SON DƏQİQƏ

naxcivanxeberleri.com

Arıçıların yaz qayğıları

Arıçıların yaz qayğıları
7-03-2021, 22:00

Arıçılıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Ona görə də arıçılığın inkişafına diqqətin artırılması dövlətimiz tərəfindən mühüm məsələ olaraq qarşıya qoyulmuşdur. Arı ailələrinin sağlamlığının qorunması və məhsuldarlığının artırılması ilin müxtəlif fəsillərində onlara göstərilən qulluq şəraitindən çox asılıdır. Belə ki, yaz fəslində arılar qışlamanı keçirdikdən sonra ilk yaz uçuşu zamanı müşahidə edilən çatışmaz lıqları aradan qaldırmaq və əsas yaz yoxlanışı keçirmək lazımdır. Bu zaman yuvada sanitar-profilaktik işlərin görülməsi, ananın intensiv yumurta qoyması üçün yuvaya yaxşı hörülmüş şanın qoyulması, kifayət qədər keyfiyyətli bal və güləm ilə təmin edilməsi, yuvanın üstdən və yandan istiləşdirilməsi məqsədəuyğundur. Arıçılıqla ilk məşğul olanlar bilməlidirlər ki, pətəyi tez-tez açıb-bağlamaq ziyandır. Çünki bu zaman arılar instinktiv yerinə yetiriləcək işlərdən kənarlaşmış olur və onlar narahat olurlar. Buna görə də arı xana işlərinə başlamazdan əvvəl arıxana jurnalındakı qeydiyyatlar nəzərdən keçirilməli, əməliyyatların ardıcıllığı və sahmanlama işlərinin tez görülməsi nəzərə alınmalıdır. Qışlamadan yenicə çıxmış arı ailələri olan yuvanı havanın temperaturu +12 dərəcədən +14 dərəcəyə qədər olduqda günəşli və sakit havada qısa müddətə açmaq və çatışmazlıqları aradan qaldırmaq lazımdır. Bu müddətdə arılar təmizləyici uçuş keçirir, pətəyin içərisi ölmüş arılardan və zibildən təmizlənir. Əsas yaz yoxlama işlərini ən çoxu 10 dəqiqəyə, sonrakı işləri isə 3-5 dəqiqəyə tamamlamaq məsləhət görülür. Arı ailəsinə baxışın uzun çəkməsi sürfənin soyuqlamasına və nəticədə, ailənin zəifləməsinə və arı oğurluğuna səbəb ola bilər. Əsas yaz yoxlanışından sonra arı ailələri inkişaf edir və 20-30 günə qədər arıçı köməyinə ehtiyac qalmır. Lakin erkən yazda saxlayıcı gəlir olmadıqda arı ailəsinə sürfənin inkişafını təmin edən və müalicə-profilaktik məqsədlə müalicəvi yem vermək lazımdır. Müəyyən vaxt keçdikdən sonra arı ailəsində müxtəlif yaşda olan sürfələr əmələ gəlir, ailə keyfiyyətcə yeniləşir, yaşlı, qoca arılar tədricən tələf olur, cavanlar isə onları əvəz edir. Ailənin cavanlaşması may ayında başa çatır. Bundan sonra sağlam ailə sürətlə inkişaf edir və vaxtaşırı yuvanın genişləndirilməsi (10-12 gündən bir) lazım gəlir. Əgər arıçı vaxtında tədbir görməzsə, qüvvəli ailələr beçə verər. Yazda arı ailəsinin sürətli inkişafı ilə əlaqədar onları kifayət qədər yemlə təmin etmək lazımdır. Ailədə gündə nə qədər bal sərf edilməsi ailənin gücündən və ailədə yetişdirilən sürfənin miqdarından asılıdır. Gündəlik sərf edilən balın miqdarı gəlir olmayan vaxt nəzarət pətəyinin hər gün tərəzidə çəkilməsi ilə müəyyən edilə bilər. Gün ərzində çəkinin nə qədər azalması bal və güləmin miqdarını göstərir. Yazda 6-8 çərçivə aralığı arısı olan ailə gündə, təxminən, 300-400 qram bal və güləm sərf edir. Yayda arılar gəlir gətirdiyinə görə sərf edilən yemin bir hissəsi bərpa olu nur. Yığcam və yaxşı istiliyi olan pətəkdə arılar nisbətən az yem sərf edirlər. Yazda havalar isindikcə ana gündən-günə daha çox yumurta qoyur, cavan arıların sayı artır və getdikcə daha çox sahəni tutur. Cavan arıların yetişməsi ilə əlaqədar arıların sayı artır, yuvada darısqallıq əmələ gəlir. Ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların verilməsi yolu ilə yuvanı genişləndirmək lazımdır. Adətən, yuvanın genişləndirilməsi birinci yoxlamadan 3-4 həftə sonra lazım gəlir. Arıları bal yığımına payızdan hazırlamaq lazımdır. Çünki payızda yaxşı hazırlanmış və qışdan salamat çıxmış qüvvəli ailələr yazda sürətlə çoxalıb bal yığımı dövründə səmərəli işləyirlər. Bu məqsədlə yazda bütün işləri ailənin güclənməsinə, şan hörülməsinə, beçə alınmasına və təbii beçəverməyə qarşı mübarizəyə yönəltmək lazımdır. Arı ailələrinin əsas bal yığımı dövrünədək gücləndirilməsi və imkandan səmərəli istifadə edilməsi üçün yerin şəraitini – əsas gəlirin hansı bitkidən başlanıb nə qədər davam edəcəyini bilmək lazımdır.

Flora SƏFƏROVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930