənənə və törələrə sədaqət hissi özünü göstərməkdədir. Müəyyən məsələlərdə yenilikçi olan, xalq demokratiyası ilə çıxış edən Nizami mənsub olduğu türk elinin mütərəqqi ənənələri və törələrinə də sadaqət göstərirdi. Yaşadığı adi həyatda gördüyü həqiqətlərdən, mövcud stereotiplərdən çıxış edərək ədəbiyyata gətirdiyi qadın obrazları Nizaminin türk hünərli, türk düşüncəli sənətinin təntənəsi idi. Bu ənənə özündən sonra bütün Şərq və dünya ədəbiyyatına yeni istiqamət bəxş etdi. Nizaminin əsərlərində öyə-öyə, öyünə-öyünə bəhs etdiyi anası Rəisə xanıma (sənətkar özü onu “igid Rəisə” deyə xatırlayır – R.Q.), eləcə də Dərbənd hökmdarının ona göndərdiyi Afaq xanımı ömür-gün yoldaşı kimi qəbul edərək göstərdiyi münasibət də, ona Məhəmməd adlı oğul övladı bəxş edən həmin qadın haqqında nümayiş etdirdiyi böyük ehtiram və məhəbbət də şairin qadına olan yüksək münasibətinin səbəblərini, böyük şairin yaradıcılığında yer alan qadın obrazlarının genezisini aydınlığı ilə ehtiva edir. Nizami onu dünyaya gətirən anası Rəisə ilə fəxr etdiyi kimi, ona yeni dünya bəxş edən həyat yoldaşı Afaqdan da məhəbbət dolu razılıqla bəhs açır və onun vəfatına dərindən kədərlənir. Təsadüfi deyildi ki, Nizami bu kədəri məhz əzəmətli sevgi əhvalatı ilə dillər dastanına çevrilən, özünü sevgisinə fəda edən Şirinin ölməz məhəbbətindən bəhs edən “Xosrov və Şirin” əsərində dilə gətirir. Türk qızı və şahzadəsi Şirindən öyünə-öyünə bəhs etdiyi kimi, “türküm” deyə bəhs etdiyi Afaqını da öyür, ona məhəbbət dolu öygü və təriflər deyir.

Nizami Gəncəvinin qadın surətlərində bir analıq əzəməti, qadınlıq mərhəməti, insanlıq sevgisi təzahür edir. Böyük sənətkarın məşhur “Sirlər xəzinəsi” adlanan mənəviyyat kitabında “Sultan Səncər və Qarı” hekayətində qadın bütün elin, xalqın sözünü öz üsyankar səsi və cəsarətilə Sultan Səncər kimi taxt sahibinin üzünə çırpır. Onun əzazil və zalım məmurların özbaşınalıq və davranışlarından bezikərək üsyan qaldırması əslində bir xalqın hünər və səsinin ifadəsi idi. Bu ənənəyə biz “Dədə Qorqud kitabı”mızda da rast gəlirik. Belə ki, “Dədə Qorqud kitabı”mızdakı məşhur, unudulmaz obrazlardan olan, əli-qolu bağlanmış halda sarındığı ağacı kökündən çıxaran Qaraca Çoban öz gücü və qüdrətilə bütün xalqın düşüncəsində qəraralaşan əsl insan-kişi-qəhrəman haqqındakı keyfiyyətləri özündə ümumiləşdirən bir obraz idi. O, bir tərəfdən xalqın bir nümayəndəsi, digər bir tərəfdən də xalqın siması idi. Qaraca Çoban sadə və sədaqətli, güclü və qüvvətli idi. Bu qüvvət əslində xalqın ümumi güc və qüvvəsinin idealizə və simvolizəsi kimi diqqəti cəlb edir. Bu mənada Sultan Səncər kimi bir hökmdarın qarşısına dikilməyi bacaran və ona ədaləti pozduğuna, ədalətli qərarlar vermədiyi və doğru hökmdarlıq etmədiyinə görə ittihamlar səsləndirən Qarı da məhz xalqının qüvvəsini öz arxasına almışdı. Nizami də sanki bu hünərli Qadının səsinə arxalanaraq tək bir xaqana, hökmdara deyil, bütün hökmdarlara və xaqanlığa öz sözünü deyirdi. Ədaləti pozanları, xalqı incidənləri, zülmə güc verənləri ittiham, mühakimə edirdi:

 

Zülm edib bir qarıya çox uddurmuşdular qan, 
O da Sultan Səncərin tutaraq yaxasından 
Dedi ki: − Səndə insaf az görmüşəm, qulaq as! 
Səndən gördüyüm zülüm əsla hesaba sığmaz.

