SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda təhsil müəssisələrinin idman klublarına yeni idman avadanlıqları verildi-FOTO

Naxçıvanda təhsil müəssisələrinin idman klublarına yeni idman avadanlıqları verildi-FOTO
4-03-2021, 18:27

Muxtar respublikada şagirdlərin yaxşı təhsil almaları ilə yanaşı, onların fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili hər zaman diqqət mərkəzində olmuşdur. Bu işlərin davamı olaraq təhsil müəssisələrində yaradılan idman klublarına yeni idman avadanlıqları alınmışdır. Martın 4-də idman avadanlıqlarının təqdimatı keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı yönündə görülən işlərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə, gələcəyimiz olan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Rəhman Məmmədov bildirmişdir ki, təhsilin inkişafı üçün hər cür şərait yaradılmış, məktəblərin infrastrukturu yenilənmiş, ötən müddət ərzində ümumtəhsil məktəblərində        33 futbol, 16 mini futbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları şagird və müəllimlərin ixtiyarına verilmişdir.

Qeyd edilmişdir ki, idmanın müxtəlif növlərinin inkişafı, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Nazir qeyd etmişdir ki, Proqramın icrası məqsədilə ötən müddət ərzində Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 12 idman növü - atletika, voleybol, basketbol, futbol, sərbəst güləş, boks, karate-do, stolüstü tennis, cüdo, mini futbol, ağır atletika və gimnastika idman növü üzrə kadr potensialı və mövcud şərait nəzərə alınmaqla ümumilikdə 185 idman klubu yaradılmışdır. Bu gün isə həmin idman klubları Ali Məclis Sədrinin tapşırığı ilə idman avadanlıqları ilə təchiz olunur.

Rəhman Məmmədov yeni alınan avadanlıqların idman klublarının fəaliyyətini daha da yaxşılaşdıracağını bildirmiş, yeni alınan avadanlıqlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Təhsil naziri muxtar respublikada təhsilin inkişafına və şagirdlərin sağlamlıqlarının qorunmasına hər zaman qayğı və diqqətlə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün təhsil işçiləri adından dərin minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən bir sahə olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində istifadəyə verilən müasir idman komplekslərinin sayına 2020-ci ildə daha bir İdman Kompleksi əlavə olunmuş, Uzunoba gölünün ətrafında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Təlim-məşq Kompleksi salınmış və hal-hazırda tikintisi davam etdirilir.

Gənclər və İdman naziri bildirmişdir ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilmiş, Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birgə idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi və kütləviliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.  

Sonra alınmış idman avadanlıqlarına baxış olmuşdur. Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinə - Güləş idman klubu üçün 140 ədəd güləş, 40 ədəd tatami döşəyi, Stolüstü tennis idman klubu üçün 14 ədəd tennis stolu, 14 ədəd tennis toru, 15 cüt raketka və tennis şarları, Atletika idman klubu üçün 10 dəst atletika səddi, 14 dəst yadro və 26 ədəd start qəlibləri, Gimnastika idman klubu üçün 108 ədəd gimnastika döşəyi, müxtəlif ölçüdə 15 ədəd fitnes topu, 20 ədəd gimnastika ipi və 10 ədəd gimnastika lenti, Futbol idman klubu üçün 6 dəst qapı toru və 30 top, Voleybol idman klubu üçün 3 tor və 45 top, Basketbol idman klubu üçün 20 top, Karate-do idman klubu üçün 60 ədəd tatami döşəyi, 7 cüt idman pəncəsi, Boks idman klubu üçün 20 cüt boks əlcəyi və 10 ədəd pəncə, Ağır Atletika idman klubu üçün isə 3 dəst güc trenajoru, 4 ədəd trenajor aləti, 8 ədəd qrif, 1 ədəd velosiped, 1 ədəd xizək, 5 dəst ştanqa üçün plastik çəki diski alınmışdır.

Tədbirin sonunda alınan idman avadanlıqları təhsil müəssisələrinin idman klublarına verilmişdir.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930