SON DƏQİQƏ

naxcivanxeberleri.com

Doğma yurdum Naxçıvanım

Doğma yurdum Naxçıvanım
8-03-2021, 09:00

Naxçıvan Azərbaycanın tarixi hissəsi olmaqla yanaşı, həm də “Şərqin qapısı” kimi tanınır. Yarandığı gündən tarixdə dərin izlər qoymuş, dünyaya Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Bəhruz Kəngərli, ulu öndər Heydər Əliyev kimi şəxsiyyətlər bəxş etmişdir. Onlar doğma yurdumuzun yetirmələri olaraq Naxçıvanımızı layiqli şəkildə dünyaya tanıtmışlar. Mən çox şadam, çox xoşbəxtəm ki, bu dahi şəxsiyyətlərin dünyaya göz açdığı torpaqda doğulub boya-başa çatmışam. Mən səninlə necə qürur duymayım, ana torpağım! Mən Naxçıvan deyəndə, tarixin ilk səhifələrində özünə tufanların, dağların arasından yol açan Nuhun gəmisini görürəm. Mən Naxçıvan deyəndə, uzaq Sibirdən uzun bir yol gələn Cavidin addım səslərini eşidirəm. Mən Naxçıvan deyəndə, “Anamın kitabı”ndan fərəhlə bu günlərə boylanan Mirzə Cəlili görürəm. Mən Naxçıvan deyəndə, Məmməd Arazın ölməz misralarını dinləyirəm. Dünya tarixində, bəşər sivilizasiyasında bizim yaşadığımız mədəniyyətin başladığı yerdir Naxçıvan. Və bunun sübuta ehtiyacı yoxdur. Çünki bu həqiqətin ünvanı “Qurani-Kərim”dir. Burada sübut olunur ki, müqəddəs kitabımızdakı “Əshabi- Kəhf” Naxçıvandakı “Əshabi- Kəhf”dir. Naxçıvanın tarixi yalnız Azərbaycanın, Türk dünyasının deyil, bütövlükdə, dünyanın tarixinə işıq salır. Yunan coğrafiyaşünası Ptolomey Naxçıvanın adını dünyanın yeddi möhtəşəm şəhərləri sırasına daxil etmişdir. Naxçıvanın qədim tikililərinə ötəri nəzər yetirmək kifayətdir ki, onun nə qədər əzəmətli keçmişi olduğuna inanasan. Dünyada çox az sayda belə şəhərlər var ki, müxtəlif dövrlərin tikinti mədəniyyətini eyni məkanda ardıcıllıqla qoruyub saxlamışdır. Bu, Naxçıvanımıza özünəməxsusluq bəxş edir. Həm incəsənətin, həm də ədəbiyyatın bütün sahələrində Naxçıvan dünya mədəniyyətinə öz töhfələrini vermişdir. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri, dünya memarlığına öz təsirini göstərən Naxçıvan memarlıq məktəbini yaratmış Əbubəkr Əcəmi Naxçıvaninin memarlıq məktəbi burada yaranıb. Nəsiminin müəllimi, dünyanı maarifə səsləyən Nəiminin yaradıcılığı da bizim Naxçıvanımızla bağlıdır. Nəiminin türbəsi Naxçıvandadır. Dünyada astronomiyanın inkişafına təkan verən Nəsrəddin Tusinin genetik kökləri Naxçıvanla bağlıdır. Dünya siyasətində özünəməxsus yeri olan, dünyanın azərbaycanlı dahisi Heydər Əliyev Naxçıvan torpağının yetirməsidir. Sonsuzluğa qədər uzana biləcək siyahı onu sübut edir ki, Naxçıvan dünya mədəniyyətinə öz töhfəsini verməkdə hələ min illər boyu davam edəcək. Bizim borcumuzdur ki, öz sələflərimizdən nümunə götürüb, yurdumuzu dünyada tanıdaq. Bu, mənim uşaqlıqdan arzum olub. Mən orta məktəbdə oxuduğum illərdən buna çalışmışam. Yaxşı oxuyum, ən yüksək balları toplayım, elmli, bilikli bir insan olum. Vətənimə, yurduma layiqli, yararlı bir insan olum. Orta məktəbdə oxuduğum illərdə fənn olimpiadalarında iştirak etmiş və üç il ardıcıl olaraq Azərbaycan dili və ədəbiyyatdan Azərbaycan üzrə I yeri tutmuşam. O zaman sevincimin həddi- hüdudu olmurdu. Çünki mən Naxçıvanımı təmsil edirdim. Həmişə arzulayırdım ki, gələcəkdə müəllim olum. Şagirdlərimə, vətənimizə, yurdumuza sevgi aşılayım. Onları elmin dərinliklərinə yiyələnməyi üçün əlimdən gələni edim. Bu gün mən çox xoşbəxtəm. Çünki arzuma çatmışam. Şagirdlərimi sevirəm. Onların ürəklərinin dərinliyində coşubçağlayan vətən, yurd sevgisini görmək məni çox fərəhləndirir. Şagirdlərim, yetirmələrim imtahanlarda yüksək ballar toplayır, Azərbaycan və xarici universitetlərdə təhsil almaq hüququ qazanır. Mən onlara inanıram. İnanıram ki, bu gənclərimiz gələcəyin dahiləri olacaq, Naxçıvanımızın dünyada tanınması onlarla davam edəcək. Və mən sonda bildirmək istəyirəm ki, Naxçıvanım, sən dünya üfüqlərində məğrur bir qartal kimi qanad çalırsan! Sən daha yüksəklərə ucalacaqsan! Mən buna əminəm!

Elminə Məmmədova

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930