Vilayəti soyarkən padşahın adamları, 
Cinayətkar olarmı bunda məgər bir qarı? 
Bu zülmə əl atarkən darğa xalq görə-görə 
Mənim ismətim, sənin ədlin salınmış yerə. 
Bu yaralı sinəmdən bir də axıtdılar qan, 
Özümü itirmişəm, qalmamışdır məndə can. 
Ey şah! Dada çatmasan, olurkən qəlbim kabab, 
Qiyamətin günündə çəkilər səndən hesab. 
Ah, səndə nə ədalət, nə mərhəmət görürəm, 
Mən səndə sonsuz zülüm və əziyyət görürəm. 
Rəiyyətə hər zaman kömək etməli padşah, 
Səndən xarlıqdır gələn bizə, ol bundan agah. 
Bir hünər deyil almaq yetimlərin malını, 
Buna mərdlik deməzlər, düşün işin dalını.

 

Qarının hayqırtısında bir ədalət tələbi təcəssüm tapırdı. Ədalət isə Nizami yaradıcılığının başlıca qayəsini, məğzini, nüvəsini təşkil edirdi. Hətta bir çox hallarda Nizami yaradıcılığını təhlil edən alimlər onun idealı və ideyasının “ədalətli hökmdar” olduğunu yazır, “ədalətli cəmiyyət” arzuladığını qeyd edirdilər.

Nizaminin qiymətli söz xəzinəsində, “Xəmsə” adlanan beş poemadan ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) nadir poetik irsində  diqqət mərkəzinə gələn və yaddaqalan qadın obrazları arasında Şirin, Məhinbanu, Nüşabə və Fitnənin çox əlamətdar, özünəməxsus yeri var. Bir az əvvəl qeyd etdiyimiz kimi, Nizami qadın surətləri yaradarkən hər bir təbəqə və ictimai mövqeyə diqqət ayırmışdı. Yaratdığı Şirin və Nüşabə obrazları bir hökmdar qadın obrazları kimi çox təqdirəlayiq və əhəmiyyətl daşıyırdı. Bu qadınların bədii əsərdə başqa digər xidmətlərilə bərabər başlıca birləşdirici bir xüsusiyyətləri də var ki, onlar tərbiyə edəndirlər. Qarı Sultan Səncərə öyüd verdiyi kimi, Şirin sevgilisi Xosrovu tərbiyə etməklə naqis xüsusiyyətlərdən təmizləməyə və kamilləşdirməyə nail olur. Nüşabə isə dünya fatehi İsgəndərə hökmdarlıq dərsi keçərək onu dünyagirlikdən qurtulmağa dəvət edir. Fitnə təbəqə etibarilə yaxın olduğu Qarı obrazı kimi özündən razı Bəhram şaha ədalətli olmağı tövsiyəsi edir və ona verdiyi dərslə hökmdarı utandırır və pis əməlindən peşman etdirir. Nizaminin böyük məhəbbətlə təsvir etdiyi bu qadınların hər biri ağıllı və hünərlidirlər. Onlar zərif qadınlıq xarakterlərinə nəcib insani keyfiyyətlər sığışdıraraq hünər və qeyrət təcəssüm etdirirlər.

Böyük Nizaminin məşhur “İsgəndərnamə” poemasında təsvir etdiyi Nüşabə obrazı Bərdə hökmdarıdır. Onun ədalətli idarəçiliyi dillərə əzbərdir. Hətta bu ədalətin bərəkətindən məhsullar bol, nemətlər bəhrəli olur. Bu ölkədə yetişdirilən hər buğda min buğda yetirir. Nüşabənin açıq ürəyi, müdrikanə fikirləri, alim kimi bilicilik keyfiyyətləri var. Hətta onu sorub-soruşduran İsgəndərə Nüşabə haqqında belə deyirlər:

 

Qadındır, erkəkdən ürəkli, qoçaq,

Dəniz incisindən təmiz və parlaq.

Tayı yox şüurda, adda və sanda,

Rəiyyət becərir çətin zamanda.

Mərdlikdə belinə bağlamış kəmər…

 

Nizami Nüşabəni təkcə hökmdar olaraq dişi aslan kimi hünərli, qoçaq, eləcə də ağıllı, bilici göstərmir, eyni zamanda onu qadın kimi nəcib, utancaq, abırlı bir xatun kimi də təqdim edir:

 

Endirdi həyadan göz qapağını,

Utandı, tər yudu al yanağını…

 

Bütün bunlarla birgə Nüşabə özünü bir obraz olaraq belə tamamlayır:

 

Erkək tinətliyəm olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

 

Hamının dünya fatehi İsgəndərdən qorxub ondan tük tökdükləri bir vaxtda Azərbaycanın hökmdar xanımı kimi Nüşabə ona elə bir dərs verir ki, bu dərs İsgəndəri heyrətdə qoyur. Əsərdə həm də bir filosof kimi obrazı canlandırılan İsgəndərə Şərqin bu böyük qadını alimlik və müdriklik dərsi də verir. İsgəndərin qarşısına yemək əvəzinə daş-qoyan, onun elçi geyimində hökmdar olduğunu müəyyənləşdirən Nüşabə İsgəndərin və əlbəttə, oxucunun gözündə ucalaraq zirvəyə çatır, ağıl, mənəviyyat və ədəb savaşının qalibi olaraq böyük rəğbət qazanır.

Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində İsgəndərə qıpçaq ağsaqqallarının verdiyi müdriklik dərsini də qadına münasibətdə yada salmaq yerinə düşər. Əslində bu da maraqlıdır ki, Nizaminin türklərin  sərhədləri daxilində təsvir etdiyi məkanlarda qadınların həyat tərzi, yaşayış qaydaları öz demokratizmi ilə fərqlənir. Qadınların sərbəst davranışı, cəmiyyətdə mühüm mövqeyi, nüfuz və hörmətləri nəzər diqqəti cəlb edir. Elə qıpçaq çöllərində İsgəndərin türk qadınlarının sərbəstliyini görməsi də demokratik düşüncəli türk cəmiyyətində qadının yerini daha dəqiqliklə göstərir. Bunun özü də Nizami sənətində azad qadın obrazlarının yaranma səbəbini və mənşəyini ortaya çıxara bilir. Əslində qıpçaq ağsaqqallarının İsgəndərə verdiyi bu müdrik cavab da türk əxlaqının təntənəsi olaraq səslənir:

 

Üz örtmək ayini qoy olsun sənin,

Bizə də göz örtmək olmuşdur ayin.

Baxmamaq gərəkdir naməhrəm üzə,

Nə suçu var üzün, cəza ver gözə.

…Örtü salmaqdansa xalqın üzünə,

Özün bir örtü çək baxan gözünə.

 

Bəli, Nzami əsərlərini varaqladıqca, onun yaratdığı möhtəşəm qadın obrazlarının müasirliyinə heyrət etməyə bilmirsən. Nizami qadın haqqında o düşüncələri qələmə almışdı ki, bugünkü dünyamızın qadın haqda arzuladığı ən ideal düşüncələridir. Əlbəttə ki, qadın haqqında müqəddəs düşüncələrdən yaranan bu unudulmz obrazlar bütövlükdə Şərq və dünya ədəbiyyatına yeni ənənələr gətirdi. Qadını sevgi və ehtiramın ən uca zirvəsinə qaldıran Nizami ona bütün qadın ülviyyəti və zərafəti ilə uca bir taxt qurdu: könül taxtı. Nizami qadın obrazlarının vasitəsilə ictimai düşüncə və həyata eşq donunda bir isti həyat, müqəddəs ailə və yaşam dəyərləri, ən əsası ədalət, mərhəmət və nəcabət gətirdi.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930